Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Dünya avtoritarizminin son qalası olan Rusiyaya, Rusiya despotiyasının son forpostlarından olan Azərbaycan repressiya rejiminə bir güclü zərbə də Moldovadan gəldi.
Moldovada dünən keçirilən parlament seçkilərində prezident Maya Sandunun Avropayönümlü “Hərəkət və Həmrəylik Partiyası” 52,5 faiz səs toplayıb. Onun rəqibləri olan, Kremlin müttəfiqləri, keçmiş prezidentlər Vladimir Voronin və İqor Dodonun kommunist və sosialistlərdən ibarət bloku isə 27 faizdən bir qədər artıq səs toplaya bilib.
Beləliklə, avtorirarizmin çəmbəri hər gün daralmaqdadır. Ermənistanın ardınca Moldova da Rusiyaya əlvida dedi. O Rusiyaya ki, YAP rejimi onun işğalçı ordusunu xahiş-minnətlə Qarabağda hakimi-mütləq edib.
Belarusda da durum bərbaddır. Əhalidən valyutanı zorla alıb hər gün dəyərini itirən Belarus rublu ilə dəyişdirirlər. Dəyişməyənə cinayət işi açırlar. Çünki sanksiyalar Lukaşenko rejiminin nəfəsini kəsib, onun müqavimət imkanları tükənir.
Siz Azərbaycan hakimiyyətinin zülmünü artırmasına, hər gün daha çox şərəfsizlik, alçaqlıq və zorakılıq etməsinə baxmayın. Əlacsızlıqdandır. Zalımın sonu yaxınlaşdıqca, zülmü artıq.
Sonu gətirmək üçün bütün daxili və xarici şərtlər yetişib. Çatışmayan bir cəmiyyətin ayaqlanmasıdır. Azərbaycan cəmiyyətinin bir neçə aydır sərgilədiyi susqunluq heç kimi aldatmasın. Xalqımız içinə çəkilib özünüdərk mərhələsini keçir. Nə edəcəyini, necə edəcəyini götür-qoy edir və son qərarını verməyə hazırlaşır.
Fırtınalardan öncə həmişə uzun və səssiz sükut olur…