Rövşən Hacıbəyli
Prezidentin saytına təşəkkür məktubları yerləşdirilməkdə davam edir. II Qarabağ savaşı başlanandan sonra koronavirus məktublarına ara verildi, əsasən “müzəffər” məktubları yazıldı, indi də davam edir, həm də təkcə Azərbaycandan yox, dünyanın “hər yerindən”. Ancaq ara-sıra koronavirus məktubları da sayta yol tapır. Məktub yazanlar virusun qarşısını aldığına, əhalini az itki ilə bu bəladan çıxardığına görə prezidentə təşəkkür edir. İndi statistikaya baxaq:
Azərbaycanda koronavirusdan ölü sayı 4978 nəfərdir. Ölkədə 7 milyona yaxın, bəlkə də, daha az əhali var. Qalanları dünyaya səpələnib.
32 milyon əhalisi olan Özbəkistanda virusdan ölü sayı 758 nəfərdir. 9 milyona yaxın əhalisi olan Tacikistanda virusdan ölənlərin sayı 95 nəfərdir. 19 milyon əhalisi olan Qazaxıstanda isə ölü sayı 4516 nəfərdir. 10 milyon əhalisi olan, İlham Əliyevin dostu-qardaşı Lukaşenkonun Belarusunda ölü sayı 3214 nəfərdir. 30 milyon əhalisi olan Malayziyada ölü sayı 5768 nəfərdir. Əhalisi az, ölü sayı çox olan ölkələr də var. Məsələn, 4 milyon əhalisi olan Gürcüstanda ölü sayı 5394 nəfərdir. Ancaq bu ölkələrin heç birində prezidentə bu şəkildə təşəkkür məktubları yazılmır. Heç böyük bildikləri, özlərini kiçiyi saydıqları Rusiyada belə Putinə bu cür məktublar yazılmır. Bunların məntiqi ilə gərək Tacikistan, Özbəkistan prezidentlərinin qızıldan heykəlini qoyardılar, pandemiya dövründə az itki verdiklərinə görə((
Sabirabaddan göndərilən bir məktubla tanış olun:
“Teymurbəy Seyidovdan, Sabirabad, Azərbaycan
Əziz və hörmətli Prezidentim!
Ölkə vətəndaşlarının sağlamlığını düşünərək, əsl Lider kimi, koronavirusla mübarizə sahəsində atdığınız addımları, gördüyünüz işləri izlədikcə Sizə olan rəğbət və sevgimiz daha da artır. Vaxtında müəyyənləşdirilmiş doğru strategiya və görülən işlər nəticəsində xalqımızı bu bəladan az itkilərlə çıxarmağa nail ola bildiniz.
Azərbaycan xalqı bir daha əmin oldu ki, seçimində yanılmayıb. Biz vətəndaş olaraq Sizin yanınızdayıq, Sizi dəstəkləyirik!
Hörmətlə,
Seyidov Teymurbəy Tamal oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Axısxa kəndi”.