Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Dünən Kremldə bağlı qapılar arxasında nə danışıldığını bilmirik. Danışıqlardan sonra mətbuata verilən açıqlamalar onu nümayiş etdirdi ki, bu görüş 9 noyabrda imzalanmış hərbi razılaşmanın siyasi uzantısıdır.
Qarabağda nə baş verib?
Əvvəlcə münaqişənin tarixinə nəzər salaq. 2001-ci ildə təklif olunan Madrid prinsipləri özündə nəyi ehtiva edirdi? – Əvvəl 5 rayon qaytarılır, kommunikasiyalar açılır, sülhməramlı müşahidəçilər ərazidə yerləşdirilir. Növbəti mərhələdə Laçın və Kəlbəcər azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qaytarılır və Azərbaycanın bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşdirilir.
Bu gün nə baş verib? – Ordumuz 5 rayonu azad edib, Dağlıq Qarabağa rus “sülhməramlısı” yerləşdirilib, sonra daha 2 rayon qaytarılıb və indi də kommunikasiyalar açılır. Azərbaycanlı icmanın Dağlıq Qarabağa qaytarılması Şuşa və Hadrutun bizdə qalması formasında həll edilib, əvəzində statusun Azərbaycanın bütövlüyü çərçivəsində həlli müddəasından imtina edilib.
Hal-hazırda bizim hamımızın və Azərbaycan hakimiyyətinin gözü qarşısında Rusiya Dağlıq Qarabağda bütün atributları, top-topxanası ilə dövlət qurur. Balasanyan Qarabağın ordusunu bərpa edəcəyini bəyan edir. Amma, Əliyevin sözü olmasın, hansı pulla, Qarabağın heç orada yerləşdirilən 50 min nəfəri yedirmək imkanı yoxdur. Təbii ki, Rusiyanın hesabına. O ordunun təməlini Rusiya Rüstəm Muradyanın başçılığı ilə artıq qurub və inkişaf etdirir. Dağlıq Qarabağı Ermənistana birləşdirən 5 km-lik dəhliz isə nəqliyyat dəhlizi deyil, bir ölkəni başqa bir ölkənin daxilində anklav olmaqdan xilas edən zolaqdır və bütün bunlar Azərbaycanın analoqsuz bədnam hakimiyyətinin susqun razılığı ilə həyata keçirilir.
Azərbaycanla Ermənistan arasında 32 il bundan qabaq başlayan, sonradan 2 böyük müharibə mərhələsindən keçmiş bu münaqişənin məğzi, izyuminkası nədir? – Dağlıq Qarabağın azadlığı. Və bu gün Dağlıq Qarabağ öz azadlığı yolunda rus ayaqları ilə uğurla yeriyirsə bu artıq bizim bu müharibədə məğlubiyyətimizdir.
3 prezidentin dünənki Moskva görüşü sadəcə Putinin mövqeyini möhkəmləndirmək məqsədi daşımırdı.
Hər hansı müharibə 3 səviyyədə aparılır. Əskər və zabitlər müharıbə epizodlarının, döyüşlərin taleyini, ali hərbi komandanlıq ümumi hərbi kompaniyanın, siyasi rəhbərlik bu kompaniyanın siyasi taleyini həll edirlər.
İkinci Qarabağ savaşında əskər və zabitlərimiz qarşılarına qoyulan bütün vəzifələri uğurla həll etdilər. Bu müharibənin bütün döyüş epizodlarında ildırımsürətli, sarsıdıcı, parlaq qələbələri ilə düşməni çökdürüb əzmini qırdılar, müdafiə qabiliyyətini məhv etdilər, Ermənistanı hərbi faktor kimi bölgədən sildilər. Xalqımızın qəddini dikəldən bu döyüş qələbələrini müharıbə qələbəsinə çevirmək isə əskər və zabitlərimizin yox, ali hərbi komandanlığın işidir.
Və bu uğurları məntiqi sona çatdırmaq əvəzinə İlham Əliyev ali baş komandan olaraq noyabrın 9-da hərbi kapitulyasiyaya imza atmışdı, dünən, 11 yanvar 2021-ci ildə isə prezident olaraq siyasi kapitulyasiyaya imza atdı.
İndi o özü desin, xəyanət, fərar nəyə deyilir və bu ölkədə xəyanətkar, fərari kimdir?