Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi dekabrın 4-də Fransa Milli Assambleyasının qətnaməsinə münasibət bildirib. Qurumun qeyd etməsinə görə, “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnamənin qəbul olunması Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir: “Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir. Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır”.
Açıqlamaya görə, Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli, çoxkonfessiyalı dövlətdir: “Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik”.
Sonda da bildirilir ki, Milli Assambleyanın “əsassız, qərəzli” qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və qəti etiraz qarşı tərəfin diqqətinə çatdırılacaq.
Bir müddət öncə Fransa Senatı da Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına aid qətnamə qəbul etmişdi.
Fransa hökuməti parlamentin çağırışını rədd edib
Dekabrın 3-də Fransanın xarici işlər naziri Jan-İv Le Drian Fransa Milli Assambleyasının Dağlıq Qarabağın müstəqilliyini tanımaq çağırışını rədd edib.
“Deutsche Welle” radiosunun verdiyi xəbərə görə, nazir bildirib ki, Dağlıq Qarabağın tanınmasını “hətta Ermənistan rica etməyib”.
O əlavə edib ki, belə bir qərar Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi öz səlahiyyətlərinə xitam verməsinə bərabər olardı.
Bundan əvvəl Fransa parlamentinin aşağı palatası – Milli Assambleya Dağlıq Qarabağın tanınmasına və onun əhalisinin mühafizəsinə çağıran qətnamə qəbul etmişdi.
Qətnamənin lehinə 188 millət vəkili səs verib. 16 deputat bitərəf qalıb.
Qətnamənin birinci hissəsində Fransa millət vəkilləri münaqişənin son tənzimlənməsinə nail olmağa çağırırlar: “Belə bir tənzimləmə mülki əhalinin uzun müddətdə təhlükəsizliyinin təmin edilməsinə, sülh prosesinin başlanmasına və Dağlıq Qarabağın tanınmasına yol açardı”.
Azadlıq radiosu