Azərbaycan İslam Partiyasının sədr əvəzi, həbsdə olan ilahiyyatçı İlham Əliyevin məhkəməsi gedir. Dövlətə xəyanətdə suçlanan ilahiyyatçının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. O, Mehman Rzayevlə birlikdə mühakimə olunur.
Təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir, xarici ölkəyə casusluq etmələri haqda cinayət işinin materiallarında yazılanların yalan olduğunu bildirirlər. İttihamda əksini tapmış məqamlardan biri də budur ki, xüsusi göstəriş əsasında bəzi saytlarda dini müstəvidə ayrıseçkiliyi ehtiva edən materiallar yayımlanıb. Bu məqsədlə maliyyə verilib.
“O saytlarda belə yazılar qeydə alınmayıb”
Vəkil Cavad Cavadov məhkəmədə vəsatət qaldırıb ki, bu epizod ittihamdan xaric olunsun. Vəkil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən sorğusuna verilən cavabı məhkəməyə təqdim edib: “Azərbaycanda məhkəmə qərarıyla bloklanmış saytlar var. O qərar da Elektron Təhlükəsizlik Mərkəzinin müraciəti əsasında çıxarılıb. Guya həmin saytlarda dövlətçilik əleyhinə, qanunazidd materiallar yayımlanır. Ona görə də mən o quruma sorğu göndərdim ki, cinayət işinin materiallarında adları çəkilən “İslamın səsi” və “fakt xəbər” saytlarında dini nifrət yayan, ayrıseçkilik ifadə edilən materiallar yayımlanıbmı? Məlum oldu ki, o saytlarda belə yazılar qeydə alınmayıb”.
Sorğuya verilən cavabı məhkəmə cinayət işinin materiallarına əlavə edib.
İlahiyyatçının işi üzrə 34 nəfər şahid qismində tanınıb ki, onlardan 24-ü məhkəmədə dindirilib. Dindirilən şahidlərin əksəriyyəti də İslam Partiyasının ayrı-ayrı rayon təşkilatlarının üzvləri və rəhbərləri olub. Onlar, əsasən, partiyaya ayrılan maliyyə vəsaitləri haqda sualları cavablandırıblar.
Dövlətə xəyanət ittihamı üzrə cinayət işlərində bir çox hallarda dövlət sirri sayılan məlumatlardan söhbət getdiyinə görə bu cür işlərin məhkəmə araşdırması da ya tam, ya da qismən qapalı keçirilir.
Əliyev və Rzayevin işi üzrə məhkəmə araşdırmaları davam edir.
Azadlıq radiosu