Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Professor Cəmil Həsənli Azərbaycanın dünya səviyyəsində tanınan, etiraf olunan, əsərləri Harvard, Oksford, Kembric kimi dünya elm mərkəzlərində çap edilən və dərslik kimi tədris olunan yeganə alimidir.
Cəmil Həsənli əyninə kəfənini geyinib bu xalqın haqqı uğrunda istibdadla, irtica ilə ölüm-dirim savaşının önündə gedən mübarizə adamıdır, siyasi liderdir.
Cəmil Həsənli öz kamil şəxsiyyətilə bütün Azərbaycan ziyalılığına örnək olan bir milli ideya və məram daşıyıcısıdır, Məhəmməd Əmin irsinin ən layiqli varisidir.
Onu tanımaq, onun müasiri olmaq, onunla birlikdə eyni mübarizə yolununu çiyin-çiyinə addımlamaq şərəfdir, fəxarətdir!
Bu gün onun 38 yaşlı subay qızının videogörüntülərini yayıblar. İyrənc əməldir, ləyaqətsizlikdir, amma səbəbsiz deyil. Səbəb isə Tərtər dəhşətləridir, Tərtər cinayətləridir.
Ermənilərin Xocalıda soydaşlarımızın başına gətirdiyi zülmü Azərbaycan hakimiyyəti Tərtərdə Azərbaycanın şərəfli əsgər və zabitlərinin başına gətirib. Dilqəm və Şahbazın 7 il erməni əsarətində görmədiyi işgəncəni Azərbaycan Ordu rəhbərliyi 1800 nəfər azərbaycanlı hərbçiyə verib.
Tərtər kütləvi qətliamında günahsız insanlara ağlasığmaz, yalnız orta əsrlərin inkvizisiya dövrü dəhşətləri ilə qiyaslana biləcək işgəncələr yaşadıblar. Vətəni sevməkdən başqa heç bir suçu olmayan ləyaqətli, şərəfli hərbçilərimizi işgəncə altında öldürəndən, “vətən xaini” kimi hörmətsiz bir şəkildə, kimsəsiz dəfn edəndən sonra utanmadan ailələrinə məktub göndərib “pardon, sizin doğmanız vətən xaini deyilmiş, onu səhvən öldürmüşük” üzrxahlığını ediblər. Təsəvvür edirsiniz?! Təsadüfən kiminsə ayağını tapdalayanda üzr istədiyimiz kimi!
Belə ləyaqətsiz, əxlaqsız, tərbiyəsiz üsullarla dövlət idarə etmirlər! Dövlətin iqtisadi, sosial, ideoloji, ekoloji, mənəvi siyasəti olar, Azərbaycan hakimiyyəti isə bütün bunlardan imtina edib, yalnız “seks” siyasəti ilə məşğuldur! Mənə qarşı etdikləri iyrəncliklərdən də bilirəm ki, beyinləri yalnız o mövzuya köklənib! Başqa heç nəyi düşünə bilmirlər!
Siz başınızı Cəmil müəllimin qızının, Məhəmməd Mirzəlinin bacısının yataq otağında, lap elə yorğanı altında gizlədə bilərsiniz, ancaq bu sizi Tərtər qətliamına görə məsuliyyətdən azad edə bilməyəcək!
Tərtər qətliamına görə istənilən hökumət xalqdan üzr istəyib istefa verməlidir. Ondan sonra gedib sevimli məşğuliyyətinizə daha çox vaxt ayıra bilərsiniz!