Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycanda ehtiyatda olan hərbi qulluqçuların təkrar xidmətə çağırılması ilə bağlı məlumatlar yayılır. Hətta bəzi sosial şəbəkə istifadəçiləri bunu qismən səfərbərlik kimi dəyərləndirir.
Bu məsələ ilə bağlı bu gün, sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də məlumat yayıb.
“”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”, – məlumatda yazılıb.
Müşavirədə nazirin tapşırıqları
Sentyabrın 19-da müdafiə naziri Zakir Həsənov da Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirmişdi.
Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar, Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi qarşı tərəfin vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. “Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır”, – deyə o qeyd edirdi.
Azadlıq radiosu