
“Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi…”.
AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın “Rai-1” televiziyasına müsahibəsində Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlarla bağlı sualın cavabında söyləyib.
Prezident əlavə edib ki, bütün bunlar yalan və böhtandır: “Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var”.
Azərbaycan prezidenti daha sonra da bunları əlavə edib: “Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.
Azadlıq radiosu