Bu gün, noyabrın 13-də Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı proses başlayıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə avtomobilin sürücüsü Kamal Abdullayevin ifadəsi dinlənilib.
Sürücü ifadəsində…
O deyib ki, hadisədən dörd ay əvvəl icarəyə götürdüyü avtomobillə taksi xidmətinə başlayıb. Onun qeyd etməsinə görə, taksi xidmətləri göstərən üç şirkət ilə əməkdaşlıq edib. K.Abdullayev habelə bildirib ki, hadisənin baş verdiyi gün “Nizami” kinoteatrın qabağından iki müştəri götürüb, “Yanardağ” abidəsinə aparıb: “Sonra onları Bakıya qaytararaq Səməd Vurğunla Puşkin küçələrinin kəsişməsində düşürtdüm. Onları götürdüyüm yerə çatdırmalı olsam da, Nizami-131 ünvanında yerləşən uşaq bağçasından Səməddin Əsədov adlı digər müştərinin uşağını götürmək lazım olduğuna görə onları dediyim yerdə düşürtmüşəm. Mən bu uşağı hər gün bağçadan götürüb evə aparırdım”.
Müştərinin yoldaşı Maya Əsədova prosesdə K.Abdullayevin sözlərini təsdiq edib: “Saat 17:20 radələrində mənə zəng vurub dedilər ki, Kənan olduğumuz yerə gəlir. Sonra isə həyat yoldaşım zəng vurub dedi ki, Kənan maşınla adam vurub və gələ bilməyəcək”.
Oqtay Gülalıyevi görmədiyini deyib
K.Abdullayev ifadələrində qeyd edib ki, hadisə yerində yolu keçən Oqtay Gülalıyevi görməyib və avtomobilin sağ qanadı ilə onu vurub. Onun deməsinə görə, avtomobilinin sürəti isə saatda 15-20 kilometr olub: “Mən dərhal ona yardım göstərdim, maşına otuzdurdum. Oqtay Gülalıyev onu düşürtməyi xahiş etsə də, mən onu saat 18:10 radələrində xəstəxanaya çatdırdım”.
Tıxac üzündən yubandığını deyir
Deməsinə görə, tıxaca görə yolda yubanıb: “Mən Oqtay Gülalıyevi həkimlərə təhvil verdim, sonra isə polis məni Nəsimi rayon Polis İdarəsinə gətirdi. Orada mən üç gün qaldım”.
Hakim Azər Tağıyev isə qeyd edib ki, saxlanma polis protokolunda bir sutka göstərilib. K.Abdullayev isə cavab verib ki, onu evə buraxsalar da, sonra o yenidən polisə getməli olub.
Həkimlərin ifadəsi
Kliniki Tibbi Mərkəzin Şüa diaqnostikası şöbəsinin müdiri Tamara Hacıyeva da ifadəsində bildirib ki, kompüter tomoqrafiyası kəllənin hər iki yarımkürəsində sümük çatlamasını qeyd edib, lakin beyinə qan sızması olmayıb.
Neyrocərrah Əmirəli Yusifov da deyib ki, müayinə kəllə sümüyünün çatlamasını müəyyən edib, ona görə də Gülalıyev reanimasiya şöbəsinə yerləşdirilib. Onun deməsinə görə, O.Gülalıyev həkimlərə evə getmək istədiyini deyib, həyat yoldaşına zəng vurub və vəziyyəti barədə məlumat verib.
Ə.Yusifovun əlavə etməsinə görə, O.Gülalıyevin yoldaşı xəstəxanaya gəlib: “Saat 21:00-da ikinci dəfə tomoqrafiyanın aparılması planlaşdırılmışdı. Əgər 5 mm-dən böyük qansızmanın dislokasiyası müəyyən edilsəydi, cərrahi əməliyyat keçirilərdi. Lakin O.Gülalıyevin həyat yoldaşının və bir neçə şəxsin israrı ilə onu “City Hospital”a aparıblar”.
Oğlundan sual
O.Gülalıyevin oğlu Təbriz Gülalıyev “Atamın boynunda niyə korset yox idi? O, “City Hospital”a huşsuz vəziyyətində aparılıb” sualını səsləndirib. Həkim də deyib ki, onun boynunda xəsarət müəyyən edilməmişdi, huşsuz vəziyyəti ilə bağlı isə xəbəri yoxdur.
Anestezioloq-reanimator Vaqif Rəhimov isə bildirib ki, O.Gülalıyevin baş nahiyəsində olan xəsarətlərin fəsadlarını aradan qaldırmaq üçün bütün lazım olan tədbirlər görülüb. Ona görə, müalicəni onların klinikasında davam etdirmək lazım idi.
Məhkəmə prosesi noyabrın 16-da davam etməlidir.
Azadlıq radiosu