Tural İsmayıl
Çin hökumətinin ölkənin qərbində məskunlaşmış uyğurlara qarşı yeritdiyi qatı siyasət barəsində çox eşidirik. Adətən bunlar ya ağızdan-ağıza keçən şayiələr, ya da ordan qaçıb qurtulmağı bacardığı söylənilən adamların ifadələri əsasında bilinir. Əslində bu tədbirlər yeni deyil və keçən əsrin 70-80-ci illərindən bəri Çin hökuməti özünün istədiyi kimi davranmayan uyğur türklərinə qarşı bu və ya digər formada tədbirlər görüb.
Lakin son illərdə edilənlər bu tədbirlərin ən sərtidir. Çinin islamçı terrorizmlə mübarizə adı verdiyi bu sərt addımlar hazırkı prezident Şi Tsinpinqin 2014-cü ildə uyğurların əsas cəmləndiyi Sintzyan bölgəsinə səfərindən sonra başlayıb. Prezidentin bu səfər zamanı etdiyi çıxışlar kommunist partiyasının regional rəhbərləri üçün bir növ zorakılıqlar üçün “yaşıl işıq” kimi başa düşülüb. Lakin Çin hökumətinin uyğurlara qarşı dəhşətli zorakılıqlar etməsinə dair danışılanlar heç də sadəcə şayiə, adi söz-söhbət deyil.
2019-cu ilin sonlarında Pekinin toplama düşərgələri ilə bağlı Kommunist Partiyasına aid məxfi sənədlər Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumuna sızdırılmışdı. Yüzlərlə səhifədən ibarət bu sənədlərlə birlikdə Sintzyanda baş verənlərlə bağlı çox önəmli məlumatlar da dünyanın əlinə keçmiş oldu. Bu məlumatlardan bəzilərini bənd-bənd qeyd edirəm:
- Heç bir məhkəməsiz saxlanmış insanların sayı təxminən bir milyon (əksəriyyəti müsəlman uyğur türkü) civarındadır.
- 2017-ci ildə Sintzyan Kommunist Partiyasının baş katibinin müavini tərəfindən sözügedən düşərgələrin rəhbərliyinə göndərilən 9 səhifəlik qeydlərində “bu düşərgələrin yüksək təhlükəsizlik həbsxanaları kimi idarə edilməli, sərt intizam, cəzalandırma tədbirlərindən istifadə edilməli və heç bir qaçışa imkan verilməməli olduğu” bildirilir.
- Düşərgə rəhbərlərinə verilən tapşırıqlardan bəziləri:
3.1. Heç kim qaçmamalıdır
3.2. İntizamı və düzgün olmayan davranışa görə cəzalandırmanı artırın
3.3. Tövbə və etirafı təşviq edin
3.4. Mandarin dərslərini birinci dərəcəli prioritet edin
3.5. Şagirdlərin həqiqətən dəyişməsini təmin edin
3.6. Yataqxana və sinif otaqlarında “kor nöqtələrin” olmadığı səviyyədə tam videonəzarət aparın - Düşərgələrdə hər kəs üçün dəqiq müəyyən edilmiş çarpayı, növbə sırası, parta və s. müəyyən edilib və bunların dəyişdirilməsi qadağandır.
- Sənədlərdən birində göstərilir ki, 2017-ci ilin sadəcə bir həftəsi ərzində 15 min adam bu düşərgələrə yerləşdirilib.
- İnsanlar ancaq Kommunist Partiyasının dörd komitəsi onların dəyişdiyi qənaətinə gəldikdə sərbəst buraxılırlar.
- Sənədlərdə Çin hökumətinin insanlar üzərində total nəzarət imkanlarından da danışılır. Belə ki, bir dəfə 1.8 milyon insan sadəcə telefonunda “Zapya” adlı məlumat paylaşma tətbiqi olduğuna görə şübhəli kimi nişanlanıblar. Bunlardam 40557 nəfəri barəsində bir-bir sorğulama və əgər şübhəni dağıda bilməyəcəkləri təqdirdə toplanma düşərgəsinə salınması göstərişi verilib.
Ağlasığmaz məlumatlar var. Mövzunu araşdırmağa davam edəcəm.