AXCP sədri Əli Kərimli
Rusiya hakimiyyətinin Aleksey Navalnı problemini həll edəcəyi artıq real görünmür. Dünən axşam Almaniyadan ölkəsinə dönən kimi onu həbs etdilər. Gözlənilən idi. Rusiya hakimiyyəti onu qorxudaraq dönüşünü əngəlləmək üçün axtarışa vermişdi. Ancaq Navalnı labüd həbsdən qorxmayaraq cəsarətlə vətəninə döndü. İndi hakimiyyət yaxın günlərdə məhkəmədə çətin qərar verməlidir. Navalnını azad etsələr, bu il keçiriləcək parlament seçkilərində müxalifətin seçki kampaniyasına şəxsən rəhbərlik edə biləcək. Hakimiyyətin onu zəhərləyərək öldürmək cəhdi, ardınca da Navalnının həbsi gözə alıb vətəninə qayıdışı indi onun reytinqini çox artırıb. Deməli, Dövlət Dumasına seçkilərdə Rusiya iqtidarı daha populyar, müxalifətin əksər qüvvələrini ətrafında birləşdirə bilmiş, beynəlxalq aləm və öz xalqı tərəfindən ciddi şəkildə dəstəklənən müxalifət lideri ilə qarşılaşacaq.
Əgər Navalnını məhkəmə qərarı ilə uzunmüddətə həbs etsələr, o halda da Rusiya hakimiyyətini çətin günlər gözləyəcək. Əvvəla, Rusiya hakimiyyətinə qarşı sanksiyalar daha da artacaq. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı ortaq mövqedən çıxış edəcək. Dünya mətbuatı Navalnının həbsini daimi gündəmdə saxlayacaq. Dünyanın bütün demokratik təsisatları Rusiya hakimiyyətinə təzyiqlər edəcək. Bu təzyiqlər onsuz da pis vəziyyətdə olan Rusiya iqtisadiyyatını daha da zəiflədəcək. Çoxsaylı beynəlxalq demokratik quruluşlar Navalnının cəsarətli mübarizəsini ən mühüm mükafatlarla təltif edəcək. Ancaq Rusiya hakimiyyətinin başını ağrıdacaq ən mühüm nəticələr Rusiyanın daxilində baş verəcək. Uzunmüddətli həbs Navalnını Rusiya üçün Mandela kimi bir fenomenə çevirəcək. Xalqın ona dəstəyi hədsiz artacaq. Rusiya müxalifətinin mütləq əksəriyyəti məhz onu lider kimi qəbul edib, ətrafında birləşəcək. Navalnı tərəfdarları liderlərinin şəxsi nümunəsindən və artan reytinqindən ruhlanaraq bütün ölkə boyu aktiv mübarizəyə keçəcək. Nüfuzu daha da artmış Navalnının həbsdən göndərəcəyi müraciətlər də kifayət edəcək ki, həm qarşıdan gələn Duma seçkilərində, həm də digər siyasi kampaniyalarda müxalifət mütəşəkkil və qətiyyətli davransın. Başqa sözlə azadlıqda olacağı təqdirdə onun görəcəyi işi həbsdə olanda onun əvəzindən çox-çox güclənəcək adı həyata keçirdəcək.
Beləliklə, Rusiya hakimiyyəti üçün Navalnı probleminin asan həlli görünmür. Ümumiyyətlə, hər şeydən görünür ki, bütün dünyada avtoritarizmin əsas “qalası” olan Rusiya özü də böyük dəyişikliklər dövrünə yaxınlaşır.