Qənimət Zahid
Ermənistanda siyasi süqutun görsənişləri
Ermənistanın baş naziri Nikol Paşinyan, faktiki olaraq, tələyə düşdüyünü anlayıb. Bu, Ermənistanda siyasi hakimiyyətin dəyişdirilməsi ehtimalının güclənməsi deməkdir. Moskva danışıqlarından sonra atəşkəsin kəsilməməsi, Dağlıq Qarabağ ərazisindəki hərbi əməliyyatlarda erməni hərbi birliklərinin məğlubiyyəti Ermənistanın hərb resurslarının tükənməsi fonunda baş verir. Hakimiyyətdə olan komanda üçün ciddi və fatal perspektivlər yaranır. Moskva partiyası özünü Dağlıq Qarabağın « kənarda saxlanılan » xilaskarı kimi təqdim etməkdədir və onların fonunda Paşinyanın obrazı get- gedə daha sönük görünməkdədir. Bu siyasi effektsizliyi aradan qaldırmaq üçün Paşinyan ictimai rəydə maksimalist olmaqdan başqa çıxış yolu görmür. O, davamlı məğlubiyyətlərə baxmayaraq, hərbi məliyyatların davam etdirilməsi üçün siyasi səbəblər axtarışındadır və bu siyasi səbəbləri qabardaraq həm də məsuliyyəti erməni cəmiyyəti ilə bölüşmək istəyir. Paşinyan bu gün bildirib ki, Azərbaycan «Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etmək haqqını rədd edir. Onlar maksimum təklif edirlər ki, ermənilərə yaşadıqları Azərbaycan ərazisində hansısa muxtariyyat verilə bilər. « Sülh əvəzində torpaq » prinsipi isə həm də buna görə qəbul edilməzdir ».
Maraqlıdır ki, Paşinyan erməni ordusunun geri çəkilməsini özü də etiraf edir, bunu taktiki məqsəd kimi əsaslandırsa da, etiraf edir. Amma anlayır ki, məğlub olmaqda olan ordunun qarşısında siyasi zəiflik göstərsə, onu « basıb yeyərlər ». Buna görə də son məğlubiyyətə qədər israrlı olmaqla bu məğlubiyyəti bütün cəmiyyətlə bölüşmək fikrindədir.
Hərbi və insani resurslar isə gerçəkdən də tükənməkdədir. Bu gün qondarma qurumun lideri rutyunyan da xaricdə və Ermənistanda yaşayan ermənilərə müraciət edərək bildirib ki, onların kənardan dəstəyi yox, Qarabağda fiziki mövcudluqları gərəkdir. Yəni : «pul-paraya görə sağ olun, amma gəlin döyüşün!».
Arutyunyan da anlayır ki, labüd məğlubiyyət yalnız Paşinyanı yox, həm də onun özünü yeyəcək. «Pişik divara qısnananda » aqressivləşir və buna görə də, erməni liderlərin indiki maksimalizmi siyasi iflas və siyasi faciə qorxusu qarşısında göstərilən maksimalizmdir.