Əli Əhmədov ABŞ səfirliyindən izahat tələb edir, Mübariz Qurbanlı isə sorğu göndərməyi vacib sayır
YAP-ın icra katibi Əli Əhmədov və onun müavini Mübariz Qurbanlı ABŞ və Böyük Britaniya səfirliklərinin öz ölkələrinin Azərbaycandakı vətəndaşlarına terror təhlükəsizliyi ilə bağlı etdiyi xəbərdarlığa münasibət bildiriblər. Ə.Əhmədov deyib ki, diplomatik korpusların xəbərdarlıq edərkən nəyə istinad etməsindən xəbərsizdir.
“Bu xəbərdarlığı yayanlardan nəyə, hansı əsaslara istinad etdiyini soruşmaq lazımdır. Kimlərinsə Azərbaycanda ictimai-siyasi sabitliyi laxlatmaq cəhdləri ola bilər, amma açıq şəkildə bildirmək istəyirəm ki Azərbaycanda nə ölkə vətəndaşları üçün, nə də Azərbaycanın qonaqları üçün hər hansı bir təhlükə üçün əsas mövcud deyil. Azərbaycandakı sabitlikdən həm ölkə vətəndaşları, həm də əcnəbi insanlar faydalanır. Əsası olmadan səsləndirilən bəyanatlara da hər bir Azərbaycan vətəndaşı öz münasibətini bildirməlidir”.
Mübariz Qurbanlı isə deyib ki, Milli Məclis ABŞ səfirliyinin Azərbaycandakı Amerika vətəndaşları üçün elan etdiyi terror təhlükəsi ilə bağlı səfirliyə sorğu göndərməlidir. O, deyib ki, ABŞ səfirliyi bu məsələyə aydınlıq gətirməlidir: “Onlar bu məlumatı haradan alıblar? Həmin açıqlama həm Azərbaycan vətəndaşlarını narahat edir, həm də Azərbaycana gəlmək istəyən xarici vətəndaşlara təsir göstərir. Onlar hansısa təhlükənin olduğunu zənn edib Azərbaycana gəlməyə bilərlər. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir”.