Azərbaycanda işgəncələrlə bağlı Milli Şuranın bəyanatı
Azərbaycan hakimiyyəti saxlanılan və həbs edilən şəxslərə qarşı fiziki zorakılıq və işgəncəni təəssüf ki, adi hala çevirib. Siyasi məhbus olan AXCP fəalları Aqil Məhərrəmli və Zamin Salayevin başına gələnlərlə bağlı bugünlərdə ictimailəşən məlumatlar bu problemi yenidən aktuallaşdırır.
Aqil Məhərrəmli Penitensiar Xidmətin 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Müalicə Müəssisəsində (“Tubzon”) saxlanılarkən gördüyü zorakılıq və işgəncələr barədə mediaya məlumat göndərə bilib. Məlumatlar göstərir ki, orada müalicə müəssisəsi adı altında işgəncə yuvası düzəldiblər. Aqil Məhərrəmli qeyd edir ki, “Tubzon”a guya COVİD19-a görə karantin məqsədilə salınsa da, orada eyni məqsədlə saxlanılan başqa məhkumlar kimi, hər hansı adekvat müalicə görməyib. Koronavirus xəstəsi kimi karantinə alınan məhkumarı bir otağa yığıb, saxlayıblar və bir-iki adi həb dərmanlar verməklə kifayətləniblər.
Ümumiyyətlə dustaqların müalicəsi üçün nəzərdə tutulan bu müəssisədə onlara işgəncə vermək şəfa qazandırmaqdan daha üstün və vacib bilinir, deyəsən. Aqil Məhərrəmli orada özünün və başqa dustaqların cərimə palatasına (“kars”a) salındığını, işgəncələrə məruz qaldığını nəql edir. Aqil Məhərrəmlinin özü 10 gün “kars”da saxlanılıb, yataqdan məhrum edilib, halı pisləşdiyi üçün həkim istəyi rədd olunub. “İnanın ki əsirlikdə olanlarla belə davranmırlar… Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırlar, tualet istəyənlərə isə “canın çıxsın…” cavabı verirlər”, – deyə Aqil Məhərrəmli bildirib.
Hazırda 7 saylı cəzaçəkmə müəssisəsində olan Zamin Salayev isə buna qədər saxlanıldıği 16 saylı müəssisədə fiziki zorakılığa məruz qaldığını ailəsilə danışığında xəbər verib. Onu özünə qarşı haqsızlığa etiraz və o zaman aclıq aksiyası keçirən Tofiq Yaqubluya dəstək olaraq aclıq elan etdiyi üçün döyüblər, hadisə ictimailəşəndən sonra isə 17 saylı müəssisəyə köçurublər, lakin burada da o, aclığı davam etdirdiyi üçün cərimə kamerasına (“kars”a) salınıb.
Bu dövrdə 14-15 iyul Qarabağ mitinqinə görə həbs edilən AXCP fəallarından bir çoxuna işgəncə verildiyi haqda da inandırıcı məlumatlar yayılıb. Bu yerdə narahatlığı artıran odur ki, əvvəllər əsasən polis idarə və bölmələrin, Qobustan qapalı həbsxanası ilə bağlı olan işgəncə xəbərləri indi bütün həbsxanalardan, hətta “Tubzon”dan və indiyədək işgəncə yeri kimi tanınmamış istintaq təcridxanalarından, inzibati həbs olunanların saxlanma məntəqəsindən də gəlir.
Belə bir mənzərə isə ölkədə işgəncənin dövlət siyasətinə çevrildiyini və bu siyasətin getdikcə daha dərinləşdiyini göstərir. Əslində, Azərbaycan xalqı da, dünya da bu siyasətin aydın təzahürünü ötən ilin 19 oktyabr mitinqində Milli Şura Koordinasiya Mərkəzinin üzvləri Əli Kərimli, İbrahim İbrahimli, Tofiq Yaqublu kimi ölkənin ən populyar siyasətçiləri və çox sayda başqa ictimai-siyasi fəallara ağır işgəncələr verilərkən görmüşdü. Baş verənlər diqtə edir ki, nə demokratik dünya, nə də Azərbaycan ictimaiyyəti Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasına görə arxayınlaşmamalıdır. Ölkədə uzun müddətli və inzibati siyasi həbslər, işgəncələr, COVİD19-dan sui istifadə hələ də aktual olaraq qalır.
Avropa İşgəncə Komitəsi, BMT-nin müvafiq orqanları, Avropa Şurası, Avropa Birliyi, ABŞ, bütövlükdə sivil dünya Azərbaycan hakikiyyətindən dövlət siyasətinə çevrilmiş işgəncəni durdurmağı tələb etməlidir. Azərbaycan xalqı da bu siyasətə qarşı daha ucadan, daha mütəşəkkil və qətiyyətlə etiraz etməli, ölkədə dövlət səviyyəsində işgəncənin kökünü kəsmək üçün yekdil iradə ortaya qoymalıdır.
Son olaraq, Azərbaycan hakimiyyəti unutmamalıdır ki, işgəncə və fiziki zorakılıq insanlıq əleyhinə cinayətdir və belə cinayətlərə görə məsuliyyətə cəlb edilmənin son müddəti yoxdur. Bu gün xüsusən də siyasi məqsədlə işgəncəyə rəvac və göstəriş verənlər və bu göstərişlərin icraçıları gec-tez qanun qarşısında cavab verəcəklər.