Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirova 4 il şərti cəza verilib. O, 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda Orduya dəstək yürüşündə yaşananlarda (bir qrup şəxsin parlamentin binasına daxil olması, polis maşınının aşırılması və s.) suçlu sayılıb. İyunun 17-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyev bu barədə hökm çıxarıb.
Hökmdən öncə son sözünü deyən Əmirov özünü təqsirli bilməyib. İttihamların əsassız olduğunu, heç bir qanunsuz addım atmadığını və yürüşdə iştirak etməklə orduya dəstək verən on minlərlə vətəndaşdan biri olduğunu vurğulayıb. Əmirovun fikrincə, onun cinayət məsuliyyətinə cəlb olunmasının səbəbi siyasi fəaliyyətidir.
Vəkili Bəhruz Bayramov da deyir ki, məhkəmə istintaqı boyunca müvəkkilinin Milli Məclisə daxil olması və ya başqa qanunsuz addımını təsdiqləyən heç bir sübut ortaya qoyulmadı.
Vəkil məhkəmənin hökmündən sonra AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti veriləcək.
“Bütün bunlar mənasız söz yığınıdır. Bir cümlə ilə yazmaq lazım idi ki, AXCP-də olduğuna, Əli Kərimlinin yanında olduğuna görə cəzalandırırıq, vəssalam…”, – bunu isə haqqındakı hökmə münasibət bildirən Əmirov deyib.
Azadliq radiosu