AXCP sədri Əli Kərimli cəbhə bölgəsində baş verən son hadisələrə münasibətini bildirib. Ə.Kərimli ordumuzun ilkin uğurlarının sevindirici olduğunu vurğulayıb. AXCP sədrinin sözlərinə görə, işgal altındakı torpaqlarını azad etmək Azərbaycanın haqqıdır:
İşğaldakı bütün ərazilərimiz azad edilməlidir
Erməni hərbi birləşmələrinin hücumuna cavab verən qəhrəman əsgər və zabitlərimiz artıq bir neçə kəndimizi işgaldan azad edib, bəzi strateji yüksəklikləri tutub. Bu barədə Müdafiə Nazirliyindən rəsmi məlumat yayılıb.
Məlumata görə, Füzuli–Cərbayaıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib.
Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
Erməni tərəfi də bir neçə mövqeni itirdiyini və canlı qüvvə tələfatı verdiyini rəsmən açıqlayıb.
Bu arada Ermənistan hökuməti və Dağlıq Qarabağdakı separatçı rejim hərbi vəziyyət və ümumi səfərbərlik elan edib. Azərbaycan tərəfi Ermənistanın hətta səfərbərlik elan etməklə bu münaqişəyə birbaşa qarışmasından onun işğalçılığını sübut edən fakt kimi beynəlxalq səviyyədə yararlana bilər və yararlanmalıdır.
İşgal altındakı torpaqlarını azad etmək Azərbaycanın haqqıdır, heç kim ona bu hüququndan istifadəyə mane ola bilməz və olmamalıdır.
Bütün varlığımızla ordumuzun yanındayıq, igid əsgər və zabitlərimizə böyük qələbələr arzulayırıq. Dualarımız onlar üçündür.
***
Dualarımız əsgər və zabitlərimiz üçündür.
Ordumuza qələbələr arzulayırıq.
Cəbhə boyu irimiqyaslı döyüşlər başlayıb. Rəsmi məlumata görə, erməni hərbi birləşmələri bu gün səhər saatlarında bütün cəbhə boyu ordumuzun mövqelərini və mülki yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Allahdan həlak olanlara rəhmət, yaralılarımıza şəfa diləyirik.
Ordumuz düşməni susdurmaq üçün cavab tədbiri görür. Rəsmi məlumatda deyilir ki, cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsinin, hərbi obyektlərinin və döyüş texnikasının, o cümlədən 12 ədəd “OSA” zenit-raket kompleksinin məhv edildiyi deyilir.
Ordumuza uğurlar və qələbələr arzulayırıq. Allah əsgər və zabitlərimizi qorusun. Dualarımız onlar üçündür.
AXCP sədri Əli Kərimli bu statusunu admin heyətinin köməkliyi ilə paylaşıb.