AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Ermənistan xarici işlər naziri Eyvazyan Xankəndində qondarma rejimin xarici işlər naziri Davud Babayanla görüşüb. Son günlər Dağlıq Qarabağdakı separatçıların bu tipli addımları intensivləşib. Bundan əvvəl də Araik Arutunyan Rusiyanın əsas əlaltısı Balsanyanı qondarma rejimin Təhlükəsizlik Şurasına katib təyin etdiyini gördük.
Aydın görünür ki, ermənilər bu tipli addımlarla Dağlıq Qarabağın status məsələsini yenidən gündəmə gətirməyə çalışırlar. Əgər Dağlıq Qarabağda özünə xarici işlər naziri təyin edən, ordu və təhlükəsizlik qüvvələri yaradan, orada məskunlaşan erməniləri idarə edən bir qurum varsa bunun görməzlikdən gəlmək mümkün deyil. O zaman bu baş verənlər hansı statusla, hansı siyasi hüquqi əsasla edilir?
İlham Əliyev üçtərəfli Bəyanat imzalanandığı vaxt status məsələsinin gündəmdən çıxdığını demişdi. Ancaq indiki situasiyada ermənilər Azərbaycan tərəfin gündəmdən çıxmış elan etdiyi məsələni, Rusiyanın da dəstəyi ilə yenidən müzakirə predmetinə gündəmə çevirməyə çalışırlar.
Rus hərbiçilərinin Dağlıq Qarabağdakı ermənilərlə birgə qondarma rejimin bayrağı önündə şəkil çəkdirmələri, Rusiyanın orada yerli idarə etmənin təşkilində birbaşa iştirak etməsi, bu ölkənin Müdafiə Nazirliyinin saytında Dağlıq Qarabağ Respublikası ifadəsinin yer alması, Rusiya hərbi qüvvələrinin Araiklə hakimiyyət təmsilçisi kimi davranması və s. onu göstərir ki, Moskva da status məsələsini yenidən gündəmə gətirməyə çalışır.
Çox böyük ehtimalla yanvarın 11- də Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının görüşündə, Qarabağda siyasi həll prosesinin status məsələsinin müzakirəsinə bağlı olması mövqeyini Azərbaycana qəbul etdirməyə çalışacaqlar. Üçtərəfli bəyanata düzəliş ediləcəyi məsələsi də bu ehtimalı özündə əks etdirir.
Ermənistan status məsələsində məqsədi aydındır, bəs Moskvanın marağı nədir bu məsələdə?
Dağlıq Qarabağın statusunun yenidən müzakirə predmetinə çevrilməsi bir tərəfdən Rusiyanın Ermənistandakı tərəfdarlarına jesti olub onların razı salmaq məqsədi güdür.
Digər tərəfdən isə status məsələsi gündəmə gələndə Rusiya Qarabağdakı hərbi iştirakını Dağlıq Qarabağın status müəyyənləşənə qədər uzatmağa, öz ekspansiyasına siyasi legitimlik qazandırmağa çalışacaq. Başqa bir yandan isə status məsələsinin müzakirəsində yaranacaq kəskin fikir ayrılıqları, beynəlxalq səviyyədə də maraq toqquşmalarına zəmin yaradacaq. Beləliklə də Rusiya problemin həll olunmamasına görə səbəbkar kimi görünmək, və daşıdığı hərbi siyasi məsuliyyətdən yayınmaq imkanı qazanacaq. .