Müharibə labüddürmü?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ukrayna ilə Rusiya arasında yaranan gərginlik dünyanın diqqət mərkəzindədir. Bu gərginlik təkcə iki ölkə arasında yaşanan konflikt olmayıb, Qərblə Rusiya arasındakı nəhəng geosiyasi qarşıdurmanı əks etdirir. Baydenin hakimiyyətə gələndən sonra, Putin hakimiyyəti ilə bağlı sərt açıqlamalar verməsi və Rusiyaya qarşı İngiltərə, AB ilə birgə koordinasiya olunmuş fəaliyyət mexanizmi yaratması və Ukraynaya açıq hərbi siyasi dəstək göstərilməsi, bu qarşı durmanı labüd edirdi.
Bu baş verənlər fonunda, Rusiyanın gözləmə mövqeyində qalması, Putin hakimiyyəti üçün vəziyyəti daha da mürəkkəbləşdirirərək onun mövqeyini zəiflədə bilərdi. Ona görə də, demək olar ki, Putinin Şərqi Ukraynada onun üçün hazırlanmış geosiyasi tələyə düşməkdən başqa elə bir seçimi qalmayıb. Çünki Qərbin bir neçə istiqamətdə başlatdığı həmlələri qarşısında gözləmə mövqeyində qalacağı təqdirdə, zaman Putin hakimiyyətinin əleyhinə işləyir.
Nəyə görə:
- Rusiya üzü parlament seçkilərinə doğru gedir və harizmasını itirmiş, ictimai rəydə nüfuzu sarsılmış Putinin, qarşıdakı aylarda rus cəmiyyətinin böyük etiraz dalğası ilə üzləşəcəyi gözlənilir. Seçki ərəfəsində Navalnının liderlik etdiyi müxalif hərakəat xalqdan və Qərbdən ciddi dəstək alaraq siyasi prosesləri Putinin nəzarətindən çıxara bilər. Ölkə içində siyasi qarşıdurmanın dərinləşməsi və kütləvi etiraz dalğasının genişlənməsi Putinin geosiyasi ambisiyalarını və Ukrayna qarşısında mövqelərini zəiflədə bilər.
- Putinin yaxın ətrafına və Rusiyanın dövlət şirkətlərinə qoyulan sanksiyaların getdikcə genişlənməsi, xalq arasında onsuz da çətin olan sosial iqtisadi durumu daha da pisləşdirə və Putin komandasında müqavimət əzmini daha da zəiflədə bilər.
- ABŞ, Türkiyə və digər NATO müttəfiqləri Ukrayna ordusunu müasir texnika ilə silahlandıraraq onun döyüş qabiliyyətini artırmaqla məşğuldurlar. Bu proses davam edəcəyi təqdirdə, rus ordusu öz hərbi üstünlüyünü itirə bilər. Digər tərəfdən isə, prezident Zelenskinin ölkədəki 5-ci kalonu əzməsi Rusiyanın Ukraynaya daxildən təsir imkanlarını da sıradan çıxarmaqdadır.
- ABŞ-n Baydenin dediyi kimi yenidən dünya liderliyinə qayıtması və Rusiya, Çinə qarşı geosiyasi həmlələrə başlaması müqabilində, Rusiyanın susqun qalması, Putin hakimiyyətinin ölkə daxilində və himayə etdiyi avtoritar rejimlər qarşısında prestijini tamamən sarsıda bilər.
Bu sadaladığımız səbəblər üzündən Putin ABŞ-n qarşısında imperial iddialarından geri çəkilmədiyini göstərmək üçün Ukrayna cəbhəsində aqressiya nümayiş etdirir. Putin zamanın öz əleyhinə işlədiyini bildiyinə görə, labüd olan müharibəyə özü üçün nisbətən daha əlverişli indiki vaxtda başlamaq istəyir. Çünki, Putin çox yaxşı bilir ki, bu gün heç nə etməzsə belə, Ukrayna onsuz da Qərbin dəstəyi ilə öz ərazi bütövlüyünü təmin etməkdən ötrü nə zamansa müharibəyə başlayacaq.ABŞ-n planı
Bayden hakimiyyəti isə tez bir zamanda Rusiya lə məsələni həll edib Çinlə məşğul olmağa çalışır. Əslində Baydenin Putinə “qatil” deməsi Rusiya ilə bağlı prosesi sürətləndirmək üçün məqsədli şəkildə deyilmiş bir ifadə idi. Usta siyasətçi olan Bayden yaxşı bilir ki, bu cür ifadə ilə Putini aqressivləşdirərək, onun üçün hazırlanmış geosiyasi tələyə salmaq daha rahatdır. Rusiyanın Ukrayna ilə sərhəddə qoşunlarının toplanmasına ABŞ-n verdiyi reaksiya, məsələyə əvvəlcədən planlı şəkildə hazırlaşdığını göstərir. Baydenin dərhal Zelenskiyə zəng etməsi və dövlət katibi Blinkenin Ukrayna xarici işlər naziri ilə vəziyyəti müzakirə etməsi ABŞ-n bütün imkanları ilə Ukraynanın yanında olacağınının mesajını verdi. Pentaqonun rəhbəri Ostinin müharibə olarsa, Ukraynaya hərbi dəstək göstəriləcəyini deməsi, əslində, gözlənilən savaşın həm də ABŞ və Rusiya arasında olacağı anlamına gəlir.
Aydın görünür ki, ABŞ – Putinin geosiyasi ambisiyalarına toxunaraq, onu təhrik etməkdədir. Çünki Rusiyanın Şərqi Ukraynada məğlub olması bir tərəfdən Putin hakimiyyətini ciddi şəkildə zəiflədəcək, digər tərəfdən də Amerikanın beynəlxalq səviyyədə güc və təsir imkanlarını artıraracaq, Qərbi Avropa üzərində təsir imkanlarını artıracaq, Putinin himayəsinə sığınmış avtoritar rejimlərin xarici siyasət oriyentirlərində dəyişikliyə yol açacaq.
Ona görə də bu gün Ukrayna və Rusiya arasında yaşanan gərginlik iki ölkənin qarşıdurması olmaqdan daha çox, qlobal geosiyası toqquşmadır və beynəlxalq səviyyədə qüvvələr balansının dəyişməsinə yönəlib.