
Azərbaycan Banklar Assosiasiyası (ABA) bugün, dekabrın 2-də ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri və yaralılarla bağlı bəyanat yayıb.
Qurum bildirir ki, son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün belə insanları narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır.
Qeyd edilir ki, prezidentin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbiçilərin, zərər dəyən vətəndaşların dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:
“Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin”.
Habelə vurğulanır ki, təxribat zamanı həyatını itirmiş mülki vətəndaşların da banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələr də tam həcmdə silinir.
Yaralananlara da şamil edilir
O, da bildirilir ki, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılıb:
“Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin.Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əməkhaqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin”.
Bəyanatda daha sonra oxuyuruq:
“… Bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.”
Azadlıq radiosu