Ermənilərin faciəsi uduzmaq deyil, bundan daha ağırdır

Şahvələd Çobanoğlu


Sülh həmişə qiymətlidir. Sülh və müharibə haqda bəlağətli sözlər bu haqda heç nə demir. Hətta müharibə edəndə də, qalib gələndə də sülhün vacibliyiuni unutmaq bədbəxtlikdir. Baxın, ermənilər nə etdilər… Təkcə Qarabağ istəməklə, başqa gücə arxalanıb Qarabağı almaqla sakitləşmədilər. Hətta daha 7 rayonu almaqla da sakitləşmədilər. Yanaşı yaşadıqları insanları, bütöv bir xalqı təhqir etdilər, yallı gedib acıq verdilər, ağır sözlər dedilər. İnqilab edəndə də, etməyən də eyni tərzi sərgilədilər. Xarici ölkələrdən adam gətirib bizim kəndlərə, evlərə soxdular. Qəlbimizin incə simi olan Şuşanı acığa paytaxt etdilər. Bircə doğru addımları, hətta sadəcə xoş mesajları olmadı. Hətta bu qədər işğal gerçəkliyindən sonra da nifrət püskürməkdən qalmadılar. İçində fərqli düşünən çox az sayda insanı da daşa basdılar, susdurdular…
Bununla öz faciələrini görmədilər…Amma bütün bunlar nə qədər ikrah doğursa da, onların əsl faciəsi deyildi…
Nədir ermənilərin faciəsi?
Erməni toplumu başqa bir dövlətin əli ilə qazandığı torpaqlardan yalançı bir xoşbəxtlik tapmışdı. Lakin bu da onun faciəsinin başlıca səbəbi deyil. Ən pisi odur ki, Ermənistan bununla başqa bir ölkənin hüquqsuz əsiri olmağı qəbul etdi. Bununla yaşadığı regionun gələcəyinə əngəl olmağa, Rusiyanın regionda ağalığını təmin etmək üçün bu qədər faciəvi rol oynamağa razı oldular. Bizi də zülmə, itkilərə, müharibəyə, çox pisliklərə qismət etdilər. Nəticədə sülh yenə də yoxdur…
Hətta bu gün müharibədəki uğursuzluqları olmasaydı belə, bütün bunlar erməni xalqının böyük faciəsidir. Hələ bunun daha ağır sonucu var. Rusiyanın quyruğundan səfalət və geriliyin daha ağır günləri var. İndi onlar özlərini o vəziyyətə gətiriblər ki, hətta Qarabağı könüllü qaytarmaq hüquqları da yoxdur. Üstəlik, onlar Ermənistanı da itirib…
Bu yolla davam etdikcə, bizi də ağrı və itkilərə, qəzəb və əzablara şərik etməkdə davam edirlər…
Biz düzgün baxışla yola çıxmışdıq. Bizim çoxunun zəif dediyi, Rusiyanın varlığına bircə ildən artıq dözə bilməyən liderimiz Əbülfəz Elçibəy deyirdi: “80 faizi azad etmişik, 20 faizi qalıb!” Yəni biz ağalığı qəbul etmirdik və etmirik. Tarix şahiddir ki, biz ilk gündən onlara açıq demişik ki, əl çəkin rusun imperiya oyunlarına alət olmaqdan, dost və qonşu olub yaşayaq… Hələ də bizdə münaqişənin haradan qaynaqlandığını, necə saxlanıldığını əksəriyyət bilir və dilə gətirir. Cəmiyyət olaraq heç vaxt 20 faizi azadlığa dəyişmək istəməmişik. Rusların sözü ilə oturub-duran Əliyevlər də xalqın bu mövqeyinin necə möhkəm olduğunu görüb, indiyəcən rusların Azərbaycana dönməsinə, 80 faizi də itirməyimizə yaşıl işıq yandırmayıb.
Elə indi də Putin “Rusiya başqa ölkələrin daxili işlərinə qarışmır” deyəndə bu dəfə hiylənin haradan çıxacağını düşünürük.
Çox şey Azərbaycan xalqının da əlində deyil, amma bu xalq rusların yenidən hansısa statusla Azərbaycana qayıtmasını istəmir. Ermənilər də bu istəyə bağlı olsaydı, sülh çoxdan gəlmişdi, yaxud sülh tezliklə gələr.