QIRIQ QƏLBLƏR, PARÇALANMIŞ HƏYATLAR
Repressiyanın parçaladığı uyğur ailələrinin yaşadığı kabus
Amnesty International/Beynəlxalq Amnistiya Təşkilatı
Təxminən dörd il öncə ölkədən xaricdə təhsil alan və ya işləyən uyğur ailələri təkrarlanan bir kabus yaşamağa başladılar. Çoxu bir və ya bir neçə uşağını Çinin şimal qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində (Şərqi Türküstan-tərc.) yaxınlarının yanında qoyub xaricə gedəndə Çinin bölgədəki etnik əhaliyə qarşı misli görülməmiş bir repressiya planladığını, bu repressiyanın yüz minlərlə valideynin həyatını yaşanmaz vəziyyətə gətirəcəyini təxmin etməmişdi.
Uyğurlar Sincanda (Şərqi Türküstanda-tərc.) on illərdir sistematik bir şəkildə etnik və dini ayrı-seçkiliyə məruz qalmaqdadırlar. 2014-cü ildən bu yana bölgədə polis nəzarəti misli görülməmiş şəkildə artırılmış, Çin tərəfindən “dini radikalizm”ə qarşı elan edilmiş “terrora qarşı xalq mübarizəsi” siyasəti çərçivəsində bölgəyə dəmir pərdə çəkilmişdir. 2016-cı ildə dövlət nəzarəti və sosial tədbirlər daha da gücləndirildi. 2017-ci ildə isə bölgədə yaşayan uyğurlar, qazaxlar və başqa müsəlman xalqlar üçün həyat dözülməz olmağa başladı. O vaxtdan ən az bir milyon insan “təlim-islahat” və ya “peşə təlimi” mərkəzləri adlandırılan düşərgələrdə saxlanılmaqda və bu düşərgələrdə işgəncə, pis rəftar, siyasi təlqin və beyin yuma fəaliyyətləri, eləcə də məcburi assimilyasiya ilə üzləşməkdədirlər. Bu kütləvi həbslər və sistematik repressiyalar üzündən xaricdə yaşayan uyğurlar ölkələrinə qayıdıb uşaqlarını görə bilmir. Üstəlik, uşaqları da Çini tərk edib valideynlərinin yanına gedə bilmir.
İlk günlərdə valideynlərin çoxu bu repressiyanın müvəqqəti olacağını və bir müddət sonra evlərinə qayıda biləcəklərini düşünmüşdülər. Ancaq ölkələrindəki dostları və yaxınları onları xəbərdar etmişdi ki, qayıdacaqları halda həbs düşərgələrinə salınacaqlar. Sözü gedən düşərgələrin mövcudluğu və istənilən müsəlmanın səbəbsiz yerə bu düşərgələrə salınma ehtimalının olduğu artıq danılmazdır. Başlanğıcda bəzi uyğurlar öz uşaqları ilə təmas yarada bilirdi, ancaq uşaqlara baxan yaxınları həbs düşərgələrinə göndərildikdən sonra bu imkan da aradan qalxdı. Beləcə, valideynlərin xaricdəki yaşamı geri dönüşü olmayan bir sürgün həyatına çevrildi.
Bu yaxınlarda Beynəlxalq Amnistiya Təşkilatı Avstraliya, Kanada, İtaliya, Hollandiya və Türkiyədə yaşayan, uşaqlarından ayrı düşmüş altı valideyn ilə yaxın təmas qurub. Onların ifadələri Çində “tələdə” qalmış uşaqları ilə görüşmək üçün can atan uyğur ailələrinin yaşadıqları acıların yalnız cüzi bir hissəsidir.
Uşaqlar haradadır?
Ailə üzvlərinin harada olduğunu öyrənmək xaricdə yaşayan uyğurlar üçün nə qədər çətin, bəzən hətta qeyri-mümkün olsa da bəzi valideynlər dostlarından, yaxınlarından kodlaşdırılmış sözlər, şəkillər, video mesajlar alaraq az da olsa məlumat sahibi ola bilirlər. Bu sayədə uşaqlarının dövlət “yetim düşərgələri”nə və ya internat məktəblərinə aparıldıqlarını öyrənirlər.
“İndi mənim uşaqlarım Çin hökumətinin əlindədir, onları bir də görə biləcəyimdən əmin deyiləm” Mihriban Kader
Demək olar ki hamı birlikdədir: dörd yeniyetmə qorxulu bir səyahətdə
Mihriban Kader və Ablikim Memtininin dörd uşağı Kaşqardan 5000 km məsafədə yerləşən Şanxaya gedib.
Əslən Kaşqarlı olan Mihriban Kader və həyat yoldaşı Ablikim Memtinin 2016-cı ildə polis tərəfindən sorğu-suala tutulduqdan və pasportlarını polisə təhvil vermələri tələb edildikdən sonra İtaliyaya qaçıblar. Onlar ölkədən çıxdıqdan bir müddət sonra polis Mihribanın dörd uşağına baxan valideynlərini sorğu-suala tutmağa başlayıb. Daha sonra uşaqların nənəsi həbs düşərgəsinə aparılıb, baba isə bir neçə gün istintaqda qaldıqdan sonra aylarla xətəxanada yatıb. Beləcə uşaqlar kimsəsiz qalıblar. “Ata-anamın başına gələnlərdən sonra qalan qohumlarımız uşaqlarıma baxmağa cəsarət edə bilmədilər” – Mihriban belə deyir – “qorxurdular ki onları da düşərgələrinə göndərərlər”.
2019-cu ilin Noyabr ayında Mihriban və Ablikim İtaliya hökumətindən uşaqlarının İtaliyaya gəlməsi üçün izacə aldıqları zaman ümidlənmişdilər. Ancaq bunun üçün 12, 14, 15 və 16 yaşında olan 4 uşaq İtaliya vizası almaq üçün Pakistan sərhəddi yaxınlığındakı Kaşqardan Çinin şərqində yerləşən Şanxaya getməli idilər. Bu çox riskli və əziyyətli səyahətin sonunda uşaqlar İtaliya konsulluğuna çatdıqları zaman bəlkə də valideynlərinin artıq onları qucaqladıqlarını hissə edirdilər. Ancaq onların konsulluğa girmələrinə icazə verilmir, əvəzində də belə bir ailə vizasının ancaq Pekindəki İtaliya səfirliyində verilə biləcəyi deyilir. Pekində isə 2020-ci ilin iyun ayında artıq giriş-çıxış qadağası vardı və oraya heç kim gedə bilməzdi. Qəlbi qırılan uşaqlar konsulluğun önündə durub kiminsə yardım edəcəyinə ümid bəsləsələr də əvəzində Çinli mühafizəçilər onları polis çağırmaqla təhdid edib oradan uzaqlaşdırırlar. Uşaqlar yenə də məyusluğa qapılmayaraq bir neçə turizm agentliyinə müraciət edərək İtaliya vizası almağa çalışırlar. İyun ayının 24-də isə Şanxayda bir oteldə polis onların dördünü də tutaraq Kaşqarda yerləşən yetimlər evinə geri göndərir. Uşaqların konsulluğa girmələrinə imkan yaradılsaydı, indi onlar ata-anaları ilə birlikdə yaşayıb ötən günləri xatırlayaraq Çin yetimlər evində çürümədiklərinə sevinərdilər. Ancaq hazırda Mihribanla Ablikim uşaqlarını birdəfəlik itirmək ehtimalından qorxurlar.
2016-cı ilin sonlarında Çin dövlət orqanları Sincanda (Şərqi Türküstanda-tərc.) sistemli bir şəkildə pasportları müsadirə etməyə başladı. Pasportlarını polis şöbələrinə təhvil verməli olan ailələrdən bir çoxu bunun əvəzinə çox gec olmadan Çini tərk etməyə qərar verdilər. Pasportları olmayan uşaqlarını aparmaq üçün isə daha sonra gəlməyi qərarlaşdırmışdılar. Xaricdə Çin səfirlikləri və ya konsulluqlarına müraciət edən uyğur ailələr heç bir məlumat ala bilmir, əvəzində onlara Sincana (Şərqi Türküstana-tərc.) geri qayıtmalı olduqları deyilirdi. Orada isə onları səbəbsiz həbs və ya başqa qeyri-qanuni cəzalar gözləyirdi.
“Mən ailəsi dağıdılmış minlərlə uyğurdan biriyəm… 1594 gündür qızlarımızın səsini eşitməmişik”. Ömər Farux
Qızlarımdan ayrı həyat: 1594 gün üstəgəl…
Ömər Farux İstanbulda bir kitab dükanı işlədir. 2016-cı ildə həyat yoldaşı Məryəm Farux ona zəng edəndə Səudiyyə Ərəbistanında idi. Yoldaşı gecə vaxtı zəng edib polisin pasportları yığdığını xəbər verib. Narahat olan Ömər Məryəmə pasportunu təhvil verməməyi tapşırıb və dərhal həm Məryəm, həm də pasportu olan iki böyük qızı üçün təyyarə bileti alıb. Beş və altı yaşları olan iki kiçik qızının isə xaricə səyahət üçün sənədləri yox idi. Bölgədə kütləvi pasport müsadirə tədbirlərindən qorxuya düşmüş cütlük kiçik qızlarını Mərkəzi Sincanda yerləşən Korlada Məryəmin valideynlərinin yanında qoymaqdan başqa çarə tapmayıblar. Ancaq tezliklə Ömər öz valideynləri ilə də əlaqəni itirib. 2017-ci ilin oktyabr ayında bir dostu ona qayınatası ilə qayınanasının nəzarət düşərgəsinə aparıldığını deyib.
“Mən ailəsi dağıdılmış minlərlə uyğurdan biriyəm… 1594 gündür qızlarımızın səsini eşitməmişik” – Bunları deyərkən Ömərin səsi titrəyir – “Yoldaşım da mən də yalnız gecələr ağlayırıq, kədərimizi yanımızdakı uşaqlarımızdan gizlətməyə çalışırıq. Mən qızlarımız üçün hər şeyi qurban verməyə hazıram. Bilsəm ki qızlarım azad olacaqlar, həyatımı da qurban verərəm”.
Ömərlə ailəsi, bütün uşaqlar da daxil olmaqla, 2020-ci ilin iyun ayında Türkiyə vətəndaşlığı alıblar. O vaxtdan Ömər kiçik qızlarını Çindən gətirə bilmək üçün Türk dövlət orqanlarının dəstəyini almağa çalışır. Türkiyənin Pekindəki səfirliyi 2020-ci ilin avqust ayından etibarən lazımi prosedur başlatdığını və həmin ilin oktyabr ayında Çin hökumətinə diplomatik nota göndərdiyini bildirsə də Ömər hələ ki iki kiçik qızını Türkiyəyə gətirə bilməyib.
Ömər deyir: “bütün insanlara bir sözüm var: özünüzü bizim yerimizdə təsəvvür edin, bir anlıq bizim başımıza gələnləri gözünüzün önünə gətirib bizim üçün səsinizi yüksəldin”.
Bəzi ailələr kiçik uşaqlarının nənə-babaları ilə bir qədər vaxt keçirmələrini istəyiblər. Uşaq gözləyən bəzi ailələr isə qatı demoqrafik və doğuma nəzarət qaydaları olan Çin dövlətinin ağır cəzalandırma sistemindən qaçmaq üçün müvəqqəti olaraq xaricə getməyi seçib. Bu yolla bir çox qadın demoqrafik azadlığının əlindən alınmasından xilas ola bilib.
“Bağışla, səni dünyaya gətirdim, ancaq qayğına qala bilmədim, sənə ana ola bilmədim”. Rizvangül
Oğlumun sağ olduğunu de, salamat olduğunu, yaxşı olduğunu söylə
2014-cü ildə Rizvangül Dubayda satıcı işləyirdi. O vaxt üç yaşı olan oğlu ilə yaxın qohumu Məhəmməd hər altı ayda bir onun görüşünə gəlirdi. Rizvangül oğlunu birdəfəlik öz yanına gətirib onunla birlikdə yaşamağı planlasa da valideynləri uşağın məktəb yaşıdadək Çində qalmasının yaxşı olacağını, beləcə Rizvangülün də işinə daha çox vaxt ayıra biləcəyini demişdilər. O da razılaşmış, bir neçə ilə Dubayda tam yerləşib şəraitini yaxşılaşdırdıqdan sonra oğlunun məktəbi üçün hazırlıq görəcəyini düşünmüşdü.
“Hər dəfə məzuniyyətə çıxıb Sincana (Şərqi Türküstan-tərc.) evimizə gedəndə oğlumla bir ay vaxt keçirirdim. O vaxt inanılmaz dərəcədə xoşbəxt olurdum” – Rizvangül deyir – “O Dubaya yanıma gələndə həyatımın ən gözəl anlarını yaşayırdım”.
Rizvangülün yaxın qohumu Məhəmməd iş məqsədi ilə Dubayda qalmışdı. 2017-ci ildə isə anası xəstə olduğu üçün Sincana (Şərqi Türküstana-tərc.) qayıdır. Cəmi iki ay sonra planladığı şəkildə vətəninə baş çəkmək istəyən Rizvangül isə bacısı və dostlarından xəbər alır ki, Çinə qayıdacağı təqdirdə onu təhlükə gözləyir. O vaxt Rizvangül vəziyyətin bu qədər ağırlaşacağını bilə bilməzdi. Daha sonra o, bacısından Məhəmməd haqqında soruşur və onun vətənə qayıtdıqdan bir gün sonra “oxumaq” üçün “məktəbə” getdiyini öyrənir. Rizvangül Məhəmmədin “rehabilitasiya-təhsil” düşərgəsinə aparıldığını başa düşür.
Daha sonra sentyabrda Rizvangülün oğluna baxan bacısı təhlükəli olduğu üçün bir də onlara zəng etməməsini tapşıranda dünya qadının gözündə qaralır. O vaxtdan Rizvangül nə vətənindəki dostları, nə də bacısı və oğlu ilə əlaqə yarada bilib. “Mənim yaşadıqlarımı başqalarının anlaması çətindir” – Rizvangül göz yaşları içində deyir – “sadəcə onun sağ olduğunu, salamat olduğunu öyrənə bilmək üçün dözürəm. İndi onunla danışa bilsəydim, deyərdim ki, bağışla, səni dünyaya gətirdim, ancaq qayğına qala bilmədim, sənə ana ola bilmədim. Təsəvvür edin, ailənizə zəng edə bilmirsiniz, uşaqlarınızın, valideynlərinizin ya da qohumlarınızın sağ olub-olmadığını illərlə öyrənə bilmirsiniz. Bir də təsəvvür edin ki, bu vəziyyətdə siz tək deyilsiniz, milyonlarla uyğur ailə üzvlərindən ayrı düşüb. Bunların başımıza gələcəyini heç vaxt düşünməzdik, ancaq belə oldu. Bizə yardım edin”.
Çindən xaricdə yaşayan yaxud həbs düşərgələrində və həbsxanalarda saxlanılan valideynlərindən ayrı düşmüş uşaqların sayını təxmini də olsa öyrənmək həddindən artıq çətindir. Hazırda Sincanda (Şərqi Türküstanda-tərc.) baş verən insan haqları pozuntularının tam miqyasını sənədləşdirmək son dərəcə çətindir, çünki bu barədə məlumat əldə etmək və ya məhdudiyyətlər ucbatından bölgəyə səfər etmək, demək olar ki, mümkün deyil.
“Uşaqlarımın, ailəmin başına nə gəldiyi barədə heç bir məlumatım yoxdur. Bu necə ola bilər? Əlinizdən gələni edin, bizə kömək edin ki, davam gətirə bilək”. Dilnur
Görəsən qayıdım ya qayıtmayım?
Əslən Kaşqarlı olan Dilnur hazırda 11 yaşlı qızı ilə Kanadada yaşayır və ingiliscə öyrənir. Çində polis onları tez-tez narahat etdiyi, evində axtarış apardığı və hicabını açmağı tələb etdiyi üçün, o, 2016-cı ildə qızı ilə Türkiyəyə gedib. Çində iki qızı (biri 11, digəri isə 9 yaşında) üçün pasrport almağa bir il vaxt sərf edib. 7 yaşılı oğluna isə pasport verməyiblər. Səbəbini soruşduqda polis ona deyib ki, oğluna da pasport versələr bir də Çinə qayıtmaz. Üstəlik, kiçik qızının allergiyası olduğundan uzun səyahətə davam gətirməyəcəyi üçün, Dilnur oğlu ilə kiçik qızını valideynlərinin yanında qoyub. Çindən çıxdıqdan bir neçə ay sonra Dilnur ailəsindən kiçik qızının pasportunun müsadirə edildiyini öyrənib. 2017-ci ilin əvvəllərində isə o, həyatında ən böyük çıxılmaz vəziyyətlə üzləşib: bacısı ona evə qayıtmalı olduğunu bildirib. Uşaqlarına baxan atasını polis hər həftə uzun-uzadı dindirirmiş. Dilnur səbəbini soruşanda bacısı deyib: “Dövlət sənin evə qayıtmağını istəyir. Ailəmizin əmin-amanlığı səndən asılıdır. Dərhal geri qayıtmasan, ailəmizi də qohum-əqrəbamızı da cəzalandırıb düşərgələrə aparacaqlar”. Bu sözləri eşidən Dilnurun gözünə bir anda qaranlıq çöküb. Sevdiyi insanların həyatının onun qayıdıb-qayıtmamaq qərarından asılı olduğunu düşünmək onu çarəsizliyə düçar edib. Axı Çinə qayıtsa belə, uşaqlarından ayrılaraq həbs düşərgəsinə aparılacağını da bilirdi. Bir həftə boyunca yata bilməyib, nə edəcəyini düşünməyə çalışıb. Sonra bir qohumu ona atasından xəbər göndərib. Atası Dilnurun əsas diqqətini təhsilinə ayırmalı olduğunu deyib. Bir qədər sonra isə atası yenə xəbər göndərib: “Dilnur heç vaxt geri gəlməsin”. Dilnur deyir ki, geri qayıdacağı təqdirdə başına nə gələcəyini atası bilirdi, ona görə də qızını təhlükədən qorumaq qərarına gəlib. Bundan başqa, Dilnur ailəsinin və qohumlarının uyğur olduqları üçün təzyiqə məruz qaldığını, ona görə də geri qayıtsa belə dövlət orqanlarının onları azad etməyəcəyini söyləyir.
2017-ci ildən bəri Dilnur ailə üzvlərindən heç biri ilə əlaqə qura bilməyib. Sincandakı iki uşağının başına nə gəldiyi haqqında heç bir məlumatı yoxdur. Mümkün hər bir yolu sınasa da heç bir şey öyrənə bilməyib. “Uşaqlarımı xilas etmək üçün əlimdən gələni artıqlaması ilə etdim, ancaq heç bir şey alınmadı. Bir ara həftə boyunca hər gece kabus görürdüm. Yuxuda uşaqlarım məni çağırırdılar. Daha sonra müəllimləri deyirdi: “ananız sizi tərk edib.” Bu yuxulardan sonra Dilnur artıq yatmaqdan da qorxur.
Dilnur Kanadada daimi yaşayış icazəsi aldıqdan sonra dövlət orqanlarından uşaqlarını Çindən çıxarmaq üçün yardım istəməyi planlaşdırır. Türkiyədə yaşayarkən Türkiyə Xarici və Daxili İşlər Nazirliklərinə, eləcə də Prezident Aparatına məktub yazaraq kömək istəyib, ancaq heç bir cavab ala bilməyib. Beynəlxalq Amnistiya Təşkilatı vasitəsilə dünyaya səslənən Dilnur insanları hərəkətə keçməyə çağırır: “Uşaqlarımın, ailəmin başına nə gəldiyi barədə heç bir məlumatım yoxdur. Bu necə ola bilər? Əlinizdən gələni edin, bizə kömək edin ki, davam gətirə bilək. Hər bir fərdi vicdanının səsini dinləməyə çağırıram. Bizim üçün səsinizi yüksəldin, bizi müdafiə edin, bu faciənin uşaqlarımızın başına gəlməsinə imkan verməyin”.
Çindən xaricdə yaşayan uyğurlar özlərinə və yaxınlarına qarşı Çində baş verən insan haqları pozuntuları haqqında danışmağa çəkinirlər, çünki Çində qalan qohumlarının bunun bədəlini ödəyəcəyindən qorxurlar. Bütün bunlara baxmayaraq, altı ailə həyat hekayələrini açıqca paylaşmaq qərarı verib. Bu yolla tezliklə uşaqlarını görəcəklərinə ümid edirlər.
“Bu dözülməz əzabların heç birinə layiq deyilik. Sadəcə uyğur olduğun, ya da çinlilərin çoxundan fərqli olduğun üçün həyatının dörd-beş ilini itirirsən”. Mamutcan
“Evdə hökumət adamları var”
Kaşqarda doğulub böyüyən Mamutcan hazırda Avstraliyada yaşayır. Malayziyada doktoranturada oxuyarkən 2012-ci ildə həyat yoldaşı Məhərrəmlə körpə qızı da onun yanına gəlib. Məhərrəm pasport almaq üçün iki ildən çox gözləməli olub.
Mamutcan birlikdə olduqları vaxtları həsrətlə anır: “Məhərrəmlə qızım ilk dəfə Kuala-Lumpura yanıma gələndə elə həyəcanlı idim ki… O günlər həyatımın ən xoşbəxt, ən dəyərli günləri idi”.
Mamutcanın ömrünün xoşbəxt dövrü üç il davam edib. 2015-ci ildə Kuala-Lumpurdakı Çin səfirliyi pasportunu itirən Məhərrəmə yeni pasport verməkdən imtina edib. O da yeni pasport almaq üçün beş yaşlı qızı və altı aylıq oğlu ilə Çinə qayıtmağa məcbur qalıb. O vaxt cütlük bunun adi prosedur olduğunu düşünüb. Çinin uyğurlara qarşı geniş miqyaslı bir repressiya başladacağını, illərlə davam edəcək iztirablı ayrılığın başlayacağını heç kim sezməyib. Nəticədə Məhərrəmlə iki uşağı Kaşqardan çıxa bilməyiblər. 2017-ci ilin aprel ayında Məhərrəm həbs düşərgəsinə aparıldığı gündən bir gün əvvələ qədər Mamutcan onunla əlaqə saxlayırmış. Məhərrəm həbs edildikdə uşaqları nənə-babalarının yanına qoyub. Bir qədər sonra isə Mamutcanın valideynləri ondan bir də əlaqə saxlamamağı tələb ediblər. Dostlarının, qohumlarının çoxu onu mesajlaşma proqramlarından siliblər. Sonrakı iki il ərzində Mamutcan həyat yoldaşının harada olduğu barədə çox az məlumat ala bilib. Nə qayınata-qayınanası, nə də öz ata-anası ilə əlaqə qura bilməyib. 2019-cu ilin may ayında Mamutcan bir qohumunun sosial şəbəkə hesabında oğlunun videosunu görüb. Videoda oğlu həyəcanla qışqırırmış: “anam təhsilini bitirib məzun oldu!” Bundan sonra Mamutcan düşünməyə başlayıb ki, yoldaşı həbs düşərgəsindən buraxılıb. Daha sonra o, şansını sınamaq qərarına gələrək 2019-cu ilin avqustunda valideynlərinə zəng edib. Elə hesab edib ki, gördüyü video ailəsinin acınacaqlı vəziyyətinin bir qədər yaxşılaşdığını göstərir. Zənginə anası cavab verəndə Mamutcan həyəcanlanıb: “Qurban bayramınızı təbrik etmək istədim, çoxdandır sizinlə danışmırdım”. Anası isə titrək səslə “evdə hökumət adamları var” deyərək telefon danışığını bitirib. Mamutcan ard-arda yenidən zəng edib, ancaq hər dəfə xətt məşğul olub. O, valideynlərinin qəsdən zənglərə cavab vermədiklərini, xaricdə yaşayan biri ilə əlaqə saxlamağın həbs düşərgəsi və ya başqa bir cəza ilə nəticələnəcəyindən qorxduqları üçün belə etdiklərini düşünür.
Keçən il ərzində Mamutcan dostlarından kodlaşdırılmış sözlər şəklində az da olsa məlumat ala bilib. Dostlarının dediyinə görə, Məhərrəm hələ də həbsdədir. Bir dostu ona “yoldaşının beş yaşının olduğunu” deyib. Mamutcan elə hesab edir ki, dostu ona Məhərrəmin beş il həbs cəzası aldığını demək istəyib. Başqa bir dostu isə Məhərrəmin “xəstəxanada” olduğunu deyib. Uyğurların kodlaşdırılmış dilində bu, həbs düşərgəsi və ya həbsxana mənasını verir.
Nə ailəsi, nə də yaxınları ilə əlaqə saxlaya bilməyən Mamutcan oğlunun qayınanasının yanında qaldığını, qızına isə öz valideynlərinin baxdığını ehtimal edir. Belə ki, yaxın dostları onun ailəsinin vəziyyətini öyrənmək üçün yaşadığı şəhərə baş çəkərək iki video göndərə biliblər. “Bu dözülməz əzabların heç birinə layiq deyilik. Sadəcə uyğur olduğun, ya da çinlilərin çoxundan fərqli olduğun üçün həyatının dörd-beş ilini itirirsən”.
Mamutcan Sincandakı repressiya siyasətinə son verməsi üçün Çin hökumətinə səslənir: “Əgər içlərində bir az insanlıq qalıbsa, Çin dövlət qurumları insanlarla belə rəftara son verməli, ailələrin qovuşmasına imkan yaratmalıdırlar. Biz heç bir cinayət törətməmişik. Bu kütləvi qəddarlığın miqyasını başa düşmələrini istəyirəm… Bu, ağrı verici, dözülməz dərəcədə əzablı ədalətsizlikdir. Bu vəziyyəti daha dəqiq təsvir etmək üçün başqa söz tapa bilmirəm”.
Mamutcan hazırda yaşadığı Avstraliyada Daxili İşlər Departamentinə müraciət edib, ancaq orada ona daimi yaşayış icazəsi olmadığı üçün kömək edə bilməyəcəklərini deyiblər.
Köhmə bir deyim var: “uşaqlar ürəkdir, uşaqlar həyatdır”. Elə bil ürəyimi itirmişəm, bütün həyatımı itirmişəm”. Merifet Metniyaz
Dəhşətli xəbərlər axın-axın gəlir
Merifet Metniyazla əri Turğun Memet 2017-ci ilin mart ayında Merifetin xəstə atasınının müalicəsi üçün Sincandan Türkiyəyə gediblər. Merifet vətənindəki Hotan şəhərində ultrasəs üzrə mütəxəssis həkim işləyib, yoldaşı Turğun isə daşınmaz əmlak sahəsində sərmayə işləri ilə məşğul olub. Onlar tezliklə ölkələrinə qayıdacaqlarını düşünərək Çindən bir aylıq viza ilə çıxıblar. O vaxt Turğunun Urumçidə yaşayan anası oğlunun 6, 8, 9 və 11 yaşlı dörd uşağına baxmağa başlayıb.
Merifetin atasının qayğısına qalan cütlük ailələrindən Türkiyəyə səyahət edən uyğurların Çinə qayıtdıqları zaman saxlanıldıqları və həbs düşərgələrinə aparıldıqları ilə bağlı dəhşətli xəbərlər almağa başlayıblar, ona görə də qayıdış planını təxirə salıblar.
Merifet deyir: “düşündük ki, bir az səbr edib bir neçə ay gözləsək, Urumçidə vəziyyət düzələr, biz də geri qayıdarıq. Gözlədik, ancaq hər şey sadəcə pisləşdi. Sadəcə xaricə gedən insanları deyil, namaz qılan, saqqal saxlayan hər kəsi həbs etdilər. Oradakı həbsxanalar haqqında çox şeylər eşitmişik, ona görə də geri qayıtmağa qorxuruq”.
2017-ci ilin sonlarında Turğun uşaqları ilə birlikdə anasının Urumçi şəhərindən çıxarılaraq rəsmi qeydiyyatda olduğu 1500 km məsafədəki Hotana köçmək məcburiyyətində qaldığını öyrənib. Pis xəbərlərin ardı-arası kəsilməyib: Turğun daha sonra bacısı Aminadan öyrənib ki, Hotana köçdükdən bir qədər sonra anasını düşərgəyə aparıblar. Uşaqları isə Hotana köçdükdən beş gün sonra Aixin uşaq bağçasına aparılıb. Bu uşaq bağçası əslində yetimlər evidir.
Merifet üçün bu xəbər qəbul etmək olduqca çətin olub: “Uşaqlarımla əlaqəni itirdikdən sonra psixologiyam pozuldu”. O, tez-tez qarabasmalar, kabuslar görməyə, ağlayaraq yuxudan dik atılmağa başlayıb. “Köhmə bir deyim var: “uşaqlar ürəkdir, uşaqlar həyatdır”. Elə bil ürəyimi itirmişəm, bütün həyatımı itirmişəm”. Hönkür-hönkür ağlayan Merifet deyir: “Həyatımın mənası uşaqlarım idi. Həmişə onların sağlığını, sağlamlığını düşünürəm, narahat oluram ki, görəsən necə rəftar görürlər”.
Sonrakı aylar ərzində Turğun uşaqlarının taleyi barədə xəbər verməyə çalışan bacısından bəzi kodlaşdırılmış mesajlar alıb. Əvvəlcə Amina uşaqlara həftədə bir dəfə baş çəkə bilirmiş, ancaq bir neçə həftə sonra ona artıq uşaqlarla görüş icazəsi verəyiblər. 2018-ci ilin iyun ayından etibarən isə Turğun hətta bacısı Amina ilə də əlaqə saxlaya bilməyib.
Bir neçə ay sonra qardaşının yoldaşı ona Aminanın polisdə istintaq zamanı öldürüldüyü xəbərini çatdırıb. Turğunla Merifet depressiyaya düşüblər. Bir müddət sonra isə Turğun həmin qardaşı arvadının da 2018-ci ilin sonlarında həbs düşərgəsinə aparıldığını öyrənib. Beləcə, uşaqları haqqında məlumat ala biləcəkləri heç kim qalmayıb.
Merifet ve Turğun Türkiyə Xarici İşlər Nazirliyinə, eləcə də Türkiyə Prezidentinin müşavirlərinə və Çinin İstanbuldakı konsulluğuna məktublar yazıblar, ancaq hələ ki cavab almayıblar. Merifet deyir: “Tək istəyim uşaqlarını, valideynlərini, yaxınlarını, sevdiklərini itirmiş insanların onlara qovuşmasıdır”.
Çin davam etməkdə olan kütləvi insan haqları pozuntularına son qoymalı, Sincan bölgəsində repressiv siyasətini dayandırmalı və beynəlxalq standartlarla qəbul edilmiş uşaq haqları da daxil olmaqla insan haqlarına hörmət göstərməlidir. Çin dövləti 1992-ci il Uşaq Haqları Konvensiyasını imzalamışdır. Bu konvensiyanın 9 və 10-cu bəndlərinə görə, Çin uşaqların iradələrinə zidd olaraq valideynlərindən ayrı düşməməsini təmin etməli, eləcə də uşaqların mənfəətinin ilk növbədə dəyərləndirilməsini nəzərə almalıdır (maddə 3). BMT Uşaq Haqları Komitəsi təsdiq etmişdir ki, əgər ailə üzvlərinin birlikdə yaşaması ailənin mənsub olduğu ölkədə hər hansı səbəbdən mümkün deyilsə, həm ailənin sığındığı ölkə, həm də mənsub olduğu ölkə ailə üzvlərinin hər hansı bir yerdə qovuşmasını təmin etmək üçün, onların mənsub olduğu ölkəni tərk etmək hüququ da daxil olmaqla, uşaqların və valideynlərinin haqları çərçivəsində əlindən gələni etməlidir. Valideynlərindən ayrı düşən uşaqlar əsasən valideynləri ilə şəxsi əlaqə saxlamaq və adi qaydada birbaşa təmas qurmaq hüququna sahibdirlər. Əgər dövlət uşağı nəzarətə götürübsə, məsələn, yetimlər evinə və ya internata yerləşdiribsə, uşağın yerləşdiyi yer barədə valideynlərinə və ya başqa ailə üzvlərinə xəbər verməlidir.
İfadə azadlığı, şəxsi həyat və ailə həyatı ilə bağlı haqlar çərçivəsində, uşaqlar da daxil olmaqla, bütün insanlara xaricdə yaşayan ailə üzvləri ilə daimi qaydada əlaqə saxlamaq imkanı yaradılmalı, hər hansı sərhəd məhdudiyyəti olmadan məlumat öyrənmək, almaq və vermək hüququ tanınmalıdır.
2016-cı ilin oktyabr ayında uyğurların azadlıqlarını daha da məhdudlaşdırmaq məqsədi ilə Sincanda dövlət orqanlarının insanların pasportlarını müsadirə etdiklərinə dair çoxsaylı xəbərlər yayıldı. İnsanların hərəkət azadlığı səbəbsiz bir şəkildə məhdudlaşdırıla bilməz və bu azadlığa öz ölkəsini tərk etmək məqsədilə müvafiq sənədləri əldə etmək haqqı da daxildir. Sadəcə açıq qanuni səbəblər olduğu təqdirdə, legitim bir məqsəd çərçivəsində və digər insan haqlarına uyğun bir şəkildə, o cümlədən, ayrı-seçkiliyə yo vermədən bir insanın hərəkət azadlığı məhdudlaşdırıla bilər.
Beynəlxalq Amnistiya təşkilatının müsahibə aldığı valideynlər Çin konsulluqlarının onların pasportlarını yeniləməklə bağlı müraciətlərini qəbul etmədiklərini, əvəzində isə bunun üçün Çinə getməli olduqları cavabını aldıqlarını ifadə edirlər. Bir dövlətin pasport yeniləmə və ya pasportun qüvvədə olma müddətini uzatma ilə bağlı müraciəti qeyri-qanuni bir şəkildə və ya administrativ tədbirlər çərçivəsində qəbul etməməsi şəxsin hərəkət azadlığının pozulması kimi qəbul edilir.
Çin hökuməti uşaqların və ya onların valideynlərinin sərbəst bir şəkildə Çinə daxil olmaq və ya Çindən çıxmaq üçün etdikləri müraciətləri üzərinə götürdüyü öhdəliklər çərçivəsində dəyərləndirməli, xüsusən də məqsədi öz ailə üzvlərinə qovuşmaq olan insanların hərəkət azadlığını pozitiv, insani və sürətli tədbirlərlə təmin etməlidir. Bundan başqa, Çin hökuməti valideynlərinə və ya uşaqlarına qovuşmaq istəyən insanların bu istəklərinin arzuolunmaz nəticələrə gətirib çıxarmayacağına zəmanət verməlidir. Ailələrin zorla dağıdılmasına yönəlmiş siyasət, xüsusən də uyğur uşaqlarının yetimlər evlərinə zorla aparılması uşaq haqlarının pozulması, ayrı-seçkiliyə qarşı müdafiə haqqının aradan qaldırılması və valideynlərinin inanc və əməllərinə görə uşaqların cəzalandırılması deməkdir.
Ailələrin qovuşmasının qarşısının alan Çin dövləti uyğur ailələrinin üzvlərinin bir-biri ilə normal əlaqə saxlamasını təmin etməlidir. Xaricdə yaşayan yaxınları ilə əlaqə saxlayan uyğurların səbəbsiz yerə Sincandakı həbs düşərgələrinə aparılma təhlükəsi ilə üz-üzə qalması faktları Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən sənədləşdirilmişdir. Bundan başqa, Çin hökuməti xaricdə yaşayan insanların uşaqlarının və ailə üzvlərinin harada olduğunu qısa müddətdə açıqlamalıdır. Buraya həbs düşərgələrində və başqa dövlət orqanlarında saxlanılmaqda olan insanlar da daxildir. Bu mövzu çərçivəsində istənilən məlumatın gizlədilməsi uşaqların ailə həyatı ilə bağlı haqlarına səbəbsiz müdaxilə olaraq görülür (Uşaq Haqları Konvensiyasının 16-cı maddəsi).
Azadfm.com