Xaliq Bahadır
Yanılmıramsa, onunla ilk tanışlığımız 1991-ci ildə Naxçıvanda olmuşdu. Sözümüz tutmuşdu (Görünür, gerçəkdən könüldən könülə yollar görünür). Bizim ikinci yaxın görüşümüz Bakıda, mənim Xutordakı balaca, darısqal daxmamda olmuşdu. Oturub uzun-uzadı danışmışdıq. Daha çox da bizi gözləyən, qovuşmağa çalışdığımız işıqlı, aydın gələcəklə bağlı.
O çağlar bizim, el dilində desək, duza gedən çağlarımız idi. SSRİ kimi yarımdünya bir dövlət dağılır, onunla birgə dünya sosializm sistemi dağılır, Yer üzündə yeni geopolitik dönəm yaşanırdı. Bizlər, – o çağın böyük yenilik duyğusu, özgürlük istəyi ilə alışıb-yanan qabaqcıl aydınları, – “geopolitika” anlayışı başda olmaqla bir çox politik terminləri (aktual terminologiyanı) bilmədən politika alanına atılmışdıq. Burası, ola bilsin, indiki gəncliyə gülməli gələr. Ancaq bu bizim suçumuz deyildi, biz sovet sosialist ideoloji sistemi içində yetişmişdik. Qapalı sistemdə. Başqalarından, mən deyərdim, bir çoxlarından üstünlüyümüz o çağkı ideoloji qurallara çox da uymamağımızda idi. Biz, əski sistem içində yeni sistem düşüncəsi ilə yaşayan kimsələr, belə desək, azlıq idik. Sovetin azmanlığından, azman gücündən bizim gözümüz önündə ayrıca bir görünüş yox idi. Biz, 70-ci illərin yüksək oxul öyrənciləri, daha çox o çağın qabaqcıl, yurdsevər poeziyasının dalınca düşüb gedirdik.
O çağlar Gürcüstan, “Ermənistan” komunist partiyalarında olan az-çox xalqa bağlılığın azacığı da bizdə yox idi. Qonşu respublikaların kompartiya liderləri xalqın, respublikanın yararına Moskvanın bir sıra göstərişlərindən yayınırkən, yayınmağa çalışırkən bizdə o göstərişlərin ən pisini belə 100 faiz də yox, 150 faiz yerinə yetirmə çalışmaları göstərilirdi. Bu moskvayönlü çalışmalar, sözsüz, toplumsal düşüncəyə də güclü etki göstəriridi. O üzdən toplumsal düşüncə bizdə Gürtcüstanda, “Ermənistanda” olduğundan geri qalırdı. Bizlər daha çox ayrı-ayrılıqda çalışmalar, çoxlu oxuyub öyrənmə yoluyla az-çox ideya-düşüncə qabaqcıllarına çevrilə bilmişdik.
Gərəkən politik terminologiyanı biz daha çox atıldığımız alanda, gündəlik görkülərdə öyrənməyə başlamışdıq. Burada bir gerçəyi vurğulamadan keçə bilmərəm. Hansısa çatışmazlıqlarına baxmayaraq, bizim bilik çevrəmiz çox geniş idi. Bu üzdən bizim polemikalarımız da asanlıqla bir yöndən başqa yönə keçə bilirdi. Yeni politiklər olaraq bizim başlıca çatışmazlığımız nədə idi? Biz, belə deyək, geopolitika sözünün anlamını haralardansa tapıb öyrənirdik, ancaq o anlayışın arxasında dayanan anlamı yetərincə alqılaya, qavraya bilmirdik. Sözsüz, sovet koloniya sistemindən çıxdığımız üçün. Geopolitika anlayışı bizim üçün yeni idi, o üzdən biz onun daşıdığı anlamı yetərincə dəyərləndirə bilmirdik. Ona görə böyük eyforiya içində idik. Biz demokratik Batının, demokratik Batı dövlətlərinin yardımıyla ölkəmizin bolluca var-yatırından yararlanaraq tezliklə demokratik, varlı Azərbaycana qovuşacağımızı düşünürdük.
Sən saydığını say, gör qocaman geopolitika uzmanları nə sayır. Onlara geopolitik amaclarını əngəlləyəcək demokratik Azərbaycan deyil, indiki Azərbaycan gərəkmiş! 44 günlük savaş da onun içində olmaqla!
Dünən (15 iyun 2021) Şuşada baş verənlərlə bağlı sosial şəbəkədə yaşananlar bizim 30 il qabaqkı yaşantılarımızdan çox da uzaq deyildi: yenə də böyük güclərin geopolitik güdüklərini gözardı edən oxşar eyforiya! Bizlər 30 il qabaq geopolitika gerçəyini anlamaqdan uzaq “baxça uşaqları” idik, bəs indikilər? Yenə də Amerika belə gəldi, İngiltərə elə getdi. Düzünə qalsa, gedən yoxdur, hamısı gələndir – geopolitikanın gətirdikləri.
Geopolitika nədir? Bir ölkənin fiziki, ekonomik, politik coğrafi özəlliklərinə uyğun yürüdülən iç, dış politikalar. Biz bunları çağında yetərincə anlayıb dəyərləndirə bilsəydik, İbrahim İbrahimli kimi çoxlu sayda YOLdaşımız, ideya qardaşımız uğrunda sonunadək çarpışdığı Demokratik Azərbaycana qovuşmadan bizdən ayrılmazdı!
Bütün suçları geopolitikanın üstünə atmaq düzgün olmazdı. Bizim uğursuzluğumuzda içimizdəki satqınlıq, dönüklük faktları böyük rol oynadı. İsmət İnönünün bir çağlar Türkiyə ilə bağlı dediyi bu sözlər bizim üçün də çox keçərlidir: “Öz içində bizdəkiycə çoxlu xain yetişdirən başqa bir ölkə yoxdur”. Təkcə sovet KQB-sinin Azərbaycanda yetişdirdiyi xainlərin adları çağında açıqlansaydı… Açıqlansaydı, itkilərimiz indikindən qat-qat az olardı. Komunist-komsomol nomenklaturası ilə KQB əl-ələ verib, bizi yendilər.
Onunla sonuncu görüşümüz bir il qabaq bizim bağda olmuşdu. Veteran cəbhəçilərin yığıncağını “çağırmışdıq”. Gözlərində özgə bir işıltı vardı. Səsində öləzimə sezilirdi. Niyəsini soruşdum, ağrıdığını bildirdi. Sonra da gözlənilmədən azacıq gülümsəməklə dedi: “Sən mənimlə bağlı yaxşı yazılar yazmısan, – bir az düşünüb soruşdu: – “Zeynəddin kəndinin müəllimi” yazın yadındadımı?”
Doğrudan, onunla bağlı özü dediyi kimi, yaxşı yazılar yazmışdım. Biri də çoxdan unutduğum “Zeynəddin kəndinin müəllimi” idi. Yanılmıramsa, o yazı 93-də yazılmışdı. Hakimiyəti ələ keçirmiş H.Əliyev çoxdankı xarakter özəlliklərinə uyğun olaraq Milli Məclisdə şoular düzəldib tanınmış adamları bir-bir aşağılayıb xalqın gözündən salmağa başlamışdı. Bir gün o, İbrahim bəyi lağla “Zeynəddin kəndinin müəllimi” adlandırdı. İbrahim bəy onda elə tufan qopardı, elə bir çıxış yapdı, o çıxışla bütün ölkənin sevgisini, sayğısını qazandı. Mənsə sözügedən yazıyla Zeynəddin kəndinin müəllimini qazandığı ucalığa qaldırdım.
Vicdanı kor yaranmış biriləri məni “hamını qaralamaqda” suçlayırlar. Ancaq mənim qaraladığım hamı deyil, tanıdığım, bildiyim qaranlıq yolçuları, İsmət İnönünün göstərdiyi dönüklər – xainlərdir. Onları topluma tanıtmaq borcdur – ölkəni yaxşılığa doğru dəyişmək borcu. Xalq hərəkatından kristal arılığı ilə tanıdığım Tofiq Qasımovla bağlı sağlığında neçə-neçə yaxşı yazı yazmışdım. Eləcə də İbrahim İbrahimli ilə bağlı. Ancaq mən İbrahim bəyin bir sıra deputat-demblok yoldaşları ilə bağlı gözdənsalıcı yazılar da yazmışam, yeri gəldikcə indi də yazıram. O çağlardan indiyədək əyri yollarda yürüdüklərinə görə. Bizdə adamlar içdən çox çölü gördüklərindən ayrı-ayrı kimsələrlə bağlı yanılmaları qaçılmaz olur. Ən pisi də nədir? Onlar dərinə getmədən vurulduqlarının bütsevər qurbanlarına çevrilirlər.
Onore dö Balzakın dediyidir: “Birilərinin içindəki gözəlliyi görə bilmək ayrıca adamların görə biləcəyi işdir. Dış görünüş isə eləcə saya adamları etkiləyər”. Yalançı çıxışlara, yalan sözlərə aldanmadan iç gözəlliyi görmək, toplumu ayıq salmaq baxımından olduqca gərəklidir. Ancaq toplum o gərəyi gərəkli bilə.
Tofiq Qasımov kimi o da idealist idi. Gözü-könlü tox, umacaqsız çox az böyük yol yolçularından idi. T.Qasımovun da, onun da Müsavata keçişi hansısa yanlışdan olmuşdu. Bəlkə də, böyük Məhəmməd Əminin adına görə getmişdilər, ancaq gedib quruca addan savayı nəsə görmədiklərindən istər-istəməz “laməkana” çevrilmişdilər. İkisi də politik intriqalardan bütünlüklə uzaq idi. O üzdən ikisi də – iki idealist, iki yüksək dəyər daşıyıcısı – “laməkanlıq” gerçəyi ilə üzləşməli olmuşdular.
Mənim birilərindən bir çağlar tez-tez eşitdiyim belə deyim var: “Roma Papasından artıq Papa ola bilməzsən”. Yalandır, mən bu deyimə inanmamışam, indi də inanmıram. Papalar da bizim kimi adamdır. Onların da arasında yüksək ideallı idealistlər, eləcə də özgüdükçü praqmatiklər olur. Müsəlman açununda da belədir. Təbrizli filosof, Şeyx Cəmaləddin Əfqani (1838-1898) çağının ən böyük din ideoloq-idealistlərindən idi. O, Əfqanıstanda baxan, Misirdə Qahirə universitetinin ünlü professorlarından olmuşdu. Qabaqcıl (ola bilsin, idealist) baxışlarına görə onu İstanbul türməsində öldürmüşdülər. Çağımızın ünlü din başçısı Şeyx Allahşükür Paşazadə çağdaş açunun ən praqmatik din başçılarındandır. Qondarma “erməni soyqırımını” tanıtmağa çalışan indiki Roma Papası II Fransisk də A.Paşazadə kimi praqmatik din başçılarındandır. İstər idealizm, istər praqmatizm ideoloji yönümdən daha çox, bəlkə də, bütünlüklə xarakterə bağlı görsənişdir. Xaraktercə doğru-düzgün adamların praqmatizm sərgiləməsi çətin olur.
Tofiq Qasımovun da, İbrahim İbrahimlinin də hakimiyətə yenicə qayıtmış H.Əliyevlə necə qızğınlıqla savaşdıqları Azərbaycan xalqının unudulmaz anılarındandır. Başqa “istiqlalçı” deputat yoldaşları kimi onlar da yaxşı tanıdıqları KQB generalının qarşısında qoruycu praqmatizm köşələrinə çəkilib susa bilərdilər. Ancaq, o çətin sınaq günlərində, demək olar, hamı susurkən onlar susmadılar. Onlar xalqın elçisi olaraq görəvlərini sonadək böyük dönməzliklə yerinə yetirdilər. (Bu yerdə o günlərin yenilməzlərindən birinin – Ədalət Rəhimlinin adını çəkməyə bilmərəm). Bizim onları unutmamaq borcumuz var!
İbrahim peyğəmbərlə bağlı bir söyləncə hamıya bəllidir: oğlunu Tanrıya qurban kəsmək istəyib. Sözsüz, bu bir mifdir, söyləncədir. Ancaq istənilən mifin, söyləncənin kökündə hansısa gerçəklik dayanır. Oğlunu Tanrıya qurban kəsmək istəyi İbrahim peyğəmbərin inancına, başqa sözlə, Tanrıya bütünlüklə, umacaqsız bağlılığının görsənişidir. İnancı yolunda onun dönməzliyinin tutalqası ən sevimli, ən dəyərli olanından belə keçməsidir. Çox üzdən belə araşdırsaq, 124 min peyğəmbər arasında da idealistlər, praqmatiklər olduğunu görərik. Axı, onlar ayrıca seçilmişlər olsalar belə Yaradan deyil, yaradılmışlardır. Başqa sözlə, onlar da adamdır. Adəmdən törəmələrdir.
Aradan yüz illər, min illər keçəcək, Politika adamları arasında da, din adamları arasında da idealistlər olduğu kimi praqmatiklər də olacaq. İbrahim İbrahimlinin bir unudulmaz dəyəri də onun İbrahim peyğəmbərin törəməsi yerində olması idi…
Belə bir gerçəklik varsa, qoy onun yeri uçmaq olsun!
Açun yaranandan idealist KİŞİLƏRİN çiyni üstündə dirur. İdealistlər açunun canlı atlantlarıdır.