Milli Şuranın sədri Cəmil Həsənli
Hadrutun azad edilməsi köhnə xatirələri yada saldı. Biz ilk dəfə Hadrutda çox-çox əvvəl – 1971-ci ildə olmuşduq. O, zaman tarix fakültəsinin birinci kursunu bitirdikdən sonra sevimli müəllimimiz, böyük arxeoloq Məmmədəli Hüseynov tarix fakültəsinin tələbələrini dünyanın nadir qədim insan məskənlərindən biri olan Azıx mağarasına arxeoloji praktikaya aparmışdı. Biz Qarabağın məşhur Tuğ kəndinin məktəbində yaşayır, gündüzlər mağarada qazıntı işlərinə gedir, həftə sonu isə ətraf şəhər və kəndlərə səyahət edirdik. Yaxşı xatırlayıram məhz həmin yay biz Qarabağın dağın və aranın, meşələrin, bulaqların, zəngin tarixi abidələrin, Şuşa, Turş su kimi əsrarəngiz yerlərin qarış-qarış gəzdik. Rəhmətlik Məmmədəli müəllim vətənsevər bir alim olduğu üçün tarix fakültəsinin tələbələrinə bu yerləri sevə-sevə gəzdirir, abidələri izah edir, çaylar böyunca səyahətlər təşkil edir, bulaqların sərin suyundan içirdirdi tələbələrə ki, bu yerlər ruhumuza hopsun. Hadrutla yanaşı bəzən Füzuliyə, Qarğabazara da gedirdik.
İki aya qədər yaşadığımız Tuğ kəndi indiki kimi yadımdadır. Azərbaycana böyük tarixi şəxsiyyətlər vermiş bu kənddə həmin vaxt azərbaycanlılar və ermənilər birgə yaşayırdılar. Yay dövründə birdən birə 100-150 azərbaycanlı tələbənin (rus bölməsində digər millətlərdən olan tələbələr də var idi) kəndə gəlməsi Tuğun erməni əhalisin necə narahat etməsi açıq duyurlurdu. Amma bir şey edə bilmirdilər. Orada Azərbaycanlı bir məktəb direktoru vardı. Səhv etmirəmsə soy adı Hacıyev idi. Çox fəal, mehriban və təşkilatçı bir adam idi. Tələbələrə böyük qayğı və diqqətlə yanaşırdı.
Çox sadə bir alim olan Məmmədəli Hüseynov 1960-cı ildən Azıx mağarasında qazıntılar aparırdı. Bəziləri çol tədqiqatları baxımında bu qazıntının perspektivsiz olduğunu desə də, o, inadından dönmədi və 1968-ci ildə Azıx mağarasında qazıntı zamanı ibtidai insana məxsus çənə qalığını tapdı. Azıx mağarasının sahəsi çox böyük idi. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardı. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə çatırdı. Bu tapıntı üzərində məşhur paleoantoloq Dəmir Hacıyevin apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, Azıx mağarasından tapılmış ibtidai insan çənəsi Azərbaycan ərazisində ən qədim insana məxsusdur və 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir. Həmin nadir tapıntıya o zaman Azıxantrop (Azıx adamı) adı verdilər və bu kəşf Məmmədəli müəllimi çox məşhurlaşdırdı.
1971-ci il ekspediyası zamanı müəllimlərimizdən Həvil Həvilov, Adil İSadıqov, sonralar tanınmış arxeloq olan Əsədullar Cəfərov və bir də Leninqraddan daş dövrü ilə məşğul olan bir rus arxeoloqu da qazıntı işlərində iştirak edirdi. Məmmədəli müəllimə böyük hörmətlə yanaşır, ondan çox şey öyrənirdi. Yaxşı yeyib içən adam idi, sanki Qarabağın çaxır cəlləyini düşmüşdü.
Həmin yerlər işğal ediləndə mən Məmmədəli müəllimin necə ağır sarsıntılar keçirdiyini yaxından hiss edirdim və 1994-cü ilin iyul ayında elə həmin ağır sarsıntılar içərisində də bu dünyadan köçdü. İndi böyük alimin ruhun şad olsun. O yerlər təzədən Azərbaycana, həmin yurdların əsl sahiblərinə qayıdır. Azıx mağarası dünyanın ən qədim və ən böyük insan məskənlərindən biri kimi yadellilərdən qurtulur. Üzərindən 50 ilə yaxın bir dövr keçməsinə baxmayaraq o mənzərələr, kölgəsində dincəldiyimiz ağaclar, sərin bulaqlar, Azıx mağarasının azman sərdabələri unudulmaz bir peyzaj kimi indi də yaddaşımda qalmaqdadır. Azərbaycan ordusu tək bugünün tarixini yazmır, həm də 400 min illik bir tarixi xilas edir. Xilaskara eşq olsun!