Milli Şuranın sədri Cəmil Həsənli
Bir tərəfdən Covid xalqın canın alır, o biri tərəfdən cərimlər millətin belini qırır. Hökumət Covidlə birləşərək xalqa qarşı mübarizə aparır. Dəhşətli mənzərədir. Cərimələrin həcmi orta əmək haqqı və orta pensiya səviyyəsindən iki dəfə artıqdır. Cərimə təkrar yazıldıqda bu daha iki dəfə artır. Millətin yarıya qədəri işsiz, işləyənlərin və pensiyaçıların 70-75 faizi 250 manat ətrafında aylıq alır. Amma 200-400 manat ətrafında cərimə ödəməli olur. Necə deyərlər araba atdan qabağa keçib. Hakim ailə tərəfindən formalaşdırılan Milli Məclisin “qanuniləşdirdiyi” Covid soyğunçuluğu tüğyan edir. Hökumətlə xalq arasında körpü olmalı olan Millət Məclisi çaydan uzaq düşüb. Bu cərimələri artırarkən nəzərə almadılar ki, işsizlikdən, sosial baxımsızlıqdan, iqtisadi həyatın tənəzzülündən son 6 ayda (may-noyabr 2020) əhalinin gəlirləri 21 faizdən çox azalıb.
İnzibatı qayda pozuntularına görə hər türlü cərimələrin həcmi əmək haqqı və pensiya məbləğinin 10 faizindən yuxarı olmamalıdır. Yuxarı olarsa vətandaş və ailəsi ac qalmağa məhkumdur. Əhalinin böyük əksəriyyəti sosial paketlə, orta və xırda biznes dövlət dəstəyi ələ əhatə olunmadığı bir məmləkətdə dairəsi durmadan genişlənən, həcmi günbəgün artan cərimələr bioloji fəlakət şəraitində xalqı soymağın, milləti əzməyin, əhalini talamağın bir vasitəsinə çevrilib.
Covidə qarşı mübarizənin Azərbaycan modelinə görə vətandaşlar aldıqları donluğun üzərinə bir o qədər qoyub cərimə ödəməli, təğyiri libas olan hökumətimizi donsuz qoymamalıdır. Yeni büdcə paketi bir daha göstərdi ki, getdikcə Azərbaycan cərimə dövlətinə, büdcəmiz isə cərimə yönümlü büdcəyə çevrilir. Cərimə dövləti və cərimə büdcəsinin bədəlini isə rəiyyət ödəyir. Lap Həsən xanın məşhur ariyasında deyildiyi kimi:
Qamçıdır saxlayan bu rəiyyəti,
Qamçısız yaşamaz xanın dövləti.
Zülmə öyrənənlər sevməz mərhəmət,
Zülmsüz yaşamaz bizim məmləkət,
Döyməsən, söyməsən, malın almasan,
Dara çəkdirməsən, dama salmasan,
Rəiyyət bir daha xanı dinləməz.