Putin özünü necə ələ verir?
Seymur Həzi
Artıq bütün dünya Rusiyalı müxalif lider Navalnının öz qatillərindən-onu zəhərləmək istəyənlərdən- biri ilə telefonla danışaraq özünə qarşı prosesi ifşa etməsini müzakirə edir. Əlbəttə ki, avtoritar ölkələrdə yaşayan insanlar üçün “Navalnı işi” nağıl deyil. Onun zəhərlənərək öldürülməyə cəhd edilməsi bir normadır. Bu mənim ittihamım kimi səslənməsin, təcrübənin gətirib çıxardığı mənzildi. Məsələn Şimali Koreyada yaşasaydı indiyə kimi Navalnının, ya da hansısa “yad fikirli ünsürün” sağ qalması əfsanə olardı. Burada qəribə nə var ki? Belə ölkələrdə yarışda birinci yerə çıxmağın ən sadə yolu alternativləri “təmizləmək”dir. Üstəlik sənin qaçmağa heç nəfəsin qalmayıbsa, bu, həyati əhəmiyyət kəsb edir. Putin üçün bunu etmək hava və su kimi lazım idi. O bir zamanlar həbs etməklə canını qurtarırdı. Qusinski, Xadarkovski olaylarında olduğu kimi. Ancaq, elə tarixi siyasi şərait yetişir ki, həbs etmək daha çox həbs edəni yorur. Bu elə kobud ifadə ilə bir adamın əllərini tutmaq kimidir. Əvvəlcə müvəffəq olsan da bir azdan sənin azalan gücün rəqibə revanş fürsəti yaradır. O zaman öldürmək lazım gəlir. İmkan varsa niyə də yox?
Putin özünü ələ verir
Putinin Navalnıya dair suala birinci cavabı belədir. Biz etsəydik başa çatdırardıq. Bu cavabda dəhşətli bir qəzəb yatır. Daha doğrusu bu qəzəb o qədər çoxdur ki, məntiqli və təmkinli olmağa imkan vermir. Putin “Ştazi” ( Sovet Almaniyasında-ADR- xüsusi xidmət orqanı) kurator olmuş adamdır. Ölümlərin, qətillərin gündəlik iş rejimi olduğu bir təşkilatda rəhbər təcrübəsi olan peşəkar çekst Volodya uğursuzluğunun peşəkarlığına kölgə düşürdüyünün qəzəbini yaşayır və bu qəzəb onu peşəkar davarnmağa qoymur. O, özünü ələ verir. “Biz bunu niyə edək demir?” O deyir ki, biz etsəydik başa çatdırardıq. İndi siz düşünün nəinki yüksək demokratiyası olan, hətta sadəcə normal seçki sistemi olan bir ölkənin mülki lideri nə deyərdi?- “ Bu yolverilməzdir”, “Biz bunu necə edə bilərik ki?”. Anlaşılan cavab olardı. Çünki, onlar rəqabətin metodlarından biri kimi “aradan götürməy”i tanımırlar. Putin isə güya soyuqqanlı görünmək istədi, amma ən tükürpədici qəzəbi nümaiş etdirdi.
İkinci cavabda Putin “Navalnı kimdir ki, biz bunu edək?” deyir. O yenə də demir ki, axı biz vətəndaşı niyə öldürmək istəməliyik? Bunu demir, amma əksinə öz şüuraltısında qabaran Navalnının kimliyi məsələsinə nöqtə qoymaq istəyir. Bununla da o, ikinci dəfə öznü ələ verir. Deməli, Navalnı “kimsə” olsaydı onu zəhərləmək olardı və bu zaman Putini ittiham etmək məntiqli olardı? Yəni Putin “kimsə” olanları zəhərləyir. Bu məntiqi nəticələr əsas vermir ki, biz Putinin yaxasından yapışaq. Amma Putin də yaxasını çox uzağa çəkmir. Hələ ki, bu məchul dialoqun içinde özünü görür. O, tamam başqa məsələdir ki, AHİM qərarı ilə zəhərlənmiş Navalnının ölkədən çıxmasına imkan verilib. Artıq sağlamlıq üçün beynəlxalq məhkəmədə məsuliyyət yaranandan sonra.
ABŞ xüsusi xidmət orqanları
Putin ən son mətbuat konfransında dedi ki, Navalnının zəhərlənməsini ABŞ xüsusi xidmət orqanları Almaniya həkimlərinin köməyi ilə leqallaşdırırlar. Bu nə deməkdir? Yəni Almaniya görmür ki, onun ölkəsində həkimlər üçüncü ölkənin xəfiyyələri ilə ikinci ölkənin başçısına hansısa “naxış” çəkirlər? Belə işlər deyildiyi qədər sadə ola bilərmi? Əlbəttə, yox. Deməli, Putin Almaniyanı da ittiham edir. Yəni o, özünün “yarıtmaz”lığını sığortalamaq üçün özünə daha geniş cəbhə açır. Buna şərti olaraq Navalnı işində Qərb cəbhəsi də deyə bilərik.
Navalnı gözlənilməzlikdən yararlanır
Əlbəttə, bir xəfiyyə ağıla gələn və gəlməyən bütün risklərdən sığortalanmalıdr. Amma Rusiya FSB –sinin əməkdaşı Konstantin Kudrayvçev hardan bilə bilərdi ki, ona Navalnı özü zəng edib, özünü Təhlükəszilik şurasının katibi Patruşevin köməkçisi kimi təqdim edər və işin detallarına dair sual verə bilər. Bu sualların cavabları isə bütün Rusiyanı deyil, dünyanı heyrətə gətirər, amma eyni zamanda köpüklü bir siyasi intihar ipini Putinin ulğumuna atar. Navalnı öz qatillərindən birinə zəng edəcək qədər əsəbləri sakit biridirmi? Bunu demək çətindir. Xüsusilə, bu cür ölüm-dirim savaşlı çətin müalicədən sonra. Hər halda Putin səhv elədi. Özü də peşəkar səhv. Bu, ABŞ-ı aşkar ittiham etmək idi. İndi “Qərb cəbhəsi” ittihamı öz üzərindən atmaq üçün əsl günahkarın tapılması və hətta imkan daxilində cazalandırılmasını öz müqəddəs borcu sayır. Bu da məntiqlidir. Putini nə gözləyir? Təsdiqlənsə, hələ ki, reputasiyanın yerlə bir olması, komandanın demoralizasiyası. Ancaq bu siyasi həyatda necə maddiləşəcək? Növbəti yazılarımızda.