Keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə tanımadığı şəxs tərəfindən küçədə təzyiqə məruz qalıb. Bu barədə İlkin Rüstəmzadə bildirib.
“Dünən axşam bacım Türkan Rüstəmzadə Əhmədli metrosu tərəfdən evə gələrkən arxadan bir cavan oğlan onun ağzını əli ilə tutub və deyib ki, qardaşına denən ağıllı olsun. Bunu dedikdən sonra o, əlini çəkib və qaçıb”, deyə o qeyd edib.
İlkin Rüstəmzadə bu hadisələrin onun siyasi fəaliyyəti və həbsxana həyatından bəhs edən yeni yazdığı “Qaranlığın hekayəsi” kitabı ilə bağlı olduğunu iddia edir.
“Düşünürəm ki, bu, mənim siyasi fəaliyyətimlə bağlıdır. Kitabım da səbəb ola bilər. Amma, heç bir halda hər hansı bir qrupla münaqişəm yoxdur. Burada məsuliyyət birbaşa hökümətin üzərinə düşür. Haradasa 10 gün bundan öncə sosial şəbəkədə mənə qarşı kütləvi kampaniya başlanıb. Mən İran dövlətini və onun siyasətini dəstəkləyənləri tənqid etmişdim. Adını qoydular ki, guya mən dindarları təhqir etmişəm. Amma mənim yazdığım statusda heç bir halda dindarları təhqir etmə detalı yox idi. Hökümətin nəzarətində olan dindarlar bunu kampaniyaya çevirdilər və real təhdidlərə məruz qaldım. Hətta bu gün yeni status yazdıqdan sonra da yenidən xarici telefon nömrələrindən mənə təhqir və təhdidedici mesajlar yazmağa başlayıblar. Hətta vurmaqla, öldürməklə də təhdid edirlər”, deyə o qeyd edib.
DİN-dən Turan agentliyinə bildiriblər ki, məsələ araşdırılacaq və sonra informasiya təqdim olunacaq.
İyunun 1-də Bakı şəhər Nəsimi polisinin əməkdaşları Turan televiziya kanalının rus redaksiyanın redaktoru Emin Əhmədbəyovun qaynatası Rauf Heydərovun evinə gəliblər. Polis əməkdaşları Rauf Heydərova Emin Əhmədbəyovun Fransa mətbuatında çıxan müsahibəsi ilə bağlı sərt iradlarını bildiriblər. Bu, Emin Əhmədbəyovun və Leyla Yunusun Fransada bıçaqlanan bloqer Məhəmməd Mirzəli ilə bağlı müsahibələri əsasında hazırlanan yazı olub. Polis əməkdaşları Rauf Heyədrova hədə- qorxu gələrək deyiblər ki, əgər o, kürəkənini “yola gətirə” bilməsə burda onun özünə qarşı tədbirlər görüləcək.
Turan