“Bir millət – iki dövlət” şüarını paylaşdığımız Azərbaycan torpaqlarının işğal edilməsinə səssiz qala bilməzdik və səssiz qalmadıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Biz indi Azərbaycandayıq. Niyə? Çünki onlar bizim qardaşlarımız, soydaşlarımızdır. Ermənistanın 28 illik zülmü qarşısında Minsk qrupu, təəssüf ki, bizim azərbaycanlı qardaşlarımızı orada, Azərbaycan türklərinin təbirincə, qaçqın yaşadıb. 28 il davam edən bu acımasız işğala Minsk qrupu həll tapa bilmədi. Həmişə baş qatırdılar. Çünki həll yolu tapmaq kimi dərdləri də yox idi. İndi azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll ediblər. Dünən İlham Əliyev qardaşımızın açıqlamalarını izlədik. Niyə? “İki dövlət – bir millət” olmanın eşqi budur, ona görə”, – o qeyd edib.
Ərdoğan ölkəsinin səfirləri ilə ənənəvi illik toplantıda Qarabağın işgaldan azad olunması barədə də danışıb. Ərdoğan Şuşa zəfərimiz barədə bunları deyib:
“Dünən Şuşanın işğaldan qurtarılması ilə sevincimiz və ümidlərimiz daha da artmışdır. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq bir daha enməz”, enməyəcəkdir. Dağlıq Qarabağdakı işğal bitənə qədər də mücadilə bayrağı inşallah enməyəcəkdir. Bu münasibətlə bir daha İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. Başda Kələbəcər və Laçın olmaqla qalan ərazilər də, inşallah, tezliklə sahiblərinə təslim ediləcək”.