
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Qarabağ problemi Azərbaycan üçün bitmiş sayıla bilərmi?
- Dağlıq Qarabağ ərazisində Azərbaycanın suveren dövlət hakimiyyəti bərqarar deyil və orada Azərbaycan qanunları işləmir.
- Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin olub – olmamasına dövlət olaraq nəzarət edə bilmirik.
- Bu ərazidə yaşayan ermənilər, Azərbaycan dövlətinin vətəndaşlığını bildirən şəxsiyyət vəsiqəsi və pasportlar daşımırlar.
- Sülhməramlı adı altında təmas xəttində yerləşdirilən Rusiya hərbi kontingenti, Azərbaycanın Dağlıq Qarabağ ərazisində suverenliyini tanımayan ermənilərə təhlükəsizlik təminatı verməklə, əslində, separatizmi himayə edir.
- Rusiya hökuməti Azərbaycan dövləti ilə razılaşdırmadan və hüquqi prosedurları nəzərə almadan, Dağlıq Qarabağ ərazisində Azərbaycan dövlətinə tabe olmayan qanunsuz hakimiyyət təsisatları yaradır və onlar vasitəsi ilə yerli idarəçiliy həyata keçirir.
- Rusiya Ermənistanla birlikdə Azərbaycan tərəfinin pasport yoxlanışından keçmədən, Dağlıq Qarabağ ərazisinə “yerli sakin” adı altında erməniləri yerləşdirməklə məşğuldur.
- Regiondakı sülhməramlıların fəaliyyətini Rusiya Azərbaycanla deyil, Ermənistanla rəsmi olaraq razılaşdırmaqla, Dağlıq Qarabağı faktiki olaraq Ermənistanın yurisdiksiyasında olan ərazi hesab etdiyini göstərir.
- Rusiya sülhməramlılarının rəhbəri Azərbaycanın tərəf kimi tanımadığı Dağlıq Qarabağ ermənilərinin separatçı rəhbəri Araik Arutunyanla rəsmi olaraq görüşüb, yerli idarəçilik məsələlərini onunla razılaşdırmaqla, faktiki olaraq onun təmsil etdiyi qondarma erməni hakimiyyətini tərəf kimi tanıdığını göstərir.
- Laçın dəhlizinin statusu qeyri müəyyən olaraq qalır. Laçından keçən dəhlizə humanitar dəhliz statusunun verilməməsi, bu dəhliz vasitəsi ilə Ermənistandan Dağlıq Qarabağa hərbi təyinatlı yüklərin daşınmasına imkan yaradır ki, bu da separatizmi təşviq edir.
- Laçın dəhlizinin girişində Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycanın sərhəd buraxılış və Gömrük keçid məntəqəsinin olmaması, Azərbaycanın suverenliyinin pozulması və Dağlıq Qarabağa nəzarət imkanının itirilməsi deməkdir.
Bütün bu sadalanan səbəblərə görə, bu gün Azərbaycan dövləti üçün Dağlıq Qarabağ problemi hələ də həllini tapmamış sayılır. Unutmayaq ki, Qarabağ problemi Azərbaycan üçün iki hissədən ibarət idi: Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş ərazilər.
İndi problemin birinci hissəsi hərbi yolla həll olunub, Dağlıq Qarabağa bitişik 7 rayon azad olunub. Bu böyük tarixi uğurdur və Azərbaycanın problemin birdəfəlik həllində mövqeyini gücləndirib. Problemin ikinci hissəsi isə Dağlıq Qarabağda Azərbaycanın suveren dövlət hakimiyyətinin bərqərar olunması məsələsi isə həllini gözləyir.