📌 Ukraynalı hərbi ekspert Aleksey Arestoviçin müharibə barədə analizi:
Dünən axşam Bakıda atəşfəşanlıq oldu, Madagiz yaşayış məntəqəsinin alınması qeyd olunurdu. Bu kiçik bir kənd deyil, “DQR”in müdafiə xəttinin 6-cı rayonun mərkəzidi və burada motoatıcı alay yerləşir. “Məğlubedilməz” erməni ordusu əfsanəsi məhv olmağa başlayır.
“Əfsanə”nin tərkib hissələri:
•Ermənilər öz vətənini qoruyan məğlubedilməz əsgərlərdi;
•Azərbaycanlılar döyüşə bilmir;
•Ermənistan müdafiəsi dağlarda atıcı artilleriyası və minalanmış sahələri olan beton möhkəmlənmələrdi.
Yəni qısacası, Azərbaycanın heç bir “şansı yoxdu”.
Amma azərbaycanlılar bununla razılaşmır.
20 il ərzində ölkə metodik şəkildə hərbi qüvvəsini strukturlaşdırıb, silahlandırıb, əsas gücü yüksək dəqiqlikli silahlara, Türkiyə və İsrail istehsalı PUA-lara və qoşunların döyüş hazırlığına yönəldib.
Və vaxtı çatdı.
Mümkünsüz məsələni Bakı 2 əsas və 1 köməkçi zərbə ilə həll edir:
- Tərtər (şimal)
- Füzuli (cənub)
- Murov aşırımları (köməkçi)
Bakının qüvvələrinin Murovdağa çıxışı “DQR”-ə Ermənistandan təchizat aparan 2 yoldan birini (şimal) artilleriya nəzarətində saxlayır və DQR müdafiəsinin şimal-şərq nöqtələrinə zərbə imkanı verir.
Bundan başqa Ermənistan tərəfinin bildirdiyinə görə Azərbaycan birbaşa Vardenizə zərbə endirib, bu isə Ermənistan tərəfində təchizat yolunun əvvəlidi. Beləliklə, “DQR”in şimal-şərq rayonları “silkələndi”.
Madagizin cənubundakı Ağdərə yaşayış məntəqəsi yarım-mühasirədədi.
Əgər azərbaycanlılar daha sonra Xeyvalini götürsə, müdafiənin şimal-şərq nöqtəsi çökəcək, şərqi isə ağır vəziyyətə düşəcək.
Bu istiqamətdə Azərbaycan SQ-nin 1 ordu korpusu fəaliyyət göstərir, dünən qələbəni o korpus qazandı.
📌 Keçək cənuba. İkinci ordu korpusu.
- Əsas zərbə istiqaməti Füzuli-Atsix.
- Köməkçi Baliyand – Hadrut
- Ara kəsici – İran sərhəddi boyunca.
Yoxlanması gərəkən bəzi məlumatlara görə, dünən Ermənistan tərəfi Horadizdəki Azərbaycan qüvvələrinə aviasiya zərbəsi endirib.
Əgər doğrudursa, bu qrup güman ki, Atsixi vurmalı olan qrup idi. Atsix-Ağdamın alınması qondarma respublikanın ərazisinin 4/5-ni, Ermənistan müdafiəsinin əsas hissəsini və ikinci (sonuncu) təchizat xəttini atəş nəzarəti altında qoyur.
📍 Bu isə son deməkdir.
Fikrimcə Azərbaycanın əsas hərbi planı budu – tamamilə aydın və məntiqli.
Bəs Azərbaycan bunu necə reallaşdırır?
İlk 3 sutka ərzində onların hücumları erməniləri mobilizasiyaya (oxu – xərclərin artmasına) və öz texnikasını Azərbaycan ordusunun zərbəsi altına çıxarmağa məcbur elədi. Sonra isə PUAların köməyi ilə rəqibi “yumşaltmağa” başladılar.
Belə halda gündüz hərəkətli hücumlar mütləqdir ki, rəqibi meydana çəkib hava zərbəsi endirilsin.
Rəqibi yumşaltmaq fazasının nəticəsində (3-6-cı günlər) rəqib texnikasının 15-30%-ni itirdi, dünən isə Azə (7-ci gün) aktiv hücuma keçdi və Madagizi ələ keçirdi.
Düşünürəm ki, yaxın bir neçə gün yenə “yumşaltma” fazası olacaq və yeni hücuma hazırlıq gedəcək.
Bu necə mümkün oldu? Niyə “məğlubedilməz” ermənilər geri çəkilirlər? Niyə yaratdıqları “əfsanə” puç olur?
Çünki əfsanə yaratmaq vacibdir, ancaq özünün onlara inanmağı təhlükəlidir.
DQR sərhəd xətti 300 km-dir, mobilizasiya potensialı isə 30 min nəfər. Məğlubedilməz ordu haqda istənilən qədər əfsanə yarada bilərsən, ancaq əgər cəbhənin hər kilometrinə cəmi 100 nəfər düşürsə, (dağlarda isə bəzən 1.5-6) güclü müdafiə qurmaq çətindir.
Bir çox hərbi ekspertlər düşünür ki, ermənilər gərək axmaqlıq etmədən müdafiənin ikinci, üçüncü xəttinə çəkilsinlər.
Ancaq xırda bir nüans var. Onların heç bir “ikinci, üçüncü müdafiə xətləri” yoxdu. Bəzi səbəblərə görə.
Əvvəla ermənilər heç cür bu varianta ciddi yanaşmayıblar, gərəksiz olduğunu düşünüblər. Birinci xəttin dayaq nöqtələrinin “keyfiyyəti” də bundan xəbər verir, orda əsas mühəndis vasitəsi kimi təkərlərdən istifadə olunub.
İşlək vəziyyətdə olan 3 müdafiə xətti qurmağı ancaq çox varlı və dissiplinli cəmiyyətlər bacarar, DQR-də isə bu keyfiyyətlər yoxdu.
📌 Niyə bunu nəzərə almayıblar? Çünki “məğlubedilməzdilər” və “azərbaycanlılar döyüşə bilmir”…
Ermənistanın ön xətdə əsas müdafiə nöqtələri kiçik 5-15-45 nəfərlik dayaq nöqtələrindən ibarət zəncirdir.
Əgər ermənilərin “müdafiəsi” olsaydı Azerbaycanlılar çətin ki, Tərtərdən Madagizə olan zonanı keçə bilərdilər.
Keyfiyyətsiz hazırlıqdan əlavə indi əsas həlledici rolu psixoloji amil oynamağa başlayıb: havadan sonsuz atışlar və rəqibin başının üstündə hündürlükdə olması – 5 gün ərzində ən ciddi döyüşçünün də əsəbləri korlanar.
Bu o deməkdir ki:
- Azerbaycanın strategiyası işləyir;
- Ermənistan müdafiəsi yorulub, öhdəsindən gəlmirlər artıq;
- Ermənilərin canlı və texnika itkisi döyüş bacarığını aşağı salıb;
- Ən başlıcası isə ermənilərin keçilməz müdafiə mifi elə mifdən başqa bir şey deyilmiş.
Əgər Azərbaycan tempi və təzyiqi saxlaya bilsə, Ermənistann nə gücü, nə də vasitələri çatmayacaq ikinci və üçüncü eşalonu təşkil eləməyə və ya həlledici əks hücuma keçməyə.
Bir müddət sonra onlar qısamüddətli cəhdlərlə açılan boşluqları doldurmağa çalışacaqlar, sonra isə müdafiə çökəcək. 🔥
Azərbaycan isə mövcud şərtlərdə çox dəqiq strategiya qurub. Bu səhərki Gəncə şəhərinə edilən zərbələr Ermənistanın diqqəti yayındırmaq cəhdlərinə başladığı kritik perioddur. Ancaq Gəncəni Azərbaycan SQ-nin 3-cü ordu korpusu qoruyur və onlar hərəkətə keçsə, Ermənistan üçün bu ağır problemə çevriləcək.
Əgər Bakı belə davam etsə, DQR müdafiəsi 10-14 günə çökəcək. Ermənistan ordusunun qatılması mümkündür ancaq zənnimcə belə olan halda Türkiyə SQ işə qarışacaq və məncə Yerevan bunu yaxşı bilir.
📌 Daha bir məqam – Azərbaycan hərbi kəşfiyyatı çox yaxşı işləyir.
Tək rəqəm və çəki olaraq yox, həmçinin fazalara görə də məlumatlar çox dəqiqdi və bu da kömək edir ki, başa düşəsən rəqib indi hansı fazadadı və növbəti fazanı nə vaxt başlamaq lazımdı.
Bir sözlə Azərbaycan və Türk həmkarları çətin şərtlər altında ən düzgün strategiya qurublar və mənəvi nəticə belədi ki, əgər istək varsa, alınması mümkün olmayan müdafiə və şərtlər yoxdur.
Azərbaycan mümkünsüzü həyata keçirməyin ideal nümunəsini göstərir.”
Tərcümə etdi İlkin Seyidzadə