
Helsinki Watch (indiki Human Rights Watch) və Inter-republic Memorial Society təşkilatlarının birgə komandasının 20 yanvar-la bağlı hesabatından ikinci yazı (yazıda səhifə tərəfindən heç bir əlavə şərhə yer verilməyib):
“1990-cı il yanvarın 4-də həm Naxçıvan, həm də Bakı xaricilər üçün bağlandı. Sovetlərin baş verən iğtişaşlara belə bir qarşılıq verəcəyini təxmin etmək olardı. Bakının bağlanması üçün ilk baxışda əsaslı bir səbəb yox idi, çünki həmin günlər burada önəm bir hadisə baş verməmişdi. Ancaq bununla bağlı, mərkəzi hökumətin hansısa bir problem proqnozlaşdırdığı nəzəriyyələri irəli sürülür. İki əsas iddia var ki, ya guya Bakıda ermənilərin hədəf alınacağına dair hökumətin xəbəri vardı, ya da elə mərkəzi hökumət özü iğtişaşlar törədib buna qarşı müdaxilə etməyi planlayırdı. İstənilən halda, Bakıya səyahət qadağasının tətbiqi 1991-ci ilin yanvarında Vilnüsdə olanlardan fərqli olaraq, burada baş verəcəklərin qərbli jurnalistlər tərəfindən qeydə alına bilməməsini təmin etdi…”
“…11 yanvarda Xalq Cəbhəsi, Respublika hökumətinin DQMV ilə bağlı mövqeyinə etiraz etmək üçün Lənkəran şəhərindəki prokurorluq, şəhər soveti və polis binalarını dinc yolla ələ keçirdiyini elan etdi.
Yanvarın 12-də bəzi Xalq Cəbhəsi liderləri Milli Müdafiə Komitəsi yaratdılar. Bu komitənin məqsədi Ermənistanla sərhədə yaxın bölgələrdə və DQMV-da yaşayan Azərbaycanlıları qorumaq üçün fabriklərdə təhlükəsizlik qüvvələri təşkil etmək idi. Xalq Cəbhəsi liderlərindən biri bu komitənin yaradılmasının Azərbaycan Kommunist Partiyasının rəhbəri Əbdürrəhman Vəzirov tərəfindən dəstəkləndiyini iddia edib. Vəzirov 12 yanvarda televiziyada fabrik işçilərinə belə bir Komitəyə qoşulmağı təklif edərkən görülüb. Bəzi dəlillər göstərib ki, Vəzirovun çağırışının məqsədi Azərbaycanda vəziyyəti pisləşdirmək və nəticədə Cəbhəni nüfuzdan salmaq idi…”
“…16 yanvarda Xalq Cəbhəsi Sovet hərbi müdaxiləsindən ehtiyat edərək Bakıda Sovet qoşunlarının yerləşdiyi ərazilərdə və həmçinin şəhərə daxil olan əsas giriş nöqtələrində nəzarət məntəqələri təşkil etməyə başladı. Mülki könüllülər tərəfindən nəzarət edilən bu məntəqələrin əsas təchizatları yük maşınları, avtobuslar və avtomobillər idi. 19 yanvarda Xalq Cəbhəsi nümayəndələri Kommunist Partiyasının liderləri ilə görüşürlər. Kommunist Partiyasının ikinci katibi Viktor Polyaniçko Xalq Cəbhəsindən blokadaların dağıdılmasını tələb edir. Bu iclasda iştirak edən Xalq Cəbhəsi liderlərindən biri olan Yusif Səmədoğlu yazırdı ki, Polyaniçko Sovet qoşunlarının Bakıya girişilə bağlı planın artıq hazır olduğunu, bunun qarşısıalınmaz bir nəticə olduğunu söyləyib. O bildirib ki, hətta Xalq Cəbhəsi barrikadaları qaldırsa və piketçilərin dağılmasına nail olsa belə bu baş verəcək.
Üstəlik Polyaniçkoya xalqı sakitləşdirməyə məqsədilə Xalq Cəbhəsinin liderlərindən olan Etibar Məmmədovla televiziyaya çıxmaq təklif edilsə də, o bunu rədd edib. Yekunda Yusif Səmədoğlu təkbaşına televiziyaya çıxaraq piketçilərə dağılma çağırışı etməsi planlaşdırılıb, ancaq axşam saat 7 radələrində televiziya mərkəzində meydana gələn bir partlayış buna imkan verməyib…”
“…Mərkəzi hökumət və ona bağlı KİV-lər partlayışda azərbaycanlı ekstremistləri günahlandırsa da, sübutlar bunun ordu və ya DTK tərəfindən törədildiyini göstərir. Yanvar hadisələrini araşdıran hərbi prokuror ordunun bu məsələdə iştirakını rədd edərək, “Helsinki Watch” / “Memorial” komandasında partlayışdan DTK-nin məsuliyyət daşıdığını düşündüyünü bildirdi. (O, həm də DTK-nın bunu etməkdə haqlı olduğunu da əlavə edib.)
“Kommsomolskaya Pravda”da çıxan və Azərbaycan Ali Sovet Komissiyası tərəfindən təsdiqlənən bir məlumata əsasən, partlayışdan bir müddət əvvəl Televiziyanın direktoru yanında dörd avtomat tüfəngli şəxslə birlikdə orada çalışan iki fəhləyə yaxınlaşıb. Tərəflər görüşən andaca direktor otağı tərk edib. Onlar yarı idman, yarı hərbi geyimdə olublar. İşçilərdən mərkəzin enerji təchizatı barədə soruşublar. Telefona zəng gəldikdə işçilərin cavab verməsinə mane olub və onun bütün naqillərini dartıb qoparıblar. İşçilər daha sonra saxlanaraq 30-40 əsgərin olduğu başqa bir otağa aparılıb.
Bu hadisədən sadəcə otuz dəqiqə sonra partlayış baş verib. Həmin iki nəfər isə sonradan televiziyanın ətrafını çevrələyən Xalq Cəbhəsi könüllülərinin sayəsində sərbəst buraxılıb. Ordu və ya DTK tərəfindən bu partlayışın törədilməsinin məqsədi Sovet ordusunun şəhərə hərbi müdaxiləsinə haqq qazandırmaq ola bilərdi. Çünki artıq üç gün idi ki, şəhərdə ara bir qədər yatışmışdı. Bənzər hadisələr nümunəsi 1991-ci ilin yanvarında Baltikyanı ölkələrdə, xüsusilə Latviyada baş vermişdi. Belə ki, əvvəlcə müəmmalı partlayışlar baş vermiş, sonra isə ictimai asayişi qorumaq adı ilə ordu qoşunları şəhərə daxil olmuşdu.
Adıçəkilməyən bir azərbaycanlı rəsmi araşdırmaçı komandanın üzvlərinə partlayışdan sonrakı bir neçə saat ərzində baş verənləri belə təsvir edib: “Mərkəzi Komitənin binasına getdim. Orada Etibar Məmmədov qoşunların Bakıya gələcəyi ilə bağlı bir təhdid olduğunu söylədi. Məmmədovla mən Mərkəzi Komitənin binasına girdik və kamuflyajlı hərbi geyimə keçmiş Polyaniçkonu gördük. Polyaniçko dedi ki, “qoşunlar gəlir”.
Televiziya və radio rabitəsinin kəsilməsi səbəbindən Xalq Cəbhəsi rəhbərləri Sovet qoşunlarının Bakıya girəcəyi ilə bağlı elan verə bilmədi. Yusif Səmədoğlu Milli Müdafiə Komitəsinə zəng edərək, onun xalqa barrikadalardan çəkilmə çağırışı etməsini istəsə də, Komitə bundan imtina etdi. Qoşunların gəlişi barədə Xalq Cəbhəsi liderlərindən başqa neçə nəfərin əvvəlcədən xəbəri olması məlum deyil…”
Ardı var…
Yazı İqnoramus fb səhifəsindən götürülüb.