Milli Şuranın sədri, professor Cəmil Həsənli
Son hadisələrdən sonra Qərb ölkələrində ermənipərəstlik azarının şiddətlənməsi, “xristian əzabkeşləri” üçün göz yaşları tökülməsi, Fransa senatı və ABŞ-ın ayrı-ayrı ştatlarının, Avropanın bir sira şəhər özünüidarə orqanlarının qanuni Azərbaycan ərazilərində yaradılmış oyuncaq “Artsax” rejimini tanımaq cəhdləri ilə bizi təhdid etmələri mənə heç də təəccüblü görünmədi. Çünki bu sağalmaz xəstəliyin kökləri var, 100 illik xəstəlik tarixi var.
Ermənilərin rəsmi lobbi təşkilatlarının yaranmasının tarixi 100 ildən çoxdur. Bununla bağlı Sizə bir neçə maralaqlı sənəd təqdim etmək istəyirəm. Bunlar Birinci dünya müharibəsinin başa çatmasından dərhal sonra yaranmışdı. Çünki dünyanın yenidən bölüşdürülməsi prosesində ermənilərin öz arzuları, öz istəkləri, öz xəyalları vardı.
Birinci sənddə Amerikada, Mərkəzi Nyu Yorkda olan “Müstəqil Ermənistan uğrunda Amerika Komitəsi”nin yarandığını görürsünüz. Bu komitə 1919-cu ilin əvvəllərində yaranmışdı və ora bir sıra Kongres üzvləri (Henri Kobet Loc, Çarls Evans, Eliks Rut, Parker) ayrı-ayrı nüfuzlu şəxslər (kontr-admiral Fiske, Con Şarp, Nikolas Mörrey), xeyli kilsə xadimləri (Kardinal Gibsons, Williamsç Lehmn Abbot və d.)daxil idi. Komitəyə ABŞ-ın Berlindəki keçmiş səfiri Ceyms Cerard rəhbərlik edirdi.
Belə deyək ki, ermənilər həmin dövrdə öz xristan əzabkeşləri obrazını yaratmaqla Amerikada çox adamı aldada bilmişdilər. Komitənin əsas məqsədi prezidentə, senat və konqres üzvlərinə, hökumət yetkililərinə Qafqazda “əzabkeş xristian ermənilərin”, “xristian məbədlərinin” xilas edilməsi haqqında teleqramlar vurmaq, məktublar göndərmək, petitsiya keçirmək və ianə toplamaqdan ibarət idi. Bu işi başlıca olaraq kilsələr əlaqələndirirdilər.
Məsələn, onlar 1919-cu ilin sentyabr ayının 28-də bütün Amerika şəhərlərində yayılmış müraciətdə göstərilirdi: “Erməniləri tamamilə məhv olmaq təhlükəsi təhdid edir. Ermənistan Respublikası nümayəndələrindən aldığımız teleqram bu məsələ¬də heç bir şübhə yeri qoymur. Ermənistan sonuncu yalvarışlarını göndərir ki, xristian Amerikası onu xilas etsin. Əgər erməni xalqının məhv edilməsi baş verərsə, xristian kilsəsinin əbədilik təhqir olunacağını deməyə ehtiyac yoxdurqdır. Sizlərdən xahiş edirik ki, Amerika Birləşmiş Ştatlarının prezidentinə teleqramlar vurun, məktublar yazın, Ermənistanın xilas edilməsi üçün əsaslı və təcili tədbirlər görməyə onu tələsdirin. Sizin yaşadığınız yerlərdə təcili şəkildə kilsələrin diqqətini buna cəlb edin. Hər bir kişidən və qadından xahiş edirik ki, prezidentə və öz ştatlarından olan senatorlara teleqram vurub Ermənistanı xilas etmək üçün təcili tədbirlər görməyə çağırsınlar. Bizim icraiyyə komitəsi bu fikirdə¬dir ki, yardım göstərmək üçün prezident yetərli hakimiyyətə malikdir və kömək etmək onun borcudur. Ermənistan məhv olur. Amerika öz sözünü deməlidir.” Görürsünüz, elə bil bugün yazılıb, bugün də eyni şeylər təkrar edilir.
Erməni nümayəndələri Kaçaznuni, Enfiadcyan və Piralovun Amerikaya səfərini təşkil etmiş Komitə onların “şərəfinə” verdiyi ziyafətə nümayəndələr palatasının demək olar ki, bütün üzvlərini dəvət etmişdi. Ziyafətdə çıxış edən “xristian əzabkeşləri” ABŞ siyasi dairələrinə bildirirdi ki, “Əgər Siz Ermənistana silah versəniz əmin ola bilərsiniz ki, türklər, kürdlər və tatarlar erməni xalqının dincliyini pozmağa cəsarət etməzlər.” Əlavə olaraq “bir az da” pul istədilər.
İkinci sənəd daha maraqlıdır. Orada 1919-cu ilin fevral ayında Parisdə erməni kongresinin keçirilməsindən söhbət gedir. Sənddə göstərilir ki, bugün Böyük (Ermənistan Ararat Respublikası) və Kiçik (Kilikiya) Ermənistanı təmsil edən 35 nümayəndənin Parisdə Milli Konqresi açılır. Yənu bugünkü “Ermənistan – Artsax” oyunu” o vaxt belə oynanılırdı. “Kiçik Ermənistanın” təmsilçiləri sənəddə deyildiyi kimi “Persiya Errmənistanı”ndan, Amerika, İngiltərə, Fransa, Yunanıstan, İsveçrə, Misir və Hindistan erməni koloniyalarından göndərilmişdi.
Bu kongres bilirsiniz niyə keçirilirdi? Qalib dövlətlər: Fransa, İngiltərə, ABŞ, İtaliya və digərləri Paris Sülh konfransında bir nümayəndə heyəti ilə təmsil olduqları halda, özünü Böyük Antantanın “kiçik qardaşı” adlandıran ermənilər iki nümayəndə heyətti ilə təmsil olunub “it ilində” (İfadə Miryaqub Mehdiyevə məxsusdur) mövcud olmuş “Qədim Erməni Çarlığının” xəritəsini yeniləmək istəyirdilər. Yeri gəlmişkən son vaxtlar Nikol Paşinyan da işğal olunmuş Azərbaycan ərazilərini Argişti və İkinci Tiqranın adına yazırdı.
1919-cu ilin fevral ayının 27-də bu tədbir haqqında “Günün Büllütüni” adı ilə geniş məlumat dərc edən “Le Temps” qəzeti yazını “Erməni imperiyası” başlığı ilə dərc etmişdi. Son hadisələr zamanı Fransa siyasi dairələri hələ də 100 il bundan öncə yoluxduqları “Erməni imperiyası” xülyasından ayılmadıqlarını göstərdilər. Yazıqlar olsun!