İctimai fəal Bəxtiyar Hacıyev
Dünən 44 günlük müharibəni dayandıran üçtərəfli bəyanatın 7-ci ayı tamam olurdu. Həmin bəyanat imzalanan gecə İlham Əliyevin 51 dəqiqəlik çıxışından bəzi hissələri təqdim edirəm, özünüz nəticə çıxarın. Çıxışda 15 dəfə Şuşa, 10 dəfə Laçın, 6 dəfə Ağdam və Kəlbəcər, 3 dəfə Cəbrayıl, 2 dəfə Qubadlı və Zəngilan, 1 dəfə Hadrut adı çəkilir.
Xankəndi – 0 dəfə, Xocavənd – 0 dəfə, Xocalı – 1 dəfə (Xocalı soyqırımı kontekstində). İşğal altında olan, işğaldan azad edilmiş və azad ediləcək rayonlardan danışarkən Əliyev Xankəndi, Xocalı, Xocavəndə toxunmur, adlarını çəkmir. Görünür, onları işğal altında saymır artıq.
“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.
Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq.
Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz.
Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan.
Mən faktiki olaraq onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm. Sona qədər! Ayın 8-də Şəhidlər xiyabanında demişəm ki, sona qədər gedəcəyəm və heç bir qüvvə məni dayandıra bilməz.
Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qayıdır. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”