AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Xəbər verildiyi kimi, ermənilər Şuşanı atəşə tutub. Rusiya “sülhməramlılarının” yerləşdiyi ərazidəki erməni silahlı dəstələri Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bundan əvvəl Ağdam və Ermənistanla sərhəd Tovuz rayonu ərazisində də atəşkəs pozulmuşdu.
Diqqəti cəlb edən əsas məqam odur ki, atəşkəsin pozulması artıq intensiv xarakter daşıyır.
Açıq aydın görünür ki, Rusiya atəşkəs rejimini son vaxtlar tez- tez pozmaqla, həm Azərbaycanı, həm də Ermənistanı nəzarət altında saxlamağa çalışır.
Paşiniyanın demokratik seçki ilə qalib gəlməsindən sonra, Rusiya Ermənistanın Qərbə inteqrasiya istiqamətində daha fəal siyasət yürüdəcəyindən narahatdır. Ona görə də Moskva Ermənistanı təhlükəsizlik baxımdan daha çox özündən asılı vəziyyətə saxlamağa çalışır.
Eyni zamanda atəşin pozulması və münaqişə təhlükəsinin qalması, Köçəryanın rəhbərlik etdiyi “müharibə” partiyasına Ermənistandakı proseslərə daha fəal təsir etmək və gələcək üçün revanş imkanı yaradır.
Digər tərəfdən isə, Rusiya ermənilərin əli ilə Şuşanı atəşə tutmaqla, Azərbaycana bu şəhərin hər an təhlükə altında olduğu mesajını verir. Ərdoğanın səfəri zamanı imzalanmış Şuşa Bəyannaməsi Rusiyanı ciddi şəkildə narahat etmişdi və indi Moskva göstərmək istəyir ki, Türkiyə heç də azad olunmuş bu şəhərin təhlükəsizliyinə təminat verə bilməz.
Eyni zamanda, Qarabağdakı Rusiya “sülhməramlılarının” statusu ilə bağlı müvafiq müqavilənin bağlanması, Moskvanın Azərbaycandan əsas tələbləri sırasındadır.
Moskva ehtiyat edir ki, yaxın gələcəkdə Qərbin fəal müdaxiləsi ilə Qarabağdakı Rusiya qüvvələrinin BMT – nin beynəlxalq statusu olan sülhməramlıları ilə əvəzlənməsi məsələsi gündəmə gələ bilər. Çünki 10 noyabr Bəyanatına əsasən Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarının heç bir hüquqi statusu və beynəlxalq hüquqa əsaslanan mandatı yoxdur.
Göründüyü kimi, İlham Əliyevin Rusiya ordusunun Qarabağa gətirilməsi ilə bağlı verdiyi səhv qərar nəticəsində Moskva bu gün ölkəmizi hərbi təzyiq altında saxlayır. Və intensiv şəkildə baş verən atəşkəs pozulmaları onu göstərir ki, Rusiya hərbçilərinin Qarabağa gətirilməsi nəinki sülhü təmin etmir, əksinə, bölgədə gərginliyin davam etməsinə və Cənubi Qafqazda Rusiyanın hərbi təsirinin artmasına səbəb olub.
Narahatlıq doğuran odur ki, Azərbaycan rəhbərliyi 10 noyabr Bəyanatında nəzərdə tutulduğu kimi, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması məsələsini Rusiyadan tələb edə bilmir. Bu təslimçi mövqeyin nəticəsində Rusiya artıq sülhü təmin etmə missiyasını bir kənara qoyub, atəş açmaqla ölkəmizi açıq aşkar təhdid edir.