Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Durumun absurdluğuna baxın:
Ermənistanın siyasi rəhbərliyi (baş nazir Nikol Paşinyan) ictimaiyyət qarşısında bəyan edir ki, ermənilər Azərbaycana “İskəndər” raketləri atıb, lakin atılan raketlərin 90 faizi partlamayıb.
Ermənistanın hərbi rəhbərliyi (Silahlı Qüvvələrin Baş Qərargahı) yenə də ictimaiyyət qarşısında bildirir ki, bəli, Ermənistan Azərbaycana “Iskəndər” raketləri atıb, lakin Paşinyan həmin raketlərin yalnız yalnız döyüş bölgəsinə istiqamətləndirilməsinə razılıq verib, Bakını və Gəncəni vurmağa qadağa qoyub.
Azərbaycan prezidenti İlham Əliyev isə 17 ildə ilk dəfə böyük mətbuat konfransı düzənləyib ki, bütün dünyaya “Ermənistanın siyasi və hərbi rəhbərliyi yalan deyir, onlar Azərbaycana “İskəndər” raketləri atmayıblar, atsaydılar hamısı partlayardı, “İskəndən” super silahdır, ümumiyyətlə, Rusiya silahı möhtəşəmdir” mesajını versin.
Düşmən özü öz dili ilə ölkəmizə qarşı ən qorxulu Rusiya silahından istifadə etdiyini etiraf etdiyi halda Azərbaycan prezidenti bu daşdan keçən faktdan, sübutdan istifadə edib Ermənistan dövlətinin işğalçılıq siyasətini ifşa etməli deyildimi?! Ermənistan rəhbərliyinin yaxasından yapışıb ondan hesabat tələb etməli deyildimi?! “Sülhməramlı” Rusiyanı bu pis məramına görə qınamalı deyildimi?!
Üstəlik Paşinyan açıq mətnlə “İskəndər”-in pultu arxasında rusların əyləşdiyini, raket kompleksini Rusiya hərbçilərinin idarə etdiyini, Azərbaycana məhz onların raket atdığını deyir.
Erməni generalları isə israr edirlər ki, Rusiya Bakı və Gəncəni “İskəndər”-lə hədəfə almağa razı idi, Paşinyan imkan verməyib.
Belə çıxır ki, Azərbaycan prezidenti Azərbaycanın döyüş bölgələrinə “Isgəndər” raketi atan, Bakını və Gəncəni isə yalnız Paşinyan razılıq vermədiyi üçün dağıda bilməyən Rusiyanın Hərbi-Sənaye Kompleksinin beynəlxalq imicini xilas etməklə məşğuldur.
Və biz başımıza qorxunc “İskəndər” raketləri yağdıran Rusiyanı “sülhməramlı” cildində Vətənimizə gətirmişik.
Mən bu absurdu çözə bilmirəm, beynim error verir. Bu artıq beynəlxalq hüququn anasının ağlar qaldığı, dövlətçiliyin xatirəsinin bir dəqiqəlik sükutla anılacağı mərhələdir.
Allah bizə rəhmət eləsin, ölülər!