Qənimət Zahid
Ermənilər niyə bu qədər çıldırırlar və Gəncəni bombalamağın daha hansı səbəbləri var?
Əlbəttə, ağla gələn ilk cavab budur ki, məğlubiyyət, Azərbaycan Ordusunu geri çəkmək, hərbi siyasət məsələsində əhali ilə hökumət arasında ziddiyətlər çıxarmaq, Azərbaycanda sosial qarışıqlıq yaratmaq və bununla da bu mərhələni özlərinin üstünlüyünə çevirmək.
Amma bunlar taktiki məsələlərdir. 27 il əvvəl hərb məsələsi bir iç qovğa çıxardı və azərbaycanlılar bunun ağrısını indiki hadisələr də daxil olmaqla 27 ildir ki, yaşayırlar. Azərbaycanlıların müharibədən məyus olmamaqları yalnız buna görə deyil ki, bir dəfə aldanaraq bunun ağrısını nə qədər yaşaya biliblər. Azərbaycanlılar qələbə istəmirlər, istədikləri Vətənin birliyi- bütövlüyüdür. Bu, əlbəttə, hərbi- siyasi mənada qələbədir, strateji anlamda isə təbii olan haqqın əldə edilməsidir. «Qələbə» bir qədər aqressiv çaları da olan anlayışdır, amma azərbaycanlıların bu savaşdan gözlədiyi nəticə yalnız takitiki hərbi üstünlük deyil. Özlərinə məxsus olanı əldə etmək haqqı qələbə deyil, tarixi gerçəklərin öz yerinə qoyulmasıdır. Azərbaycanlıların istəyi qələbədən daha çox, məğlub xalq olmamaqdır. Sənə aid olanı səndən qopara bilirlərsə, sən məğlubsan, sənə aid olanı geri alırsansa, sən haqlısan və ədaləti təmin edirsən.
Ermənilərin Gəncəni və başqa şəhərləri mülki əhalini qırmaq məqsədilə bombalaması təkcə bu müharibəni uduzmaq qorxusu qarşısında isterik qərar deyil, həm də uzun əsrlər ərzində tərtib etdikləri xəritələrin cırıq- cırıq edilməsi deməkdir. «Böyük Ermənistan» xülyalarının suya düşməsi, onları bölgənin xalqlarından sadəcə olaraq biri kimi, xüsusi imtiyazları olmadan, başqalarını rahatsız etməklə özlərinin yerini genəltmək, coğrafiya yaratmaq, « təhlükəsizlik zolaqları » adı ilə tutduqları yerin ətrafında işğal zonaları yaratmaq, xalqları min illər ərzində məskunlaşdığı yerlərdən didərgin salmaq və… nə qədər qəribə də olsa, xoşbəxt olmaq iddiası.
Amma belə olmur və «belə olmur»u 100 il ərzində anlamamaq onu sübut edir ki, erməni siyasi elitasında dövlət təfəkkürü yoxdur.
Millətin demoqrafik göstəriciləri onun siyasi hədəflərinin əsas təkanlarından biridir. Ermənilər azsaylı xalqdır və onlar indi dövlət ola bildikləri ərazidə dünyanın nümunəvi, modern, inkişaf etmiş inzibati- siyasi və iqtisadi sistemlərindən birini yarada bilərdilər (hələ də gec deyil). Amma onların «daha çox ərazi» ideyası bunu ənəgəlləyir. Başa düşmürlərmi, bunun izahını vermək çətindir. Hansısa şəkildə dünyada varlığını əsaslandırmaq, əhəmiyyətini qabartmaq, başqalarının siyasi intiriqalarına girmək hesabına aktuallıqda qalmaq tam 100 ildir ki, erməni xalqını «Böyük Ermənistan » mifinin əsiri edib. Onlar uşaqları bu iddia ilə böyüdürlər, böyüklər bu iddia ilə bu dünyadan köçürlər, ictimai fikir bu iddiaların içində- qapalı bir dairədə qaynayır, çox ilginc və dolaşıq mənzərə yaranır.
Qarabağaın azad edilməsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün əhəmiyyətli deyil. Qafqazda ermənilərin 100 il əvvəl ələ keçirə bildikləri ərazilərin daxilində öz dövlətlərini möhkəmləndirmək onlara regionun xüsusi imtiyazlarla fərlqəndirilməyən bir xalqı kimi yaşamaq fürsəti vermişdi. Bu fürsəti dəyərləndirə bilmədilər. 2 min il əvvəlki nağılları müasir dövrün siyasi zərurəti kimi siyasi xəritələrə cızmaq ehtirası bu fürsəti onların əlindən alıb. Onların destruktiv və mifik ideyaların əsarətindən xilası regiona rahatlıq və inkişaf gətirər və bu, elə bu cür də olmalıdır.
Destruktiv ideyalar əməli siyasətin bətnində çox eybəcərliklər yaradır.
Çoxlarına qəribə gələ bilər ki, axı, necə olur, ermənilər öz qeyri- təbii, tarixin fakturasına və ruhuna uyğun olmayan iddiaları ilə bir- birinə tamamilə zidd olan siyasi layihələrə dürtülə bilirlər ? Baxın, Avropa və Amerika, Rusiya və İran, hətta Çin, bütün bunlar azmış kimi İslam dünyasının hansısa söz sahibləri də ermənilərin ərköyün və dəcəl iddialarının müfdafiəçiləri kimi çıxış edə bilirlər.
-«Xristianlığı dövlət dini kimi qəbul edən ilk xalq» statusu muzey eksponatı titulu ilə fərqləndirilə bilər (hərçənd, «bu, belədirmi» sualı da açıqdır), amma di gəl ki, müasir siyasətin guya əsas məsələsi kimi ortalıqda fırlandırılır;
-Hansısa dövlətin bölgədəki siyasi maraqlarının, strategiyasının 50-60 il sonrakı layihələrində rol ala bilmək həvəsi ilə ərköyünləşdirilmək;
-Hansısa cari məzhəb ziddiyətlərinin çatlarında yer alaraq özünü aktuallaşdırmaq…
Ermənilərin Qafqazdakı destruktiv fəaliyyətlərinin elə bir bəndi, elə bir halqası yoxdur ki, bu fəaliyyət istiqaməti bölgənin xalqlarının və dövlətlərinin alyansında öz təhlükəsizliyinin təminatı üçün nəzərdə tutulmuş olsun. Bütün birliklərdə, alyanslarda başqalarına təhlükə yaratmaq ilə təmsil olunmaq, ziddiyətlərin dərinləşdirilməsini özünün varlığının şərti kimi anlamaq erməni milli-siyasi düşüncəsinin ana xəttidir və bu xətt tarixin erməni xalqına lütf etdiyi xudmani bir dövlətin inkişaf etdirilməsi əvəzinə Qarabağın xarabalığa çevrilmiş mənzərəsinə bənzər bir dövlət gerçəkliyi qoyur ortalığa.
Onlar 30 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal altında saxlayırlar. Bu işğal zonası, indi də göründüyü kimi başdan – ayağa xarabalıqdır və 30 il bundan sonra da elə bu şəkildə olaraq qalacaqdı. Ermənistan də bir dövlət kimi öz təhlükəsizlik təminatlarını əldə etmədən davam edəcəkdi. Nəyin xatirinə ? Heç nəyin ! Hansısa mifik Böyük Ermənistan naminə. Axı, yoxdur o xəritələri dolduracaq qədər erməni ! Tamam da, bu say 30 milyon, 50 milyon, 60 milyon nəfər olsa, deyinmək olardı ki, bu xalq öz hüdudlarına yerləşmir, ona əlavə ərazilər gərəkdir, başqalarının hüdudlarına bu səbəbdən çəp gözlə baxırlar. İndi hətta Çin, Hindistan, Pakistan, İndoneziya, Sinqapur kimi əhali və ərazi uyğunsuzluğu faktı ilə üzbəüz qalan dövlətlərin də bu qədər aqressiv xəritələri yoxdur. Az qala milyard yarım əhalisi olan Çində hansısa ultramillətçi axınların «Böyük Çin» xəritələri uydurub orta məktəblərdən qəbristanlığa qədər cibində gəzdirdiklərini, interneti bu xəritələrlə bəzədiklərini görübsüzmü? Eləcə də başqaları.
Qarabağ, əlbəttə, Ermənistana dəxli olmayan ərazidir. Amma onlar nə qədər müddət uzada bilsələr də, həmin ərazilər o qədər xarabalıq olaraq qalacaqdı : bufer zona kimi ! Amma bir istisna ilə. Bunu da lap bu yaxınlarda Ermınistanın müdafiə naziri göstərmişdi : «Yeni ərazilər tutub indiki bufer zonasını geriyə atmaqla ». Yəni, Azərbaycanın daha 5-6 rayonunu tutub bufer zonasını genişləndirməklə Ermənistan regionda sabitlik əldə edəcəkdimi ? Əlbəttə, yox, sadəcə xarabalıqların coğrafiyasını genişləndirəcəkdi.
Qarabağ məsələsinin həlli buna görə vacibdir. Qafqazda xarabalıqları ləğv etmək və yeni xarabalıqların yaranmaması üçün. Buna görə də bu dəfəki hərbi kampaniyanı elə bu fürsət baxımından dəyərləndirmək gərəkdir. Ermənilərin qonşu ölkələrə ərazi iddialarını tamamilə məhv etmək üçün yaranmış mükəmməl bir fürsət !
Ermənistan dövləti üçün təhlükə varmı ? Əgər indi dünyanın tanıyıb qəbul etdiyi dövlət sərhədləri daxilində rahatca oturub öz işləri ilə uğraşsalar, kimsə onlar üçün təhlükə deyil. Təxmin edilən zamanlardan sonra yarana biləcək yeni siyasi münasibələrdən hətta faydalana da bilərlər. Əgər Azərbaycanın daxilində erməni milli kimliyini fərqləndirən inzibati- siyasi model olacaqsa, Ermənistan yenə də təhülkə mənbəyi olaraq qalacaq. Tarix göstərir ki, onlar yerləşdikləri ərazilərdə siyasi təbəddülatlardan ən təhlükəli şəkildə faydalanmağa meyllidirlər. Buna son qoyulmalıdır. Dünyanın böyük dövlətləri də, kiçik dövlətləri də bu faktoru nəzərə almalıdırlar.
Gəncəni, Tərtəri və başqa şəhərləri bombalamaqla Ermənistan dövləti bu zamana qədər əsiri olduğu miflərin dağılıb puç olmasının qarşısını almaq istəyir, azərbaycanlıları qorxudub panikaya salmaq isə taktiki niyyətdir. Amma azərbaycanlılar daha bundan qorxmurlar, çünki erməni iddialarının yarada biləcəyi gələcək təhlükələr daha qorxuncdur.
Azərbaycanda indi sülh təbliğatçıları da var və bunlar əslində sülhdən daha çox indiki hərbi əməliyyatlardan məyus olanlardır. İndiki hərbi kampaniya isə bölgədə daha qarantiyalı sülhün təminatlarını yaratmaq üçündür.
Nəyə görsə, indi Ermınistanda «bu müharibəni durdurun, Ermənistan dövlətinin hüdudları daxilində məsud bir həyat quraq » çağırışları yoxdur. Orda bu cür çağırışlar təhlükəlidirmi, bunu qiymətləndirmək fikrində deyiləm. Amma fakt budur ki, orda təminatlı sülhün tərəfdarı olanlar indi görünmür.Azərbaycanın ərazi bütpvlüyünün təminat edilməsi üçün aparılan hərbi əməliyyatların dayandırılması üçün hansısa tekstlərin altına imza atan ermənilər var, amma onların imzası Ermənistanın hərbi- siyasi üstünlüyünün, işğal etdiyi ərazilərin patentləşdirilməsi üçün atılan imzalardır, sülh imzaları deyil. Sülh o zaman davamlı olur ki, o, indiki faktiki durumu yox, gələcəyi sənədləşdirmiş olsun. Azərbaycanlı «sülhpərvərlər» bu mühüm detalı qiymətləndirə bilmirlər.