Milli Şuranın sədri Cəmil Həsənli
Dünyanın qəribə işləri var. Dünənə qədər Ramiz Mehdiyevə məddahlıq edən, onu məqaləsi haqqında məqalənin özündən böyük tərifli məqalə yazan, Mehdiyevin elmi “dühasına” vəkillik edən Sərdar Cəlaloğlu bu günlərdə “AzerFreedom” kanalında “Əli Kərimli Ramiz Mehdiyevə vəkillik edir” adlı proqram aparır və Ramiz Mehdiyevin cinayətkar əməllərindən danışır. Deməli bu gün Ramiz Mehdiyə qarşı savaşın ön səngərinə girən Sərdar Cəlaloğlu baxın görün lap bu yaxınlarda Ramiz Mehdiyevin “Şah İsmayıl” məqaləsi haqqında necə “uzaqgedən” fikirlər irəli sürür. Bizlər Ramiz Mehdiyev vəzifədə olanda onu ən kəskin şəkildə ittiham edəndə görün Sərdar Cəlaloğlu Mehdiyev haqqında hansı qanadlı ifadələr işlədir, onu necə mədh edirdi. Bəyəm bu məqaləni yazanda Cəlaloğlu uşaq idi və Ramiz Mehdiyevin Rusiyanın adamı olduğun bilmirdi, indi ayılıb.
Və proqramın bir yerində də deyir ki, mən Ramiz Mehdiyevin məqalələrin oxuyanam? Axı, Sərdar Cəlaloğlu nəinki Ramiz Mehdiyevin məqalələrin oxuyub, həttə Mehdiyevin boş-boş, özünə aid olmayan fikirləri haqqında yekə bir məqalə də yazıb. Bilmirəm, bəlkə məqaləni kimsə onun adından yazıb çap etdirib, xəbəri yoxdur. Görün adam lap bu yaxınlarda, Ramiz Mehdiyev hələ vəzifədəykən nə yazırdı? “Bəri başdan deyim ki Şah İsmayıla həsr olunmuş məqalədə Ramiz Mehdiyev milli tarixçiliyimizə dartışılması belə mümkün olmayan, çox aydın və dəqiq yeni elmi metodologiya təqdim etmişdir. Yalnız bu metodoloji yanaşma ilə biz, Azərbaycan türkləri, öz tariximizi düzgün anlaya bilərik. Bu metodun novatorluğu və orijinallığı nədən ibarətdir? Bizim tariximizə iki baxış-şimalda rus baxışı, cənubda fars baxışı mövcuddur… Adətən bizim alimlər bir məqalədə yalnız fars müəlliflərinin əleyhinə yazanda özləri istəmədən də Azərbaycan tarixinə rus baxışını, əksinə rus-sovet alimlərinin əleyhinə çıxanda fars baxışının tərəfdarı vəziyyətinə düşürlər. Ramiz Mehdiyev bundan fərqli olaraq eyni zamanda, paralel olaraq fars və rus məktəblərinin yetirmələrinə cavab verməklə əslində tariximizə milli baxışın klassik nümunəsini ortaya qoyur.” Amma nədənsə Ramiz Mehdiyev vəzifədən gedəndən sonra yuxarıdakı fikrin müəllifi Sərdar Cəlaloğlu bəyan etdi ki, “hələ vəzifədə olanda “Vətənə xəyanət” edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib.”
Bu gün Əli Kərimlini Ramiz Mehdiyevə vəkillik etməkdə ittiham edən, Milli Şuranı Rusiya “bağlılıqda” günahlandıran Sərdar Cəlaloğlu Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin “Şah İsmayıl” məqaləsi haqqında görün nə yazırdı: “Ramiz Mehdiyev bu məqaləsində məhz elə yazarlarla diskussiyaya girir ki, heç bir mövqeyi olmayan bəzi «alimlər» bunu özlərinə yaraşdırmazlar. Ramiz Mehdiyev bəlkə də düşünülmüş şəkildə bir tərəfdən rus şovinizminin yetişdirməsi olan elmlər doktoru F.Əlkbərli adlı yazara, digər tərəfdən fars şovinizmin yetişdirməsi olan Gəncalp adlı yazarla diskusiya aparır elə bu diskussiyada hər iki müəllifi eyni metodla çavablandırmaqla özü «vahid azərbaycançılıq» mövqeyini ortaya qoyur. Mən, səmimi şəkildə bu metodu böyük ustalıq, elmi tapıntı kimi dəyərləndirirəm.” Ramiz Mehdiyevin bu “ustalığı” və “elmi tapıntısı” nə tez çıxıb Sərdar Cəlaloğlunun yadından.
Daha sonra Sərdar Cəlaloğlu yazır: “Əslində Şah İsmayılın kimliyi onun tarixi rolu haqqında yazdığı məqalədə Ramiz Mehdiyev heç bir rəsmi vəzifəsi olmayan alimlərin qorxudan danışmadığı və hətta bir çox müxalif liderlərin “siyasi uzaqgörənlik edərək” danışmadığı bir çox milli və dövlətçilik məsələlərinə Şah İsmayılın nümunəsində çox dəqiq, aydın və birmənalı şərh etmişdir. Ramiz Mehdiyev məqaləsində Şah İsmayılla milli kod kimi yanaşır və bu kodun müəyyənləşməsinə əsas verən keyfiyyətləri çox dəqiq ifadə edir…Ramiz Mehdiyev bu məqaləsində çox açiq şəkildə Azərbaycan türklərinin birliyi məsələsini bir daha gündəmə gətirir və bu ideyanın reallaşmasında Şah İsmayılı təqdir edir.” Yaxşı, bəs Sərdar Cəlaloğlunun təbirincə Mehdiyev bu qədər “vətənpərvər” olubsa, milli kodlaşdırmanın “banisidirsə”onun Rusiyanın adamı olması məsələsi harda qaldı?
Hələ bu harasıdır? O, bu gün ittiham etdiyi Ramiz Mehdiyev haqqında yazırdı ki, “Ramiz Mehdiyev bəzilərinin dövlətçilik tariximizin H.Əliyevdən, Elçibəydən, Rəsulzadədən başlanması ilə bağlı fikirlərini alt üst edərək Azərbaycan türkünün milli dövlətçilik tarixinin məhz Şah İsmayıldan başlandığını elmi şəkildə ortalığa qoyur… Haqlı sözə nə deyəsən. Bu, təkcə alim mövqeyi deyil, hər şeydən öncə, bir çox alimdə və siyasətçidə çatışmayan vətəndaş mövqeyidir.”
Sərdar Cəlaloğlu etiraf edir ki, O, “ilk dəfə Ramiz Mehdiyevin məqaləsində Şah İsmayılla şair Xətainin vəhdətini görüb. Və haqlı olaraq şair Xətainin Şah İsmayıla xidmət etdiyi fikrini ilk dəfə ondan eşitdib.” Bir – iki il bundan öncə çıxan bu tərifnamədə Sərdar Cəlaloğlunun Ramiz Mehdyevin “elmi dühasını”, “vətənpərvərliyini”, “milli kodlaşdırmanın banisi olmasını” vəsf edən əsl adminstrasiya rəhbərinə yaraşan “təkrarsız” ifadələri çoxdur. Yazının linkini şərh bölümünə qoyuram özünüz oxuyun.
Birincisi, Sərdar Cəlaloğlu Ramiz Mehdiyev haqqında mirzəlik edəndə və bu məqaləni yazanda, hələ ondan da əvvəl biz həm mətbuatda, həm sosial şəbəkələrdə, həm internet tv-lərdə açıq şəkildə qeyd edirdik ki, Şah İsmayıl hara, Ramiz Mehduyev hara? Bildirirdik ki, Şah İsmayıl, Nadir Şah kimi tarixi şəxsiyyətlər haqqında onun adından nəşr olunmuş kitab və məqalələrin Ramiz Mehdiyevə heç bir aidiyyəti yoxdur. İndi Sərdar Cəlaloğlu elə danışır ki, sankı Ramiz Mehdiyev haqqında yaxın keçmişdə yuxarıda qeyd edilən “qanadlı ifadələri” o, yox, Əli Kərimli və mən işlətmişəm. Məhəttəl qalmalı işdir Valla: adamın ya yaddaşı xarab olub, ya da…!