2016-cı ildə Aprel döyüşlərindən sonra hər kəs bu hakimiyyətin öz ambisiyaları üçün yüzlərlə gənci ölümə sürüklədiyini, nəticədə isə işğal olunan torpaqların geri qaytarılması üçün heç bir nəticə əldə edilmədiyinin fərqinə varmışdı. Ona görə də 27 Sentyabrda döyüşlər başlanarkən yenə hər kəs eyni hadisələrin yaşanacağından şübhə edirdi.
10 noyabr 2020-ci ildə İlham Əliyev Vladimir Putinlə videokonfransa çıxdı, əvvəlcə Putin müharibənin sona çatması ilə bağlı müqavilə imzalandığını bildirdi. Sonra isə İlham Əliyev Ermənistanı müqavilənin imzalanması üçün kapitulyasiyaya məcbur etdiklərini, Azərbaycanın müharibədə qələbə qazandığını dedi və adəti üzrə Paşinyanı lənətləməyə başladı. İndi, gəlin, baxaq görək, bu həqiqətən qələbədirmi? İlham Əliyev Qarabağ uğrunda müharibə əmrini xalqına, vətəninə olan sevgidənmi verdi, yoxsa başqa bir səbəb vardı?
Biz əvvəlcə sorğulamalıyıq ki, 1994-cü ildən bəri donmuş müharibə nə üçün gəlib düz koronavirus karantininin mərkəzinə düşdü? Niyə biz 2016-cı ilin Aprel döyüşlərində tammiqyaslı müharibə aparıb torpaqlarımızı azad etmədik? Çoxları deyə bilər ki, o vaxt Rusiyameyilli Sarkisyan hakimiyyətdə idi və məxməri inqilab 2018-ci ildə baş verdi. Bəs niyə məhz 2018 və ya 2019 yox, məhz virusun yayıldığı, insanların sosial, maddi rifahının bəlkə də son 20 ildə ən aşağı səviyyəyə düşdüyü bu dövrdə müharibə başladı?
Hələ karantinin yeni başladığı vaxtlardan insanların sosial problemlərdən fikrini yayındırmaq üçün müharibənin başlana biləcəyi proqnozunu verənlər az deyildi. Bunun ilk qığılcımı isə sərt karantinin başladığı ilk dövrlərdə baş verdi və tərəflər arasında qısamüddətli atışmalar başladı. Nəticədə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bir generalını – Polad Həşimovu itirdi. Bu itki cəmiyyətdə də böyük narazılıqlara səbəb oldu və iyulun 14-dən 15-nə keçən gecə əlli-yüz minə yaxın insan Şəhidlər Xiyabanı qarşısında müharibə çağırışı ilə yürüş etdi.
Bu hadisə insanların fikrini COVİD-19 problemlərindən başqa yönə yayındırmaq üçün İlham Əliyevin əlinə kart verdi. İlk öncə bu etirazlarda iştirak etmiş və etməmiş Cəbhəçilər və onlarına ailə üzvləri həbs olundu. 27 sentyabrda isə Azərbaycan və Ermənistan arasında ikinci “Qarabağ müharibəsi” başlandı.
Hər halda qeyd etmək lazımdır ki, bu müharibə digər döyüşlərdən çox daha genişmiqyaslı idi. Ay yarım ərzində Azərbaycan ordusu Qarabağ ətrafındakı böyük əraziləri və Azərbaycan üçün Qarabağın incisi sayılan Şuşanı işğaldan azad etməyi bacardı. Kapitulyasiya nəticəsində də Laçın və Kəlbəcər geri qaytarıldı. Lakin Əliyev xəyanətə bərabər bir qərar verərək, Rusiya ordusunu ölkə ərazisinə geri qaytardı. Hansı ki, Azərbaycanın tək demokratik ölkə başçısı Əbülfəz Elçibəy sayəsində ölkə ərazisindən çox çətinliklə çıxarılmışdı. Bəziləri Rusiya ordusunun ölkəyə daxil olmasının necə bir fəlakət olduğunu hələ də dərk etmir. Bu o ordudur ki, 20 yanvar hadisələrindən Bakıda yüzlərlə mülki insanı qətlə yetirib, Xocalı soyqırımının birbaşa iştirakçısı olub. Bu o ordudur ki, qonşu ölkələrin daxili işlərinə burnunu soxmadan dayana bilmir. Onun illərdir kölgəsinə aldığı Ermənistanın Gümrü şəhərində yaratdığı təxribatı da unutmadıq, Paşinyanın ilk hakimiyyətə gəldiyi vaxtlarda törətdiyi təxribatları da. Unutmadıq ki, o, Ukraynada, Gürcüstanda separatçılara yardım edib, Moldovada qoşununu ölkə hakimiyyətinin tələblərinə baxmayaraq ölkə ərazisindən çıxarmır. Qısası, Rusiya sülhməramlılarının yaxın gələcəkdə Dağlıq Qarabağda təxribat törətməyəcəyinə heç kim zəmanət verə bilməz. Bəlkə də, bu onun hakimiyyəti dövründə olmayacaq, amma demokratik cəmiyyət qurmağa çalışan bir ölkəyə həmişə maneələr yaradacaq.
Azərbaycan əhalisinin hələ böyük bir hissəsi bu müharibə nəticəsində hansı razılaşmalar əldə olunduğunu bilmir, çünki müharibənin tərəfləri arasında qarşılıqlı müzakirə aparılmayıb. Müharibənin qeyri-müəyyən müddətə dondurulduğunu da istisna etmək olmaz. Həmçinin məhz Dağlıq Qarabağın özünün, Şuşa istisna olmaqla, Ermənistanda qaldığını bilmək lazımdır.
Təbii ki, biz torpaqlarımız uğrunda öz canından keçən 2783 şəhidin ruhu önündə baş əyirik. Onlar torpaqlarımız üçün əsl qəhrəmanlar kimi vuruşdular. Ancaq müharibə bitibmi? Torpaqlarımız işğaldan azad olunub, yoxsa yeni bir dövlət oranı işğal edib? Biz nə zaman o torpaqlarda sülh içərisində, heç bir müharibə qorxusu olmadan yaşayacağıq? Bunlara bir populist diktatorun siyasi qərarları ilə yox, demokratik və savadlı Azərbaycan cəmiyyətinin siyasi iradəsi nail ola bilərik.