Son yenilənən məlumatları məqalənin əvvəlində oxuya bilərsiniz:
Erməni tabor komandiri məhv edildi
Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: “Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”.
***
Düşmənin 550 nəfərdən çox itkisi var
“Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür”.
Azərbaycan Müdafiə Nazirliyindən daxil olan məlumata görə, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: “ Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.
Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: “Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”.
***
Azərbaycan ordusunun itkiləri açıqlandı
Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırkı vaxtadək Azərbaycan Ordusunun bir neçə hərbçisi şəhidlik zirvəsinə ucalmış, bir neçə hərbi qulluqçu isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Füzuli, Tərtər, Qarabağ və Gəncə Hərbi prokurorluqlarında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 116.0.7 (müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə), 116.0.8 (hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddələri ilə cinayət işləri başlanmış, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.
Kütləvi informasiya vasitələrindən, həmçinin sosial media istifadəçilərindən rəsmi olmayan və dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsi xahiş olunur.
***
Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib
Qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuzun zərbələri nəticəsində anbarda baş verən partlayışlar videoda aydın müşahidə olunur.
***
Mülki əhalidən 19 nəfər xəstəxanalara yerləşdirilib
Baş Prokurorluğu cəbhədəki vəziyyətlə bağlı daha bir məlumat yayıb.
Məlumatda deyilir:
“Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam ediblər.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.
Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə tərəfimizdən xüsusi beynəlxalq tribunalın yaradılması üçün bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına müraciət ediləcək.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir”.
***
Murov zirvəsi azad olundu
Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.
Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.
***
Hərbi vəziyyət elan olundu
Bu gün Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilib.
Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib.
Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.
MN: “Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib”
Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
***
ATƏT-in hazırkı sədri, Albaniyanın Xarici işlər naziri Edi Rama Dağlıq Qarabağda hərbi əməliyyatların təcili dayandırılmasına çağırıb.
Rusiyanın SİTA agentliyi ATƏT-ə istinadən məlumat yayıb.
O bildirib ki, itkilərin sayı artmadıqca, tərəflər təcili atəşkəs rejiminə keçməlidir. Edi Rama ərazidəki nümayəndəsi Anji Kaspşikin tərəflərlə təmasda olduğunu da əlavə edib.
***
Azərbaycan ordusunun polkovnik-leytenantı Mehman Mirəziz oğlu Şirvanov həlak olub.
Bu barədə Mehman Şirvanovun qohumu jurnalist Azər Kazımzadə “Facebook” səhifəsində məlumat yayıb.
Mehman Şirvanov 1980-ci ildə Lənkəranda doğulub. Qohumu hərbçinin cənazəsinin bir neçə saatdan sonra rayona gətiriləcəyini deyir.
***
Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.
Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
***
Avstriya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında baş verən toqquşmalardan narahat olması haqqında açıqlama yayıb.
Bu barədə nazirliyin “Twitter” səhifəsində bildirilib.
“Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında baş verən toqquşmalardan çox narahatıq. Dondurulmuş münaqişələr sürətlə qızışa bilər. Avstriya hər iki tərəfi dialoqa qayıtmağa çağırır”, – deyə Avstriya XİN-in məlumatında qeyd olunub.
Oxşar bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi də yayıb.
Bildirilib ki, Gürcüstan tərəflər arasında atəşkəs haqqında razılığın əldə olunacağına ümid edir: “Tərəflərin danışıqlara qayıdacağı və bütün regionda təhlükəsizliyə təhdid olacaq genişmiqyaslı hərbi əməliyyatlardan çəkinəcəklərinə ümidvarıq”.
XİN ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatları eskalasiyanı dayandırmaq və konstruktiv dialoqa nail olmaq üçün bütün səyləri səfərbər etməyə çağırıb: “Gürcüstan bölgədə deeskalasiya və sülhü təşviq etməyə hazırdır”.
***
“Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”
“Ermənistan Silahlı Qüvvələrinin bu gün atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik”.
Bu açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami APA-ya bildirib.
Diplomat deyib ki, bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirir: “Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı veririk, yaralılara şəfalar diləyirik”.
Azərbaycan xalqı və Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcəkdir: “Bu müddətdə Türkiyə Azərbaycana tam dəstək verəcək. Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”.
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafında baş verən olaylarla bağlı açıqlama yayıb.
***
İşğal altında olan vacib yüksəkliklər azad edilib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.
Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Rüzgar kəndləri işğaldan azad edilib.
***
Ermənistan ordusu 10 hərbçisini itirib.
Bu barədə Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Şurasının katibi Samvel Babayan məlumat yayıb.
“Artsax istiqamətindəki döyüş əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 10 hərbçisi öldürüldü. 10 qurbanımız var. Söhbət ordudan gedir. Mülki yaralılarımız var, yaralılar arasında övladlarımız var”, – deyən S.Babayan günün sonunda əhatəli açıqlama verəcəyini bildirib.
O bildirib ki, erməni tərəfi 4-5 mövqe itirdi, lakin onları bərpa etmək imkanları var.
***
Azərbaycan Ordusunun şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib:
“Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib”.
***
Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Məlumatı Ermənistan mediası yayıb. Milli Təhlükəsizlik Şurasının iclasından sonra hökumətin toplantısı keçirilib. İclasda Ermənistan hökuməti hərbi vəziyyət və səfərbərlik elan edib.
***
“Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb”.
Müdafiə Nazirliyinin sentyabrın 27-də yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saat 6 radələrində genişmiqyaslı təxribat törədib və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub:
“Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib”.
Müdafiə Nazirliyi bildirir ki, mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir:
“Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür”.
Goranboy sakinlərinin verdiyi məlumata görə, səhərəyaxın atışma başlayıb. Onlara səs Tap Qaraqoyunlu kəndi tərəfdən gəlir: “Həmin kənddəki qadın və uşaqlar dünən kənddən çıxarılıb. Naftalana yerləşdirilib. Hələ də atışma davam edir. Naftalanda istirahət mərkəzlərində olanlar səsdən tezdən yığışıb evlərinə dönürlər. Əhali arasında panika var”.