Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra məhdudiyyətlər tətbiq edib.
Qurum bu barədə qərarını bu gün, oktyabrın16-da açıqlayıb.
“Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib”, – qurumun açıqlamasında yazılıb.
Məhdudiyyətlər bunlardır:
- 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;
- 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.
- Habelə, Nazirlər Kabinetinin tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçməlidirlər. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi də tövsiyə olunur.
- Həmçinin, yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri məsləhət bilinir.
Azərbaycanda noyabrın 2-nə kimi karantin elan edilib. Karantin rejimi martın 24-dən tətbiq edilir. Son aylar rejim bir xeyli yumşaldılmışdı.
Ötən tədris ilində dərslər martın 3-dən dayanmışdı. 2019-2020-ci il tədris ilinin sonrakı dövründə dərslər onlayn keçirilmişdi.
Bu tədris ilində də dərslər öz vaxtında, sentyabrın 15-də başlasa da məktəblərdə yalnız ibtidai siniflərə həftədə 2-3 dəfə dərslər keçirilirdi. Yuxarı siniflər isə oktyabrın 1-i (5-9-cu siniflər) və 15-i (10-11-ci siniflər) məktəblərə getməyə başlamışdılar. Onlar da həftənin yalnız bir neçə günü məktəbə gedirdilər. Dərslərin, əsasən, onlayn keçirildiyi bildirilirdi.
Azadlıq radiosu