Repressiyalar və İşgəncələr Əleyhinə Komitə bugün, aprelin 21-də “2017-ci ilin Tərtər hadisələri: xəyanət, yoxsa həqiqətin ictimaiyyətdən gizlədilməsi. Reallıqlar və uydurmalar” adlı hesabatın birinci hissəsini açıqlayıb.
Hesabatda qeyd edilir ki, 2017-ci ilin mayında Azərbaycanda kütləvi həbslər baş verib. Xatırladılır ki, hüquq-mühafizə orqanlarının birgə bəyanatında Ermənistanın xüsusi xidmət orqanlarına işlədiyi iddia olunan casus şəbəkəsinin ifşa edildiyi bildirilib.
“Ən azı 10 hərbçi işgəncələrdən ölüb”
“Minə yaxın hərbçi saxlanmış və dindirilmişdi. Cəbhəyanı məntəqələrin sakinləri olan mülki şəxslərə qarşı müəyyən işlər açılmışdı. Ən azı 10 hərbçi işgəncələrdən ölüb. Onlardan beş nəfəri ölümündən sonra bəraət alıb”.
Hesabat müəllifləri qeyd ediblər ki, hazırda ən azı 25 nəfər həbsdədir. Bildirildiyinə görə, onlar dövlətə xəyanət və digər ittihamlarla müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər:
“Hesabat hazırlanarkən əlaqədar tərəflər, valideynlər, həbs edilən və öldürülənlərin digər ailə üzvləri, həmçinin azadlıqda olan işgəncə qurbanları dindirilib… Məhkəmə materialları, ittiham aktları, ekspertizanın rəyi və digər sənədlər araşdırılıb”.
“101 hərbçi zərərçəkən kimi tanınıb”
Hesabatda iddia edilir ki, işgəncələrdən ölənlərin meyitləri ailələrinə verilməyib:
“Özləri dəfn ediblər. Dəfn mərasimlərinə polis cəlb olunub”.
İşgəncəyə görə həbslərin olduğu bildirilir.
Hesabatda habelə bildirilir ki, daha sonra 101 hərbçi zərərçəkmiş kimi tanınıb, Müdafiə Nazirliyinin 10-dan çox əməkdaşı işgəncələrə görə həbs olunub.
Sənəddə o da vurğulanır ki, işgəncələrin baş verdiyi hərbi hissədə birləşmə komandiri, digər məsul şəxslər həbs olunmayıblar və işdən kənarlaşdırılmayıblar.
Bu hesabata, hələlik, Hərbi Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azadliq radiosu