İctimai fəal Bəxtiyar Hacıyev
Rusiya Federasiyasının Prezidenti V.Putin 2020-ci il 17 noyabr müsahibəsində bildirir ki, 19-20 oktyabr 2020-ci il tarixlərində Ermənistanın Baş naziri N.Paşinyan və Azərbaycan Prezidenti İ.Əliyevlə bir neçə telefon danışıqları olub.
Putin bildirir ki, İlham Əliyev hərbi əməliyyatları dayandırmağa razılıq vermişdi, ancaq onun tək şərti azərbaycanlı qaçqınların o cümlədən Şuşa şəhərin qayıtması idi. Paşinyan isə buna razılaşmayıb, bunun Ermənistan və “Qarabağ” maraqlarına uyğun olmadığını, onlara təhlükə törətdiyini, sona qədər mübarizə aparmaq istədiklərini bildirib. Putin deyir ki, təklif olunan şərt Şuşanın erməni nəzarətində qalması və orada rus sülhməramlılarının yerləşdirilməsi idi, bunun erməni tərəfinə hansı təhlükə törətdiyini anlamır.
Putin müsahibəsinin başqa bir hissəsində təkrar qeyd edir ki, 19-20 oktyabr danışıqlarında hərbi əməliyyatların dayandırılması üçün razılaşmaya çox yaxın olublar, ancaq Paşinyan razılaşmayıb. Sonradan Azərbaycan tərəfi Şuşaya nəzarəti ələ keçirir, üçtərəfli bəyanat imzalanmamışdan əvvəl Xankəndinin itirilməsi təhlükəsi də vardı, söhbət saatlardan gedirdi, bu bəyanatı imzalamaq erməni tərəfinin maraqlarına tam uyğun idi.
Müsahibədən 6 ay keçib, bu iddiaları səsləndirən şəxs də üçtərəfli bəyanata imza atmış, həm Azərbaycan, həm Ermənistan üzərində sözü keçən, Rusiya Federasiyasının Prezidenti Vladimr Putindir. Həmin müsahibə bu gün də Kreml saytında qalır, həmin hissələrin tərcüməsini və videosunu da şərhə yerləşdirəcəm.
Bu günə qədər nə İlham Əliyev, nə Prezident Administrasiyası, nə Xarici İşlər Nazirliyi İlham Əliyevin Şuşanın erməni nəzarəti altında qalması təklifi ilə dərhal razılaşması iddiasını təkzib etməyiblər. Bunu təkzib edənə, xalqa və cəmiyyətə izahat verənə qədər həqiqət kimi qəbul etməkdən başqa seçimimiz yoxdur. İddianı səsləndirən uşaq deyil, hansısa başqa bir dövlətin QHT nümayəndəsi filan da deyil. Üçtərəfli bəyanatda imzası olan, danışıqlara vasitəçilik etmiş və məlum bəyanatın mətnini yazan adamdır.
Sual yaranır: Rusiyanın forpostu olan, ərazisində Rusiya qoşunları olan, Rusiya ilə hərbi müttəfiq olan, zəif, müharibədə məğlub tərəf olan ordunun Ali Baş Komandanı Paşinyan Azərbaycan qaçqınlarının Şuşaya qayıtması təklifi ilə razılaşmayıb, Putinə dirənib, öz ölkəsinin maraqlarını müdafiə edibsə, güclü Azərbaycan olan, arxasında Türkiyə kimi güclü bir dövlətin hərbi, siyasi, diplomatik dəstəyi olan, qalib ordunun Ali Baş Komandanı İlham Əliyev Şuşanın erməni nəzarətində qalmasına niyə dərhal razılıq verib?
İkinci bir sual yaranır: Paşinyan 19-20 oktyabrdan Şuşanın azad edildiyi 8 noyabra qədər Putinin təklifi ilə razılaşmayıb, sona qədər döyüşüb, Şuşanı itirəndən və Xankəndini itirmək təhlükəsi real olan günə qədər 20 gün müddətində dirənibsə, Putinin dediyinə görə Xankəndini götürmək Azərbaycan üçün SAATLAR məsələsi idisə, Əliyev bir neçə saat dirənib, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını niyə təmin etməyib?
Bilirəm, hakimiyyətin öyrədilmiş trolları və QHT, KİV, partiyalardakı xüsusi təyinatlıları gəlib “əsas nəticədir, bu gün biz Şuşaya gedib-gələ bilirik, Paşinyan dirəndi, Şuşanı itirdi” kimi boşboğazlıq edəcəklər.
Amma İlham Əliyev bu məlumatı təkzib edənə qədər hər dəfə Şuşa haqqında ağız dolusu danışanda ağıllı insanlar onu xatırlayacaqlar ki, Əliyev Putinin “Şuşa erməni nəzarətində qalsın, rus sülhməramlıları ora yerləşdirilsin, azərbaycanlı qaçqınlar Şuşaya qaytarılsın” təklifinə dərhal razılıq verib. Paşinyan da həmin vaxt razılıq versəydi, bu gün Əliyev qələbə çıxışlarında Xankəndi barədə danışmadığı, oranın taleyi barədə susduğu kimi Şuşa haqqında da susacaqdı.
Ölkəmizin taleyinə biganə qalmayan vətəndaşlar, müstəqil jurnalistlər, KİVlər, vətəndaş cəmiyyəti fəalları və siyasi partiyalar İlham Əliyevdən bu sualın cavabını tələb etməlidirlər. Sual isə sadədir: “Məğlub Paşinyan Şuşaya azərbaycanlıların qayıtmasına etiraz etdiyi halda, Müzəffər Əliyev Şuşanın erməni nəzarətində qalmasına niyə razılıq veribmiş? Məğlub Paşinyan Şuşanı nəzarətdə saxlamaq üçün 20 gün mübarizə aparıbsa, Müzəffər Əliyev Xankəndini azad etmək üçün bir neçə saat daha niyə mübarizə aparmayıb?”