Milli Şuranın sədri Cəmil Həsənli
Təhsil Covid – 19-un ağır zərbə vurduğu ən geniş sahədir. Əslində, Azərbaycan təhsili pandemiyaya qədər də yaxşı vəziyyətdə deyildi. Yaxın keçmişə nəzər salsaq son illərdə rəsmi məlumata görə imtahana qatılan 84 min 589 nəfər XI sinif şagirdindən təxminən 52%-i “2” və “3” qiymətləri alıb. IX sinif buraxılış imtahanlarının nəticələri bundan daha bərbaddır. Yəni, 104 mindən çox IX sinif şagirdinin 60 faizdən çoxu Ana dili və Riyaziyyatdan “2” və “3” alıb. Amma bəzi müstəqil təhsil ekspertlərinin fikrincə bu rəqəm daha böyükdür və haradasa 70 faiz ətrafındadır.
Bu keçmiş idi, bəs bu gün təhsilin vəziyyəti necədir. Əvvəlcə, təhsilin maddi-texniki təminatına toxunub qeyd edək ki, təxminən 25 il əvvəl, 1995-ci ildə təhsil xərcləri ölkənin ÜDM-nun 41 faizindən artıq təşkil edirdisə, son illərdə bu 7 faizdən də aşağı düşüb. Hazırda ölkədə 5 min ibtidai və orta təhsil məktəbləri vardır. Ədalət naminə qeyd etməliyik ki, son 15-20 il ərzində 3700-ə qədər məktəbin yenidən tikilməsi və əsaslı bərpası mütərəqqi haldır. Lakin yaxşı bina, hələ yaxşı təhsil demək deyildir.
Hazırda orta məktəblərin I-IV siniflərində 650 min, V-XI siniflərində isə 737 min şagird təhsil alır. Toplan olaraq bu 1 milyon 387 min şagird deməkdir. Maraqlı cəhət orasıdır ki, ölkədə şagirdlərlə pensiyaçıların sayı təxminən bərabərdir. Pandemiya şəratində bu qədər şagirdi və ya onun heç olmasa yarısını onlayn, distant və digər yeni təhsil üsulları ilə əhatə etmək mümkündürmü? Ümumiyyətlə, Azərbaycan təhsili onlayn və distant təhsilə hazırdırmı? Çünki bu dediyimiz kimi 1 milyon 387 min uşağın taleyi deməkdir. Bu suala müsbət cavab vermək çətindir.
Niyə? Birincisi, ölkədə internetin sürəti kifayət qədər aşağıdır və həmin sürət, xüsusiylə kənd rayonlarında onlayn dərs keçməyə uyğun deyil. İkincisi, həmin onlayn dərsləri kim keçəcək? Özümüzü aldatmayaq. Azərbaycanın nəinki orta məktəb, hətta ali məktəb müəllimlərinin ən yaxşı halda yarıya qədəri onlayn dərs keçməyə hazır deyildir. Əlbəttə, yaş amili burada öz təsirin açıq-aydın hiss etdirir. Amma bununla belə heç bu adamları onlayn təhsil sisteminə hazırlayan da olmayıb. Ölkənin orta məktəb müəllimlərinin də yaşı az deyil, belə ki, bu şəbəkədə işləyən müəllimlərin 60 faizindən çoxunun yaşı 50 yaşın üstündədir. Amma burada heç yaş da mühüm deyil.
Məktəblərin kompyuter təchizatı və internetə qoşulmaq, müasir proqramlardan istifadə imkanları hansı səviyyədədir. Əlbəttə, Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdə bir neçə məktəbi çıxmaq şərtiylə vəziyyət acınacaqlıdır. Orta məktəblərdə dərs deyən 150-200 min ətrafında orta məktəb müəlliminin evindən və ya məktəbdən onlayyn dərs keçməsi üçün neçə faizinin fərdi və ya tədris kompyuteri var? Eyni dərəcədə onlayn tədrisə cəlb ediləcək orta hesabla 750 min şagirdin (şagirdlərin təxminən yarısının) neçə faizinin kompyuteri və ya tədris prosesinə qoşulmaq imkanı var? Axı, ailələrin xeyli hissəsi uzun illər öz uşaqlarına məktəbli forması, ayaqqabı, dərs ləvazimatı almağa çətinlik çəkirdi. İndi həmin ailələrin məktəbli uşaqlarına kompyuter almaq imkanı nə qədərdir? Bunlar araşdırılıbmı? Halbuki hazırda ABŞ və Qərb ölkələrində nəinki əsas fənləri, hətta fiziki tərbiyə dərslərin belə onlayn sistemə keçirə biliblər.
Virus təhlükəsi var deyib dərsləri dayandırmaq, məktəbi bağlayıb onlayn tədrisə keçirik deməklə iş düzəlmir. Bir-iki nümunə istisna olmaqla Azərbaycanda onlayn təhsil kimi bir şey yoxdur. Nə müəllim və şagirdlərin hazırlıq səviyyəsi, nə ümumilikdə məktəblərin innovasiya texnologiyaları ilə təchizatı buna imkan vermir. Bir çarə tapılmalıdır, 1 milyon 400 minə yaxın şagirdi təhsildən ayırmaq ağır milli, mənəvi və kulturoloji fəlakəətdir.