Yağış yağdırmaq, yoxsa çətir tutmaq…
İlham Hüseyn
Bizi aldatmaq çox asandı, yoxsa bilə-bilə aldanırıq? Tez-tez rəsmi təbliğat qarışqanı fil boyda göstərir və xeyli adam da bu “fil”in təsirinə düşür. Son dövrlər kapitulyasiya fili, korrupsiyayla mübarizə fili, islahat fili dəbdədi.
Bu ölkədə uğur o qədər qıtdır ki, qarışqanı filə çevirmək idarəçilik forması olub. Məsələn, hansısa rayona, kəndə qaz verilməsini uğur kimi tirajlayırlar. Hansıki, bu xəbəri tirajlamaq rüsvayçılıqdı. Neft-qaz ölkəsində hansısa kəndə 2021-ci ildə qaz verilməsi uğursuzluğun göstəricisidi. Hələ Sovet dövründə bu ölkədə qaz olubsa, illər sonra qazlaşmanı niyə gözümüzə uğur kimi soxmalıdılar. Şəhid ailəsinə ev verilməsi, hansısa rayona yol çəkilməsi, hansısa məktəbin təmir olunması niyə uğurlu idarəçilik kimi təqdim edilməlidi?
Dövlətin missiyası budur də. Hökumətin işi xalqa xidmətdir də. Yol idarəsinin yol çəkməsindən, təhsil nazirliyinin təhsilə dəstək verməsindən, su idarəsinin su kəməri çəkməsindən, işıq idarəsinin yollara işıq dirəyi qoymasından təbii nə var ki? Bu qurumların işi başqa nə olmalıdır ki? Bu adamlar dövlətdən maaş alırlar də.
Niyə hansısa abadlıq işinə görə kiməsə təşəkkür edilməlidi? Niyə vətəndaş belə şeyləri minnət kimi qəbul etməlidi?
Azərbaycanda bütün qurumlar etməli olduğunun 1 faizin edir və bunu da “analoqsuz inkişaf” kimi taleyimizə yapışdırırlar. Hələ biri də yazıb ki, prezidentin jurnalistlərin sualların cavablandırması analoqsuz hadisədi. Bədbəxt oğlu AzTv-dən başqa heç yerə baxmır. Bütün dünyada adi hal alan ənənələr, bizdə möcüzə kimi qəbul olunur.
Hər şeyi öz ölçüsündə görmək lazımdı.
Yeri gəlmişkən, müəllimin, həkimin, polisin maaşın, təqaüdçünün təqaüdün heç kim atasının cibindən vermir, dövlətin cibindən verilir. Hələ də “sağolsun, təqaüdümüzü verir” deyənlər var. Oyanmaq lazımdı, çox yuxulu gəzirik))
Özünüzü borclu saymayın, sizə borcludular, həm də çox borcludular. Hökumət yağış yağdırmaq üçün yox, çətir tutmaq üçündü.