
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Sovet dövründə Novruz bayramına münasibətdən bir az yazım Sizə. Sovetləşmədən sonra bir müddət Novruz bayramı keçirilirdi. Lakin 20-ci ilərin axırlarından etibarən qadağalar gücləndi. 30-ci illərin əvvəllərində “Mübariz Allahsızlar İttifaqının” bir işi də Novruz bayramına, xüsusiylə respublikanın şiə əhalisi arasında geniş qeyd edilən sonuncu cərşənbə bayramı ilə bağlı idi. Xalq şüurunda son cərşənbə – ”İmam Əlinin taxta çıxdığı gün“ sayıldığı üçün daha gümrah keçirilirdi. Ona görə “Mübariz Allahsızlar İttifaqının” komsomol drujinikləri Cərşənbə və Novruz bayramı günlərdə qapıları pusur, hansı evdən dəmə qoyulmuş plov qoxusu gəlirdisə şeytançılıq edirdilər. 37-ci il Novruza da böyük zərbə vurdu. Amma xalq çətinliklə də olsa həmişə Novruz bayramın keçiridi, xüsusiylə şəhərdə Novruz şirniyyatı ənənəsi, kənd yerlərində Novruz adətləri yaşadıldı.
1956-cı ildə XX qurultaydan sonra Sovet cəmiyyətindəki yumuşalmasa, kommunizm buzunun əriməsi Novruzun da taleyini isitdi. 1958-ci ilin yanvar ayında Azərbaycan Kommunist Partiyasının XXII qurultayında respublika komsomolunun birinci katibi Əbdürrəhman Vəzirov hamı üçün gözlənilməz olan bir çıxış etdi. O dedi ki, gənclər arasında işi canlandırmaq üçün bizim xalq bayramlarını geniş qeyd etmək, unudulmuş milli oyunları, məsələn “top aldı qaç”,”ox atma”, “dirə döymə”, “at çapma” və sair dirçəltmək lazımdır. Ə.Vəzirov dedi: “Niyə biz fevral ayında rus xalq bayramı olan maslenitsanı (xristianlarda pəhriz bayramı) qeyd etməyə hazırlaşan moskvalılar kimi, özündə heç bir dini məzmunu daşımayan “Novruz bayramı”nı qeyd etməyək. Bizim xalqın həyatında “Novruz bayramı”nı baharın gəlişi kimi qeyd etmək ənənəsi vardır. Bizə yaxşı məlumdur ki, ruhanilər xalqın adət və ənənələrindən necə öz məqsədləri üçün istifadə edirlər. Bizim borcumuz buna sakitcə yanaşmaq deyil, bu gözəl adətlərdən və bayramlardan öz maraqlarımıza uyğun istifadə etməkdən ibarət olmalıdır. “Novruz bayramı”nın gəlişini qeyd etməklə çoxları küçələrdə, evlərdə təmizlik işləri görür, evləri ağardır, ağac əkir, ən yaxşı paltarlarını geyinir, ləzzətli milli xörəklər bişirirlər. Mənə belə gəlir ki, biz “Novruz bayramı”nı bahar bayramına, sevinc və gənclik bayramına çevirməliyik.” Qurultayda alqışlarla qarşılansa da, Vəzirovun bu çıxışı rəhbərliyə xoş gəlmədi. Buna görə onu bir az məzəmmət etdilər.
Sonra bu məsələyə bir də 60-cı illərin ortalarında qayıdıldı. Amma ona qədər Novruz bayramı ilə bağlı hələ ki, aydın bir mövqe yox idi. 1961-ci ildə Abdulla Şaiqin xatirələri çapa hazırlananda Qlavlitin rəhbəri Xəlil Əfəndiyev Vəli Axundova yazdı ki, xatirələrdə bir sıra ziyanlı məqamlar var. X.Əfəndiyev yazırdı ki, Abdulla Şaiq öz xatirələrində “Novruz bayramını” səhv təqdim edir və Azərbaycan xalqının bayramı kimi onu açıq-açığına şişirdir. Qlavlit kitabdan belə bir parçanı misal gətirirdi: “Hər il martda bütün Azərbaycan xalqı novruz bayramını özünün əziz bayramı kimi sevinc və ruh yüksəkliyi ilə qarşılayırdı. Xalq bu milli bayramı bütün bayramlardan üstün tuturdu. Bəzən Novruz bayramına farslardan keçmə bayram kimi baxırdılar, bəzən də varlıların və ruhanilərin bayramı kimi baxırdılar. Bu tamamilə yanlış və səhv idi”. Doqquz səhifəlik məktubun sonunda senzor yazırdı ki, Abdulla Şaiqin xatirələrinin nəşrinə indiki halında icazə vermək mümkün deyil, əlyazma yenidən işlənməlidir. Xatirələrin müəllifi 2 il əvvəl vəfat etsə də, 1961-ci ildə əlyazmanı Novruz bayramına görə geri qaytardılar.
1963-cü ilin aprelində Qasım Qasımzadəni “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsindən çıxaranda ona qarşı irəli sürülən ittihamlardan biri də qəzetdə Novruz bayramı haqqında yazı verməsi olmuşdu.
Azərbaycanda Novruz ənənəsini yaşdan təşkilatlardan biri də Cənublu demokratların Azərbaycan Demokrat Firqəsi idi. 60-cı illərdən başlayaraq onlar hər il Novruz bayramını rəsmi tədbir kimi qeyd edirdilər. İlk dəfə olaraq ötən əsrin ortalarından etibarən ADF MK-ya mühacirlər arasında Novruz bayramını qeyd etmək üçün icazə verilmişdi. 1965-ci ildə bu məqsədlə Azərbaycan KP MK Demokrat Firqəsinə 1500 manat məbləğində vəsait ayrılması barədə qərar qəbul etmişdi. Bu, Novruz bayramının keçirilməsinə ilk rəsmi təşəbbüs idi.
1966-cı ilin əvvəllərində ADF MK yenidən bu məqsədlə respublika rəhbərliyinə müraciət etmiş və Novruz bayramını keçirmək üçün 3500 manat məbləğində vəsait ayrılmasını xahiş etmişdi. ADF MK eyni zamanda Novruz bayramı günlərində siyasi mühacir uşaqlarının oxuduğu İvanovo şəhərinə bayram hədiyyələri, nümayəndə göndərilməsini də proqrama daxil etmişdi. Azərbaycan KP MK katibliyi martın 17-də “ənənəvi bahar bayramını keçirmək üçün” Qırmızı Aypara Cəmiyyəti tərəfindən ADF MK-ya 2500 manat məbləğində vəsait ayrılması haqqında qərar qəbul etdi.
60-cı illərin ortalarında Novruz bayramının qeyd edilməsi ilə bağlı bəzi fikirlər səslənsə də, rəhbərlik hələ ki, bu addımı atmağa ehtiyat edirdi. Yeri gəlmişkən Orta Asiya respublikalarında da Novruzun keçirilməsinə bir sıra cəhdlər olmuşdu. Bütün bunları nəzərə alaraq 1967-ci ildə Azərbaycan KP MK Katibliyi Vəli Axundovun təşəbbüsü ilə Bahar bayramı adı ilə Novruz bayramının keçirilməsi haqqında qərar qəbul etdi və bayram tədbirlərinin hazırlanması Mərkəzi
Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanova tapşırdı.
Şıxəli Qurbanovun təşkilatçılığı ilə milli koloritləri nəzərə almaqla yaddaqalan bir bayram tədbiri təşkil edildi. Azərbaycan rəhbərliyinin dəvəti ilə Moskvadan və digər yerlərdən bir sıra jurnalistlər bayram tədbirlərini işıqlandırmaq üçün Bakıya dəvət edildi. Bakıda keçirilən Novruz şənlikləri haqqında Moskvada, Mərkəzi mətbuat səhifələrində bir sıra məlumatlar getdi. Hətta, tanınmış Sovet şərqşünası İosif Braqinski “Pravda” qəzetində bu bayramın tarixi, milli məzmunu, mənəvi qayəsi haqqında məqalə ilə çıxış etdi. Həmin məqalə Azərbaycan dilinə tərcümə edilərək 1967-ci il mayın 20-də «Ədəbiyyat və incəsənət» qəzetində dərc edildi. Sovetlərin əsas mətbuat orqanında Novruzun əhəmiyyəti haqqında məqalənin dərc edilməsi milli dəyərləri dirçəltmək istəyən qüvvələrin mövqelərini gücləndirdi. Vəli Axundov respublika rəhbərliyindən gedənə qədər Bahar bayramı 1968-1969-cu illərdə daha iki dəfə qeyd edildi, amma 1967-ci ilin təntənəsi bir də təkrar olunmadı.
1968-ci ilin Novruz bayramı ərəfəsində tarix elmləri namizədləri Qiyasəddin Qeybullayev və Yusif Rüstəmovun imzası ilə “Ədəbiyyat və incəsənət” qəzetində “Səməni” adlı yazı çıxdı. Martın 23-də isə həmin qəzetin dörd səhifəsi Novruzla bağlı yazılara həsr edilmişdi. Mikayıl Rzaquluzadənin oxuculara təqdim edilən “Bahar, Günəş”, Səttar Bəhlulzadənin “Əlvan rənglər fəsli”, Ramiz Əliyevin “Nur axını”, Musa Yaqubun “Bahar”, Ramiz Məmmədzadənin “Həmişə sən gələsən” şeirləri, Elçinin Novruz folklorundan bəhs edən “Qaravəlli” teatrı haqqında geniş yazısı, İsmayıl Şıxlının “Dəli Kür” romanından Novruz səhnəsi bahar bayramı ilə bağlı ülvi hissləri, el adətlərini özündə əks etdirirdi.
Akademiyanın müxbir üzvü Azad Mirzəcanzadə yazırdı: “Bu əhvalat mənim uzaq uşaqlıq xatirələrimdəndir. Bəlkə də mən onu unudardım. Lakin bu xatirənin bahar ilə bağlı olması, baharın isə hər il bizə qonaq gəlməsi onu unudulmaz etmişdir. Uşaq idim. Həyətimizdəki qocaman tut ağacına baxmağı çox sevirdim. Havalar qızıb, torpağın nəfəsi isinəndə quşlar onun budaqlarında yuva qurardı. Bir dəfə yenə də həyətdə durub ağacın təzəcə pöhrələnməyə başlamış budağında yuva quran bir cüt quşa tamaşa edirdim. Elə bu vaxtlar, yəni martın axırları olardı. Quşlar yamanca tələsirdi. Elə bil ki, onlar bu gün həmişəkindən daha həvəslə işləyirdilər. Bunun səbəbini anamdan soruşdum. – Tezliklə bahardır. Hamı, hətta quşlar da bu xoş günü özlərinin yeni “mənzilində” qarşılamaq istəyir…”
1969-cu ildə Bahar bayramı ilə bağlı da mətbuatda müzakirə açıldı və həmin müzakirənin gedişində fəlsəfə elmləri doktorları Firudin Köçərli və Məqsəd Səttarovun “Ədəbiyyat və incəsənət” qəzetinin “Alimlərimizin söhbəti” rubrikasında “Bahar bayramı” adlı məqalələri dərc edildi. Onlar yazırdılar ki, “tonqal qalayıb üzərindən tullanmaq, sübhü axar su üstündə qarşılamaq, süfrədə şam yandırmaq, göyə fişəng atmaq – bütün bunlar bayram şənliyinə xüsusi estetik gözəllik vermiş, müxtəlif arzu və istəkləri ifadə etmişdir. Biz belə hesab edirik ki, bahar – novruz bayramını mütəşəkkil keçirib, onu mədəni-tərbiyəvi işlərin tərkib hissəsinə çevirməyin vaxtı çoxdan çatmışdır”.
Lakin 1969-cu ildən sonra Novruz bayramının dövlət səviyyəsində keçirilməsi üçün 20 il gözləmək lazım gəldi.