Bu seçimin riskləri nələrdir?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bu gün Azərbaycanı yol ayrıcındadır. Qərb və Rusiya arasında yaşanan geosiyasi qarşıdurmada, Azərbaycan öz cinahını seçməyə məcburdur. Ancaq görünən odur ki, mövcud hakimiyyət bu seçimi etməkdə, geosiyasi oriyentasiyasını aydın müəyyənləşdirməkdə heç də maraqlı deyil. Bacardıqca vaxtı uzatmağa , heç bir tərəfin qarşısında yer almamaqla, bu yolla da hakimiyyətə yönələ biləcək təzyiqlərin önlənəcəyi düşünülür. Ancaq, bu, nə qədər mümkündür, hazırkı geosiyasi şərtlər belə davam etməyə imkan verəcəkmi?
✅ ABŞ prezidenti AB liderləri ilə birgə qatıldığı video konfransda, Baltikyanı, Şərqi Avropa ilə yanaşı, Cənubi Qafqazı da strateji maraq dairəsi kimi təqdim etmişdi. Onun bu bəyanatında göstərilən regionlar, Qərb və Rusiya arasında geosiyası qarşı dumanın təmas xəttini ifadə edirdi. Bu o deməkdir ki, Rusiyanın regiondakı münaqişələrdən istifadə edib Cənubi Qafqazda hərbi mövcudluğunu artırması, Qərbi narahat edir. Rusiyanı öz içərilərinə doğru sıxışdırmaq və imperial iddialarının qarşısını almaq üçün, Cənubi Qafqazda Qərbin təsirini artırması, region ölkələrinin Avrointeqrasiya istiqamətində siyasət həyata keçirməsi lazımdır. Bu isə Azərbaycan hakimiyyətinin Rusiyanın yanında olub, neytral görünmək siyasəti ilə ziddiyyət təşkil edir. Çünki Qərbin təhlükəsizlik məsələsində və xarici siyasətdə konkret gözləntiləri var. Bu yaxınlarda ABŞ Dövlət Katibi Blinkenin İlham Əliyevə zəngi zamanı, demokratiya və insan haqlarının əsas prioritet kimi müzakirə olunması, təkcə ölkə daxili siyasi sistemin necə dizayn olunması məsələsi deyil. Bu dəyərlərə münasibət, həmdə ölkənin xarici siyasət oriyentasiyasını, onun hansı düşərgədə özünü görməyə hazırlaşdığını müəyyən edir. Eyni zamanda Dağlıq Qarabağ məsələsinin də müzakirə olunduğu bu danışıqda, ABŞ-n Qarabağda Rusiyanın birtərəfli hərbi mövcudluğundan narazılığı da açıq ifadə edilib.
İndi Azərbaycan tərəfinin bu tələblərə münasibətdə tutacağı mövqe, istəyib istəməməsidən asılı olmayaraq, mövqe seçimi anlamına gələcək.
✅ Burda nəzərə almaq lazımdır ki, Azərbaycanın strateji müttəfiqi sayılan Türkiyə də, getdikcə öz siyasətində daha çox Qərbin mövqeyinə uyğun korrektələr edir. Hələ ki, Türkiyənin bu məsələdə ləng davranması iyununda keçiriləcək NATO Sammitində Baydenlə Ərdoğan görüşü ilə bağlıdır. Bu görüşdə “soyqırım” ifadəsinə kompensasiya olaraq Suriyadakı 30 km- lik bufer zonanın yaradılması və YPG – nin geri çəkilmə məsələsi həllini taparsa, o zaman Rusiya ilə qırılma nöqtəsinə gəlinəcək. İndilik isə Türkiyə bu görüşdə ABŞ-a təzyiq üçün Rusiya ilə ənənəvi münasibətləri uzadıb, manevr imkanı saxlamaqla, öz tələbini qəbul etdirməyə çalışır. Bayden və Ərdoğan arasında böyük ehtimalla əldə olunacaq razılaşmadan sonra isə, Türkiyə ilə Rusiya arasında qarşı durma dərinləşəcək. Bu şəraitdə isə Azərbaycanın neytral görünmək üçün son imkanı da demək olar ki, aradan qalxacaq.
✅ Digər tərəfdən isə, Putin də Qərbin həmlələrinə müqavimət göstərərək, Rusiyanın ətrafındakı avtoritar rejimləri özünün bufer zonası kimi qorumağa çalışır. Xatırlatmaq yerinə düşər ki, ötən ay Rusiya ərazisindəki miqrantları çıxaracağı ilə bağlı xəbərdarlıq etmişdi. Əslində isə, bu xəbərdarlıq sosial- iqtisadi çətinliklər içində olan qonşu ölkələrə, o cümlədən də, Azərbaycana təzyiq məqsədi ilə səsləndirilmişdi. Birdən – birə yüz minlərlə miqrantın geri göndərilməsi, bu ölkələrdə əlavə problemlər yarada bilər. Putin Qərbin təzyiqləri qarşısında və ölkə içində artan narazılıqlar nəticəsində zəiflədikcə qonşu ölkələrin onun nəzarətindən çıxa biləcəyindən narahatdır. Bu yaxınlarda Aİ Parlamentinin qəbul etdiyi Rusiyanın SWİFT-dən çıxarıla biləcəyi və neft – qaz embarqosu tətbiqi ilə bağlı xəbərdar edici bəyanatı, Putinin geosiyasi mühasirədən çıxış şansının getdikcə tükəndiyini göstərir. Ona görə də, Kremil ətraf ölkələrə təzyiqləri artırmaqla, onları yanında saxlamağa çalışır. Bu baxımdan Azərbaycan iqtidarı da öz növbəsində, özünün avtoritar hakimiyyət maraqları üçün Putinin himayəsində qalmağı daha çox istəyir. Ancaq dəyişən geosiyasi şərtlər və Qərbin tələbləri bu istəyi yerinə gətirməyi getdikcə da çox çətinləşdirir və risklər yaradır.
Veriln məlumatlara görə mayın 11 də Rusiyaya Xarici İşlər naziri Lavrov Bakıya səfərə gələcək. Bu səfərin məhz Dövlət Katibi Blinkenin telefon zəngindən sonraya təsadüf etməsi, onu göstərir ki, Moskva Qarabağdakı sülhməramlıların statusu haqda müqavilə imzalayıb, öz hərbi mövcudluğunu hüquqi- siyasi təminat altına almaq istəyir. Eyni zamanda, Azərbaycanın Türkiyə ilə münasibətlərinin perspektivi ilə bağlı müzakirə aparılacağı i gözlənilir. Əgər, İlham Əliyev bu danışıqlarda Azərbaycanın “İskəndər M” raketi və Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı narazılıqlarını, eləcə də 10 noyabr Bəyanatının doğru şəkildə yerinə yetirilməməsi ilə bağlı tənqidləri səsləndirəcəksə bu, artıq Qərbə doğru geosiyasi seçim üçün zəmin yaradacaq. Yox, bütün bunların üstündən keçilərək, hələ bir üstəlik Rusiya sülhməramlılarının fəaliyyəti üçün Lavrova təşəkkür ediləcəksə, bu, Putinin himayəsində yola davam etmək anlamına gələcək. Bu halda isə Qərbin korrupsiya və insan haqları problemlərinə görə ciddi sanksiyalar qoymaq riski meydana çıxacaq. Bu sanksiyaların isə hakim komandanın Qərbdəki maliyyə və biznesinin başının üstünü qara buludlar alması deməkdir.
Eyni zamanda, bu, Azərbaycanın Qarabağ məsələsində də beynəlxalq səviyyədə çox əlverişsiz duruma düşməsi, Ermənistanın siyasi diplomatik üstünlüyü birmənalı ələ alması demək olar. Putin hakimiyyəti isə bu vəziyyətdən istifadə edib, təkcə Azərbaycanı özünün hərbi siyasi vassalına çevirməklə kifayətlənməz, həm də, ölkədəki korrupsiya şəbəkəsinin gəlirlərinə ortaq olmağa qədər irəli gedər. Bu isə son nəticədə Azərbaycan iqtidarı üçün daha çətin bir duruma düşmək, Rusiyaya qarışı başladılan geosiyasi mübarizənin hədəfinə çevrilmək deməkdir.
Bütün bunları görməzdən gəlib, ortada qalmaq, neytrallıq saxlamağa çalışmaq isə çarpaz atəş altına düşmək demək olardı.