Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Amerikalı təhlilçi Paul Goble 10 dekabr 2020-ci il tarixli Zəfər Paradı haqqında demişdi ki, bir gün azərbaycanlılar ayılacaq və özlərinə “biz nəyin zəfərini qeyd edirik?” sualını verəcəklər. O zaman hakimiyyətin durumu necə olacaq?!
İndi daha bir hərbi paradın ərəfəsindəyik. Lakin bu şanlı Azərbaycan Ordusunun paradı deyil. Rusiya “sülhməramlıları” Qarabağımızda hərbi parad keçirməklə bu tarixi Azərbaycan torpağı üzərində zəfərlərini bütün dünyaya nümayiş etdirməyə çalışır, hamıya, ilk növbədə Azərbaycana əzələ nümayiş etdirir, dirsək göstərir.
Dünya münaqişələr tarixində çox sayda sülhməramlı missiyaları olub, lakin onlardan heç biri hərbi parad keçirməyi xəyal belə etməyib.
Sülhməramlının işi bölgədə sülhü təmin etmək, tərəflər arasında qarşıdurmaları önləməkdir. Bölgəyə bir azərbaycanlı ailəsi qayıtmayıbsa, “sülhməramlılar” Qarabağa 100 min erməni yerləşdirdiklən sonra qondarma qurumun 33 illiyini münasibətilə böyük təntənələrə şərait yaradıb və indi də hərbi parad keçirməyə hazırlaşırsa, söhbətin Azərbaycana, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı hərbi-siyasi iddialardan getdiyi gün kimi aydındır.
Əslində, bu yolun təməli 10 noyabrda qoyulmuşdu. Bədnam, antimilli 10 noyabr Bəyanatına imza atmaqla Azərbaycan hakimiyyəti Azərbaycan dövlətçiliyinin sütunlarının altına uzunmüddətli mina yerləşdirilməsinə razılıq vermişdi. Və nə yazıq ki, biz böyük ürək ağrısı ilə, yana-yana bunları dilə gətirəndə çoxları tərəfindən həqarət görürdük. Amma bizlər bu günləri görərək deyirdik…
Rusiya özünü Qarabağın gerçək sahibi kimi aparır. Xankəndində Rusiya Federasiyasının dövlət strukturları fəaliyyət göstərir. Yüz minlik Qarabağın humanitar, mülki infrastruktur problemləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının toplantılarında əhalisi 20 milyonu aşan Moskva və Sankt Peterburqun sosial-iqtisadi çətinliklərindən çox müzakirə edilir.
“Sülhməramlılar” Qarabağda 100 min erməni və 0 sayda azərbaycanlı məskunlaşdırıb. Rus dili erməni dili ilə birlikdə Qarabağın rəsmi dilidir. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran daxil 3,7 min kv.km. ərazimiz hələ də ermənilərin və artıq həm də rusların nəzarətindədir.
Dağlıq Qarabağa aidiyyatı olmayan 65 km uzunluğunda, 5 km enində, cəmi 0,33 min kv.km suveren Azərbaycan ərazisi yenə də ermənilərlə rusların birgə nəzarətindədir. Həmin ərazidə Azərbaycanın dövlət sərhəddi belə yoxdur!
Azərbaycanlılar guya artıq bizə qaytarılan Laçın və Kəlbəcərə gedə bilmir, çünki bu bölgələrə aparan yollara da ermənilərlə ruslar nəzarət edir.
Rusiya isə bütün Azərbaycan ərazisi boyu maneəsiz şəkildə Qarabağa, oradan da Laçın dəhlizi üzərindən Ermənistana istədiyi hərbi texnikanı daşıyıb bölgədə özünün ikinci hərbi bazasını genişləndirməkdədir.
Bir Azərbaycan vətəndaşı, məmuru, hətta prezidenti Xankəndinə gedə bilmir. Hətta İlham Əliyev də, hətta Şuşaya getmək üçün də Rusiya “sülhməramlılarından” razılıq alır və onların müşayiəti ilə hərəkət edir.
Rusiya Dövlət Dumasının deputatları vaxtaşırı olaraq Qarabağın Rusiyaya birləşdirilməsinin zəruriliyi haqqında açıqlamalar verirlər. Azərbaycan hakimiyyəti, Azərbaycanın xarici siyasət idarəsi nəinki onlara, hətta Rusiyanın Ermənistandan başımıza yağdırdığı ölümsaçan “İskəndər”-lərə belə düz-əməlli etiraz edə bilmir…
Bəlkə bu gün, heç olmasa Rusiyanın ölkəmizə “İskəngər” raketləri atdığı təsdiqini tapandan və işğalçı rus ordusu 9 Mayda keçirəcəyi hərbi paradın hazırlıqlarına başlayandan sonra Paul Goble-un sualını özümüzə verək: biz 9 dekabrda nəyin zəfərini bayram etmişik?! Rusiyanın Qarabağ zəfərinimi?!