AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
20 yanvarda “gəlib bizi qırdılar, qətl etdilər” demək doğru deyil.
Çünki, biz o gün xalq olaraq azadlıq uğrunda, milli mənliyimizin əsarət buxovundan qurtuluşu üçün ruhumuzla, canımızla, yalın əllərimizlə savaşa çıxmışdıq. Silahsız insanları qətliam edirlər, savaşda isə ölür ya da öldürürsən. Bu savaşın əbədi qanunudur. Biz də o gün evlərimizdə oturmamışdıq, canca bərabər, qanca bərabər meydanlarda istiqlal savaşındaydıq, üstümüzə gələn rus əsgərlərinin qarşısındaydıq.
Biz də xalq olaraq, o gün silahsız deyildik. Həmin gün meydana hürriyyət, “Vətən bölünməzdir” düşüncəsi ilə silahlanıb, yadelli işğalçının qarşısında öz ruhumuzun məğlub edilməzliyni göstərmək, ona meydan oxumaq, işğal etdiyi ölkəyə vətən kimi sahiblənmək, əzib keçəcəyini düşündüyü yerdə qanımızı sel kimi axıdıb yolunu bağlamaq, dilimizi kəsdiyini güman etdiyi yerdə sifətinə nifrətimizi hayqırmaq, qolumuzu bağladığını sandığı halda yumruqlarımızı başımız üstünə qaldırmaq, milli kimliyimizi unutdurduğunu zənn etdiyi yerdə, qırmızı oraq şəkili qırmızı bez parçasını yerə atıb, yeni doğulmuş istiqlal məfkurəsini üçrəngli bayrağımızla bələmək üçün çıxmışdıq.
Biz o gün ellikcə Şəhidlik imtahanı verirdik. Var olmaq üçün, millət olaraq haqlarımıza, yurdumuza sahib çıxmaq üçün Şəhidliyə doğru ilk addımlarımızı atırdıq. Çünki, artıq bilirdik ki, əsrlərdir bizi caynağında tutan, didik-didik, param parça edən bir düşmənin canımıza işləmiş iti dırnaqlarınddan qurtulmağın, əsarət zəncirlərini söküb atmağınn yolu, azadlıq üçün ölə bilməkdən, bu ölümlə də öldürülmüş milli ruhumuza dirilik suyu verib, uzümüzü istiqlal üçün meydanlara, səngərlərə tutub istiqlalımız üçün savaşmaqdan keçir.
Biz o gün xalq olaraq bətnimizdən doğduğumuz ilk Şəhid övladlarımızın, bizə həm də yeni Şəhidlik müjdəsi verəcəklərini bilirdik. O gün Şəhid olanlar, bu gün Şəhadətə qovuşan Xudayarların, Poladların zaman fərqinin fövqündə duran əkiz qardaşları idi.
Odur ki, biz bu gün Şəhidlər xiyabanına qətl edilmiş məzlumları deyil, millət, Vətən yolunda canları, üsyankar ruhları ilə savaşaraq, ölümün üstünə gedib ölümsüzlük qazanmış qəhrəmanları – Şəhidləri ziyarət etməyə gedirik. Allah Sizlərə rəhmət etsin Şəhidlər.