“Ermənistanın baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir”.
Azərbaycan Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş zamanı səsləndirib. (Bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyindən, müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb. Rusiya XİN bu görüşlə bağlı qısa məlumat verib. Orada Milli Məclisin S.Lavrova aid etdiyi sitatlar yer almayıb)
Milli Məclisin məlumatına görə, sentyabrın 21-dən Rusiyada rəsmi səfərdə olan S.Qafarovla bu görüş zamanı S.Lavrov həmçinin deyib: “Rusiya nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.
Milli Məclisin sədri isə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir: “Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir…”.
S.Qafarovanın fikrincə, münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. (1993-cü ildə dörd qətnamə qəbul edilib. Həmin qətnamələrdə işğal edilən ərazilərin boşaldılması istənilib-red.)
O deyib ki, “Ermənistanın baş naziri N.Paşinyanın… kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərti ilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin səylərini puç edir”.
Azadlıq radiosu