AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Cəmiyyət olaraq bizi ayaqda tutan dəyərlərin aşınması dövrünü yaşayırıq. Milli dəyərlərimizin deqradasiyası ilə bərabər, bütövlükdə bəşəri, mədəni dünyaya xas olan dəyərlərin aşınması, mənasızlaşması probleminin doğurduğu mənəvi böhran içərisindəyik.
Ona görə də öz milli kimliyimizdən, mental – mənəvi xüsusiuyətlərimizdən uzaqlaşdığımız kimi də, müasir dünyaya da uyğunlaşa bilmirik, qeyri müəyyənlik, sosial həyatdan psixoloji qopuqluq yaşayırıq, düşüncəmiz, davranışımız dəyər boşluğu üzündən kütləvi iradəyə çevrilə bilmir.
Bunun da əsas səbəbi siyasi rejimin məqsədli şəkildə bu dəyərləri mənasızlaşdlrmağa, məhv etməyə çalışmaqla, cəmiyyət üzərində total, heç bir mənəvi norma və hüquqla məhdudlaşmayan nəzarət həyata keçirmək istəyidir. Bu yolla hakimiyyət özünün hüquqa və əxlaqa zidd siyasətinə cəmiyyətin reaksiya vermək, kütləvi etiraz etmək imkanlarını ortadan qaldırmış olur.
Bu üzdən də cəmiyyət olaraq bizi təhqir edən, mənafeyimizə zid olan çox saylı hadisələrə mütəşəkkil reaksiya verə bilmirik. İstənilən hüquqa, əxlaqa zidd məsələlərə etinasız qalır, ictimai problemlərə görə şəxsi narahatlıq hissi duymuruq. Çünki bizə özümüzü toplumun bir parçası kimi hiss etdirən dəyər əhəmiyyətsiz göründüyünə görə, ictimai məsələlərlə öz şəxsi mənafeyimiz arasında bağlantı qura bilmirik. Nəticə də öz başımızı salamat saxlamaq istədiyimiz halda, cəmiyyətdə baş verən neqativ hallar bizə ard – arda zərbə vurur və biz beləcə öz ictimai siyasi passivliyimzdən yaranan problemlər altında əzilirik. Məsələn, azad seçkini öz şəxsi marağımıza dəxli olmayan məsələ saydığımız görə, saxta seçki ilə formalaşan hakimiyyət korrupsiya, səriştəsiz idarəçilikl və hüququ tapdamaqla bizi hər addımda əzir.
Bir insan şəxsiyyətini formalaşdıran dəyırləri itirəndə necə şəxsiyyətsiz, ləyaqətini itirmiş duruma düşürsə, xalq da onu mənəvi – orqanik birliyə çevirən milli və bəşəri dəyərləri itirəndə elə milli şəxsiyyətsizlik sindromu yaşayır.
Bu gün biz bu sindromu çox açıq şəkildə hiss etməkdəyik.