AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Navalnı gəlsə belə onsuz da heç nə dəyişməyəcək, çünki o da millətçidir, Putinin Kırımı işğalını və s. ilhaq siyasətini dəstəkləyib deyən bir kəsim var.
Ancaq məsələ Navalnının şəxsiyyətindən daha çox, onun lideri olduğu prosesin mahiyyətindədir. Əgər Putinin rejimi xalqın iradəsi ilə süqut edərsə və demokratik seçki yolu ilə Navalnı iqtidara gələrsə, bu Rusiyanın demokratikləşməsinə yol açacaq. Bu zaman Rusiyada vətəndaş cəmiyyəti inkişaf edəcək, media, siyasi fəaliyyət azadlıqları, korrupsiyaya qarşı mübarizə və şəffaflıq təmin olunacaq. İçəridən belə dəyişən Rusiya, məhz demokratik dəyərlərə görə Qərblə konfrantasiyada olan Putin rejimindən fərqli olaraq, eyni dəyərləri bölüşdüyü Avropa ilə inteqrasiya və əməkdaşlıq xəttini seçəcək.
Bu halda Rusiya Qərbə inteqrasiya kursunu özü üçün təhlükə saymadığını görə, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına da təhlükə kimi baxmayacaq. O zaman, ölkəmizdəki avtoritar rejimi himayə etmək, daha indiki kimi demokratik Rusiyanın dövlət marağı hesab olunmayacaq. Böyük ehtimalla Rusiya dəyişəndən sonra da, bu gün demokratik Fransanın etdiyi kimi Ermənistanı müdafiə edəcək. Ancaq bu zaman fərq onda olacaq ki, Rusiya Ermənistanı müdafiə edərkən, Azərbaycandak avtoritar rejimi dəstəkləməkdən də vaz keçəcək.
Eyni zamanda rus xalqı qarşısında hesabat verən yeni iqtidar Rusiyanın milyonlarla vəsaitini Dağlıq Qarağda hərbi kontingent saxlanılmasına xərcləməkdə, münaqişəli vəziyyəti saxlamaqla Ermənistanın və Azərbaycanın Qərbə inteqrasiyasının qarşısını almaqda maraqlı olmayacaq. Fransanın etdiyi kimi Ermənistana siyasi – diplomatik dəstəklə kifayətlənməli olacaq.
Belə bir durum, ölkəmiz üçün, bu gün Dağlıq Qarabağda suverenliyimizi heçə sayıb hərbi kontingent saxlayan, Azərbaycandakı avtoritar rejimə himayədarlıq edən indiki Putin hakimiyyətindən daha çox sərfəlidir.